Son dövrlərdə Bakıda müşahidə olunan su qıtlığı və su təchizatı ilə bağlı problemlər müzakirələrə səbəb olub. Əhalinin sayının artması, iqlim dəyişikliklərinin təsiri və mövcud su ehtiyatlarına düşən yük paytaxtın içməli su təminatı məsələsini daha da aktuallaşdırıb.
Bakıda su böhranı ilə bağlı nə kimi tədbirlər görülə bilər?
Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov deyib ki, yayda Bakıda su qıtlığı hər il müşahidə olunur:
“Bunun əsas səbəblərindən biri mənbələrdə su ehtiyatlarının nisbətən azalmasıdır. Digər mühüm səbəb isə şəhərin özündə və ətraf ərazilərdə, xüsusilə də bağ sahələrində suya olan tələbatın kəskin artmasıdır. Təəssüf ki, son 30 il ərzində Bakı ətrafında bağ sahələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Abşeron yarımadasının təbii-iqlim şəraitinə uyğun olmayan ağac və bitki növləri əkilib, Azərbaycanın digər bölgələrində yetişən, daha çox su tələb edən bitkilər burada becərilməyə başlanıb. Bu da şəhərdə su istehlakını artıraraq su qıtlığını daha da dərinləşdirib”.
R.Abbasovun fikrincə, mövcud vəziyyətdə suya qənaət edilməsi vacibdir:
“İlk növbədə əhalinin içməli su ilə təminatı təmin olunmalıdır. Bağ sahələrinin sahiblərinə isə suya tələbatı yüksək olan əkinlərin həcmini azaltmaq tövsiyə oluna bilər.
İçməli su ilə bağların suvarılması eyni tariflə qiymətləndirilməməlidir. Bağların suvarılması üçün istifadə olunan suya daha yüksək tarif tətbiq oluna bilər. Bu, həm sudan daha səmərəli istifadəyə təşviq edər, həm də quraq iqlimə malik Bakı və Abşeron ərazisində su ehtiyatlarının qorunmasına xidmət edər. Bununla yanaşı, mənzil və fərdi evlərdə də sudan daha qənaətlə istifadə olunmalıdır”.
R.Abbasov onu da əlavə edib ki, qısa müddətdə mövcud infrastrukturla bu problemi tam aradan qaldırmaq mümkün deyil:
“Lakin uzunmüddətli perspektivdə dövlət tərəfindən həyata keçirilən su təchizatı layihələri tamamlandıqca Bakının su təminatının yaxşılaşacağı və mövcud problemlərin tədricən azalacağı gözlənilir”.
