image-siqaretbackend

Azərbaycanda ən çox bu 4 rayonda siqaret çəkirlər

Sosioloq: “Çox vaxt insanlar siqaretin yaratdığı maddi və mənəvi zərərləri düzgün qiymətləndirmirlər”

Azərbaycanda tütün məmulatlarına (siqaretə) ən çox Dağlıq Şirvan iqtisadi rayonunda – Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında yaşayan şəxslər tərəfindən pul xərclənir.

Referans xəbər verir ki, rəsmi məlumata görə, Dağlıq Şirvan iqtisadi rayonunda bir nəfərin ay ərzində siqaret üçün sərf etdiyi vəsait orta hesabla 15,5 manata bərabərdir.

Bu məbləğ adambaşına düşən orta aylıq istehlak xərclərinin 4,3%-ni təşkil edir. Bu, həmçinin sözügedən rayonlarda təhsilə çəkilən xərclərdən təxminən 3 dəfə çoxdur. Belə ki, Dağlıq Şirvan iqtisadi rayonunda yaşayan insanların adambaşına düşən aylıq təhsil xərci 5,3 manatdır ki, bu da ümumi istehlak xərclərinin 1,5%-nə bərabərdir.

Qeyd edək ki, Azərbaycanda Abşeron-Xızı iqtisadi rayonu istisna olmaqla, digər iqtisadi rayonlarda tütün məmulatlarına sərf olunan vəsait təhsilə sərf olunan vəsaitdən çox olub. Oraların deputatlarından biri ilə danışmaq. Hesabla bu rayonlar təsərrüfatla məşğul olurlar. Siqaret çəkməyə çox vaxt olmamalıdır  və s.

Araşdırmaçı, sosioloq Məhbubə Mehdiyeva “Yeni Müsavat”a şərhində təsdiq etdi ki, Şirvan iqtisadi rayonunda – Ağsu, İsmayıllı, Qobustan və Şamaxı kimi ərazilərdə siqaret istifadəsinə maraq böyükdür. O qeyd etdi ki, rəsmi rəqəmlər bu bölgədəki insanların siqaretə çox pul xərclədiyini göstərir: “Bəzi yerlərdə isə bir çox adam gündə üç qutu siqaret çəkir. Bu həm sağlamlıq, həm də maliyyə baxımından çox ciddi problemlər yaradır. Bu ərazilərdə siqaret yalnız bir vərdiş deyil, həm də sosial və psixoloji funksiyalara malikdir. İnsanlar siqareti bir çox hallarda rahatlıq, sakitlik, və ya sosial mühit yaratmaq üçün çəkirlər. Bu, kənd həyatında siqaret bəzən kişinin gücünü və “yetkinliyini” simvolizə edir. İnsanlar əsasən fiziki əmək və kənd təsərrüfatı ilə məşğuldurlar. Bu isə həm fiziki, həm də emosional yorğunluğa səbəb olur. Siqaret, adətən, bu yorğunluğun və stressin aradan qaldırılması üçün bir vasitə kimi istifadə edilir. Təəssüf ki, bu bölgələrdə insanların asudə vaxtını yaxşı şəkildə keçirmələri üçün lazımi imkanlar azdır. Kitabxana, idman zalı və ya psixoloji dəstək kimi fəaliyyətlər çox məhduddur. Bu da insanların boş vaxtlarını siqaretlə doldurmasına səbəb olur. Maariflənmə də hələ ki çox zəifdir. Çox vaxt insanlar siqaretin yaratdığı maddi və mənəvi zərərləri düzgün qiymətləndirmirlər. Bir çox ailənin büdcəsi üçün çox əhəmiyyətli olan bu xərc, uzunmüddətli yoxsulluq və iqtisadi sıxıntılarla nəticələnə bilər. Psixoloji amillər də nəzərə alınmalıdır. Uşaqlıqda yaşanan travmalar, ailədaxili problemlər və ümumi həyatla bağlı məyusluqlar siqaretə olan marağı artırır. Siqaret burada sadəcə nikotin deyil, həm də bir növ “emosional dəstək” funksiyasını yerinə yetirir”.

Psixiatr-narkoloq, psixiatrik və narkoloji klinikanın rəhbəri Ruslan İsayev bu günlərdə bildirib ki, siqareti tərgitmək üçün ən effektiv üsul psixoterapiya və medikamentoz (dərmanla) dəstəyin birgə tətbiqidir. Ekspertin sözlərinə görə, siqaretdən imtina edən şəxs təkcə nikotinə olan fiziki asılılıqla deyil, eyni zamanda gündəlik həyatına inteqrasiya olunmuş emosional və davranış modelləri ilə də üzləşir: “Buna görə də təkcə, nikotin əvəzedici vasitələrlə-məsələn, saqqız və ya elektron siqaretlə mübarizə aparmaq adətən uzunmüddətli nəticə vermir.

Siqareti atmaq birdəfəlik qərar deyil, bu bir prosesdir.

Ən düzgün yol həkimə müraciət etməkdir, çünki yalnız mütəxəssis uyğun dərman müalicəsini təyin edə və psixoloji dəstək göstərə bilər. Nikotin əvəzedici terapiyaya plastırlar, saqqızlar, inhalyatorlar və xüsusi tabletlər daxildir. Bu vasitələr nikotindən imtina zamanı ortaya çıxan “lomka” simptomlarını (yəni çəkilmə sindromunu) azaltmağa kömək edir. Lakin bu vasitələrin dozası və istifadəsi fərdi olmalıdır. Özbaşına istifadə halları ya dozanın artıq olması, ya da effektin olmaması ilə nəticələnə bilər”.

R.İsayev qeyd edib ki, eyni zamanda həkim tərəfindən yüngül antidepresantlar və ya sakitləşdirici dərmanlar da təyin oluna bilər, bu da keçid dövrünü daha asan keçməyə yardım edir: “Lakin hətta ən düzgün seçilmiş dərmanlar belə psixoloji asılılıqla iş aparılmadıqda kifayət etmir. Bu səbəbdən psixoterapiya ilə yanaşı tətbiq edilməlidir. Qeyd edək ki, son araşdırmalar elektron siqaretlərin düşündüyümüzdən daha təhlükəli olduğunu göstərib. 250 min nəfərin iştirak etdiyi genişmiqyaslı tədqiqat veyplərlə xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) arasında birbaşa əlaqə olduğunu ortaya çıxarıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki