Azərbaycanda müəllimlərlə bağlı TƏCİLİ qərar verildi

Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin saytlarından müəllimlərin şəkilləri çıxarılıb.

Referans Media bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məktəblərə göstəriş verilib.

Məlum olub ki, müəllimlərin şəkillərinin məktəb saytlarından çıxarılmasına təhsil işçilərinin nüfuzunu aşağılamağa yönəlmiş addımlar səbəb olub.

Belə ki, bu yaxınlarda Bakıdakı 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinin şəkillərini saytlardan götürən naməlum şəxslər onların üzərində qeyri-etik məzmunlu dəyişikliklər edərək sosial şəbəkələrdə paylaşıb və lağ obyektinə çeviriblər. Müəllim nüfuzuna ciddi zərbə vuran qanunsuz əməllərin kimlər tərəfindən edildiyi hazırda araşdırılır.

Beləliklə, son hadisələr məktəbləri öz müəllimlərinin şəkillərini gizlətməyə məcbur edib. Hazırda Bakıdakı heç bir məktəbin saytında nə direktor və müavinlərin, nə də pedaqoji heyət üzvü olan müəllimlərin şəkilləri qalır. Bəzi təhsil ocaqlarının saytında hətta müəllimlərin şəkillərilə yanaşı, onların ad-soyadlarını belə silməyə məcbur qalıblar.

Bəzi iddialara görə, sosial şəbəkələrdə müəllimlərin şəkilllərilə bağlı qarşı qeyri-etik hərəkətlər edənlər arasında yuxarı sinif şagirdləri də var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki