Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb və artıq müzakirələr aparılır. Layihə beynəlxalq təşkilatlarla razılaşdırılır və standartlara uyğunlaşdırılır. Gözlənilir ki, yaxın müddətdə ilk oxunuşa təqdim oluna bilər. Sistem vətəndaşların sosial müdafiəsini gücləndirmək və daha geniş pensiya təminatı yaratmaq üçün nəzərdə tutulub.
Referans Media-ya açıqlama verən iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər İnzibati Cəmiyyəti İdarəyətinin sədri Vüqar Oruc bildirib ki, Azərbaycan üçün ilk olaraq könüllü qoşulma sistemi tətbiq olunacaq. “Bu həm insan hüquqları baxımından, həm də vətəndaşların öz seçim imkanlarını təmin etmək baxımından məqsədəuyğundur. Vətəndaş könüllü olaraq fonda qoşulacaq və istədiyi zaman imtina edə bilər,” – deyə Oruc vurğulayıb.
Oruc əlavə edib ki, özəl fondlarda vəsaitlərin alınma yaşı dövlət pensiya yaşından fərqli ola bilər. “Məsələn, dövlət pensiyası 64-65 yaşda verilirsə, özəl fondlarda 55-60 yaş aralığı müəyyən edilə bilər. Dövlət tərəfindən verilən bonuslar və güzəştlər fonda müraciət edənləri stimullaşdırır. Vətəndaş vəsaiti erkən götürərsə, bonuslardan məhrum olur, amma yalnız yığılmış məbləği götürmək imkanı qalır,” – deyə ekspert açıqlayıb.
Oruc bildirib ki, sistem dövlət pensiya fonduna alternativ deyil, yalnız onu tamamlayıcı xarakter daşıyacaq. “Dövlət öz sosial vəzifələrini yerinə yetirəcək, sadəcə paralel şəkildə fondlar fəaliyyət göstərəcək. Sistem vətəndaşların sosial-maddi rifahını gücləndirmək, iş qabiliyyətini qorumaq və pensiya dövründə rifahını təmin etmək üçün dəstək xarakteri daşıyır. Həmçinin bu fondlar iqtisadi fəallığın artmasına, investisiyaların mövcudluğuna və ölkə iqtisadiyyatına töhfə verə bilər,” – deyə Oruc əlavə edib.
Ekspert həmçinin qeyd edib ki, fondlar bəzən kreditlərin verilməsi ilə də məşğul olur ki, bu da iqtisadiyyata əlavə töhfə hesab edilə bilər. “Sistem vətəndaşlara öz yükünü öz öhdəsinə buraxmaq imkanı verir. Minimal yığım məbləği və ya iştirak müddəti qanunla tənzimlənəcək. Vətəndaşların büdcə planlamasına müdaxilə edilməməsi və sərbəst qərar verməsi daha əlverişli olacaq,” – deyə Oruc vurğulayıb.
Gülnaz Abdullazadə
