Azərbaycanda dəbdəbəli toy və yas mərasimlərinə çəkilən yüksək xərclər, eləcə də bu tədbirlərdə israfçılığın qarşısının alınması məsələsi müzakirə olunur. Bəzi hallarda mərasimlərə yüzlərlə qonaq dəvət edilir və böyük məbləğlər xərclənir. Bu baxımdan qonaq sayına limit qoyulması və dəbdəbənin məhdudlaşdırılması təklifləri də gündəmə gəlir. Bəs belə addımlar sosial bərabərsizliyin azaldılmasına nə dərəcədə təsir edə bilər?
Referans Media-ya açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, toylara limit qoyulması və müəyyən məhdudiyyətlərin tətbiqi Azərbaycan cəmiyyətinin ənənələri baxımından o qədər də uyğun yanaşma deyil.
Onun sözlərinə görə, azərbaycanlılar üçün toy mərasimlərində kütləvi iştirakın təmin edilməsi, çoxsaylı qonaqların, dostların və yaxınların bir araya gəlməsi əsas məqsədlərdən biridir. Bu baxımdan qonaq sayına limit qoyulması Azərbaycan toy ənənələrinə müdaxilə kimi qiymətləndirilə bilər.
Sosioloq qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması baxımından toyların kütləvi keçirilməsi ilə yanaşı, onların daha sadə və əlçatan olmasına, iştirakçıların daha geniş sosial təbəqələri əhatə etməsinə də diqqət yetirilməlidir.
N. Niftəliyevin fikrincə, müəyyən ərazilərdə, xüsusilə şəhərlərdə toyların keçirilmə saatlarına və şəraitinə məhdudiyyətlər qoyula bilər. Lakin bu məhdudiyyətlər bütün toy mərasimlərini əhatə edən ümumi qaydaya çevrilməməlidir. Çünki belə müdaxilələr ailə həyatına, insanların şəxsi seçimlərinə və azadlıqlarına təsir göstərir.
Sosioloq vurğulayıb ki, böyük toy mərasimlərinə məhdudiyyət qoyulması özlüyündə sosial ədaləti təmin etmir. Onun sözlərinə görə, sosial ədalət insanların sosial vəziyyətindən asılı olaraq müvafiq xidmətlərin göstərilməsi, məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması və peşə hazırlığının gücləndirilməsi kimi tədbirlərlə təmin oluna bilər.
O bildirib ki, toy mərasimlərinə müdaxilə etməklə sosial bərabərliyi və rifahı təmin etmək çətin məsələdir. Bunun əvəzinə müəyyən ərazilərdə vergi mexanizmlərindən istifadə etməklə, toyların keçirilmə saatlarını məhdudlaşdırmaqla və şadlıq evlərini daha əlverişli ərazilərdə yerləşdirməklə bəzi problemlərin həllinə nail olmaq mümkündür.
Naib Niftəliyev əlavə edib ki, toy və yas mərasimlərinə məhdudiyyətlərin tətbiqi cəmiyyət tərəfindən birmənalı qarşılanmaya və yeni problemlər yarada bilər.
Sosioloqun fikrincə, israfçılığın qarşısını almaq üçün sərt məhdudiyyətlər tətbiq etməkdənsə, daha praktik tədbirlərə üstünlük verilməlidir. O, bu istiqamətdə ehtiyacı olan insanlara dəstək məqsədilə müxtəlif kampaniyaların təşkilini və toy mərasimlərində qənaətcilliyin milli-mənəvi dəyərlərlə uzlaşdırılmasını daha məqsədəuyğun hesab edir.
N. Niftəliyev düşünür ki, bu istiqamətdə həyata keçirilən addımlar insanların şəxsi seçimlərini məhdudlaşdırmaq əvəzinə, israfçılığın azaldılmasına və sosial məsuliyyətin gücləndirilməsinə yönəlməlidir.
Gülnaz Abdullazadə
