Pensiya kapitalınızla bağlı bu detalı gözdən qaçırmayın: pensiyaya təsir edəcək?

Pensiya kapitallarında müşahidə olunan müvəqqəti dəyişikliklər gələcək pensiya məbləğinə təsir göstərə bilərmi? Belə texniki dəyişikliklərin vətəndaşların pensiya hüquqlarına və yığımlarına təsir etməməsi üçün hansı mexanizmlər mövcuddur?

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc pensiya kapitallarında müşahidə olunan dəyişikliklərin gələcək pensiya məbləğinə mümkün təsirlərini və vətəndaşların pensiya hüquqlarının qorunması mexanizmlərini şərh edib.

Vüqar Orucun sözlərinə görə, pensiya kapitallarında baş verən dəyişikliklərin gələcək pensiya təminatına təsiri ilk növbədə həmin dəyişikliklərin səbəbindən və xarakterindən asılıdır. Əgər dəyişikliklər informasiya sistemində aparılan texniki yenilənmə, məlumatların dəqiqləşdirilməsi və ya hesablama prosesində yaranan müvəqqəti uyğunsuzluqlarla bağlıdırsa, bu, avtomatik olaraq vətəndaşın pensiya kapitalının real azalması kimi qiymətləndirilməməlidir.

AQC sədri bildirib ki, fərdi hesabda qeydə alınmış kapitalın faktiki məbləğində dəyişiklik baş verərsə və bu dəyişiklik aradan qaldırılmazsa, gələcək pensiyanın hesablanmasına təsir göstərə bilər. Buna görə də elektron kabinetdə görünən göstəricilərin düzgünlüyü, dəyişikliklərin səbəbləri və hüquqi əsasları aydın şəkildə izah edilməlidir.

“Pensiya kapitalı vətəndaşın əmək fəaliyyəti dövründə formalaşan sosial təminatının mühüm tərkib hissəsidir. İnsan əmək fəaliyyəti boyunca sosial sığorta sisteminə ödənişlər edir və gələcəkdə qanunvericiliklə müəyyən edilmiş qaydada pensiya təminatı əldə etməyi gözləyir. Bu baxımdan fərdi hesablarda məlumatların düzgünlüyü və şəffaflığı xüsusi əhəmiyyət daşıyır. Hər hansı texniki dəyişiklik və ya hesablama uyğunsuzluğu vətəndaşın qanuni hüquqlarının pozulmasına səbəb olmamalıdır”, – deyə Vüqar Oruc qeyd edib.

Onun fikrincə, belə halların qarşısının alınması üçün fərdi hesablar üzrə məlumatların dəyişmə tarixçəsi saxlanılmalı, hesablama və indeksləşdirmə proseslərinə nəzarət gücləndirilməli, mümkün texniki xətalar operativ şəkildə aşkarlanaraq aradan qaldırılmalıdır. Eyni zamanda, vətəndaşların öz pensiya kapitallarında baş verən dəyişikliklərin səbəbləri barədə aydın və əsaslandırılmış məlumat əldə etməsi təmin olunmalıdır.

AQC sədri vurğulayıb ki, texniki xəta nəticəsində yanlış göstərici qeydə alındıqda onun araşdırılması və müvafiq düzəlişlərin aparılması üçün effektiv mexanizm mövcud olmalıdır. Vətəndaşların müraciətlərinə vaxtında baxılması və onlara əsaslandırılmış cavabların verilməsi də sosial müdafiə sisteminə etimadın qorunması baxımından vacibdir.

“Əsas məsələ elektron sistemdə hansı rəqəmin görünməsi ilə məhdudlaşmır. Vacib olan həmin göstəricinin düzgün hesablanması, dəyişikliklərin hüquqi əsaslara söykənməsi və vətəndaşın pensiya hüquqlarının qorunmasıdır. İnformasiya sistemlərində aparılan texniki yenilənmələr sosial sığorta məlumatlarının dəqiqliyinə xələl gətirməməli, hər hansı uyğunsuzluq yarandıqda isə onun aradan qaldırılması təmin edilməlidir”, – deyə Vüqar Oruc bildirib.

AQC sədri hesab edir ki, pensiya kapitallarının uçotunda şəffaflığın artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaşların vaxtında məlumatlandırılması həm sosial təminat hüquqlarının qorunmasına, həm də pensiya sisteminə ictimai etimadın möhkəmləndirilməsinə xidmət edir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki