Bu şəxslərə 6 000 manat verilir

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlar və bu kateqoriyadan olan şəxslər ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Bu ödəniş onların əmək fəaliyyətinə başlaması zamanı maddi dəstəklə təmin olunmasını və cəmiyyətə inteqrasiyasını təşviq etməyi hədəfləyir.

Referans Media xəbər verir ki, Sfera.az-ın araşdırmasına görə, müvafiq müavinətin məbləği 6 000 manatdır. Ödəniş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş şəxslər kateqoriyasına valideynləri vəfat etmiş, məlum olmayan, valideynlik hüquqlarından məhrum edilmiş və ya hüquqları məhdudlaşdırılmış, eləcə də qanunda nəzərdə tutulan digər səbəblərlə valideyn himayəsindən məhrum qalmış şəxslər daxildir. Müavinətin təyin olunması üçün şəxsin müvafiq kateqoriyaya aid olması və ilk dəfə işə düzəlməsi əsas şərtlərdəndir.

Müavinət almaq hüququ yaranan şəxslər yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzlərinə və ya müvafiq vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilərlər. Müraciət zamanı şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, valideynlərin statusunu təsdiq edən sənədlər və konkret haldan asılı olaraq digər sənədlər tələb oluna bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki