Ər və ya arvaddan biri vəfat etdikdə sağ qalan həyat yoldaşının pensiya hüquqları, mərhumun pensiya kapitalının taleyi və həmin vəsaitin varislərə ödənilməsi məsələsi maraq doğurur. Bəs sağ qalan həyat yoldaşı öz pensiyası ilə mərhumun pensiyası arasında seçim edə bilərmi və fərdi hesabda toplanmış pensiya kapitalını birdəfəlik götürmək mümkündürmü?
Referans Media-ya açıqlama verən hüquqşünas Elnur Məmmədov bildirib ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa əsasən, ər və ya arvaddan biri vəfat etdikdə sağ qalan həyat yoldaşı qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ əldə edə bilər.
Onun sözlərinə görə, şəxsin eyni zamanda iki növ əmək pensiyası almaq hüququ yarandıqda, seçimi əsasında ona yalnız bir növ əmək pensiyası təyin edilir. Lakin bu, mərhumun aldığı pensiyanın avtomatik olaraq tam məbləğdə sağ qalan həyat yoldaşına keçməsi demək deyil.
Hüquqşünas qeyd edib ki, mərhumun fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalının tam və ya müəyyən hissəsinin vərəsələr tərəfindən birdəfəlik götürülməsi qanunvericilikdə ümumi qayda olaraq nəzərdə tutulmur. Həmin kapital bank əmanəti və ya sərbəst miras əmlakı hesab edilmir, pensiya təminatı mexanizmi çərçivəsində nəzərə alınır.
Elnur Məmmədovun sözlərinə görə, sağ qalan həyat yoldaşı ailə başçısını itirməyə görə əmək pensiyasını seçdikdə, onun öz fərdi hesabında formalaşmış pensiya kapitalı avtomatik olaraq silinmir və mərhumun hesabına köçürülmür. Bununla belə, həmin kapitalın şəxsə və ya onun vərəsələrinə birdəfəlik pul vəsaiti kimi ödənilməsi üçün ümumi hüquqi əsas mövcud deyil.
Beləliklə, qanunvericilik müəyyən şərtlərlə pensiya növünü seçmək hüququ tanısa da, pensiya kapitalının sərbəst şəkildə nağdlaşdırılmasını və ya adi vərəsəlik qaydasında bölüşdürülməsini nəzərdə tutmur.
Gülnaz Abdullazadə
