Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyandan iqtisadiyyat və xarici siyasətlə bağlı bəzi qərarları yenidən nəzərdən keçirməyi tələb edir.
Referans Media Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Moskva Rusiya kapitalının maraqlarına zidd addımların, o cümlədən “Rusiya Dəmir Yolları” və “Qazprom”la bağlı qərarların dayandırılmasında israr edir. Bundan başqa, Rusiya Ermənistan ərazisindəki 102-ci hərbi bazanın fəaliyyətinə müdaxilə edilməməsini, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətinə yenidən baxılmasını və Rusiyaya yaxın siyasətçilərə qarşı təqiblərin dayandırılmasını istəyir.
Nəşrin məlumatında daha bir tələbin Moskva üçün məqbul hesab edilən şəxsin Ermənistanın baş nazirinin müavini vəzifəsinə təyin olunması olduğu bildirilir.
“Hraparak” Paşinyanın “Rosatom” və “Rusiya Dəmir Yolları” rəhbərləri ilə son təmaslarını İrəvanın Moskva ilə münasibətlərdə müəyyən güzəştlərə getməyə hazır ola biləcəyinin mümkün göstəricisi kimi dəyərləndirir.
