Türkiyədə televiziya serialları artan istehsal xərcləri və dəyişən izləyici vərdişləri səbəbindən çətin dövr yaşayır. Serialların bir bölümünün çəkiliş xərci 25 milyon lirəyədək yüksəlib.
Referans Media xarici mətbuata istinadən xəbər verir ki, istehsal xərclərinin artması, reklam gəlirlərinin azalması və televiziya yayımçılığında baş verən dəyişikliklər sektorun əsas problemlərinə çevrilib.
Türkiyə mətbuatının məlumatına görə, televiziya kanallarının reklam gəlirlərindən əldə etdiyi pay 18 faizə qədər geriləyib. Xərclərin artması fonunda gəlirlərin eyni səviyyədə yüksəlməməsi isə serialların maliyyələşdirilməsini çətinləşdirir.
Məlumata əsasən, son üç ildə televiziya ekranlarında yayımlanan türk seriallarının sayı təxminən 40 faiz azalıb. Bu vəziyyətə həm istehsal xərclərinin artması, həm də tamaşaçıların izləmə vərdişlərinin dəyişməsi təsir göstərib.
Prodüser Cemil Yavuz pandemiyadan sonra televiziya ilə rəqəmsal platformalar arasındakı balansın dəyişdiyini bildirib. Onun sözlərinə görə, rəqəmsal platformaların geniş yayılması tamaşaçıların istədikləri məzmunu özlərinə uyğun vaxtda izləmək vərdişini gücləndirib. Valyuta məzənnələrindəki dəyişikliklər də çəkiliş xərclərinin artmasına səbəb olub.
Yavuz həmçinin Yaxın Şərq ölkələrinin öz televiziya istehsalına daha çox diqqət ayırmasının türk seriallarının ixracına təsir etdiyini vurğulayıb.
Sektordakı iqtisadi çətinliklər fonunda televiziya ekranlarında reytinq mübarizəsi də davam edir. “Box Office Türkiye”nin TİAK məlumatları əsasında açıqladığı 5-11 oktyabr tarixlərini əhatə edən ABC1 reytinq siyahısında TRT 1 kanalında yayımlanan “Taşacak Bu Deniz” serialı 9,79 reytinqlə ilk sırada qərarlaşıb.
“Sevdan Bir Ateş” 8,16, “Uzak Şehir” 7,92, “Tuzlu Kahve” isə 7,57 reytinqlə növbəti yerləri tutub. “Yeraltı”, “Daha 17”, “Ömür Usta” və “Kızılcık Şerbeti” də həftənin diqqət çəkən layihələri arasında yer alıb.
