Əhaliyə və aidiyyəti qurumlara TƏCİLİ XƏBƏRDARLIQ: İstanbul fəlakəti Bakıda...

Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları və fırtınanın ciddi fəsadlara, o cümlədən insan tələfatına səbəb olması kəskin hava hadisələrinə hazırlıq məsələsini yenidən gündəmə gətirib. Belə təbiət hadisələri şəhərlərin infrastrukturu, kanalizasiya sistemləri və nəqliyyatın fəaliyyəti üçün ciddi problemlər yarada bilər. Bəs yaxın günlərdə Azərbaycanda da güclü yağış və fırtına gözlənilirmi və ölkəmiz bu cür hadisələrə nə dərəcədə hazırdır?

Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, hazırda Azərbaycanda güclü fırtına və kəskin soyuma gözləmir. Onun sözlərinə görə, ölkə hazırda isti hava cərəyanlarının təsiri altındadır və bu hava kütlələri əraziyə toz da gətirib.

Ekoloq qeyd edib ki, yaxın vaxtlarda havaların soyuyacağını və fırtına olacağını ehtimal etmir. Bununla belə, İstanbulda baş verən hadisələrdən ciddi nəticələr çıxarılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, İstanbulda müşahidə olunan fırtına Aralıq dənizi və Balkanlardan daxil olan hava axınlarının nəticəsində baş verib və Mərmərə bölgəsi ilə yanaşı, İstanbulda da gündəlik həyatı iflic edib.

Q. İbrahimli bildirib ki, İstanbulda son 40 ildə belə güclü yağış və fırtınanın müşahidə olunmadığı deyilir. Bu isə şəhərlərin uzun müddət ekstremal hava hadisələri ilə qarşılaşmamasının onların belə vəziyyətlərə hazır olması demək olmadığını göstərir.

Ekoloqun fikrincə, yağış və fırtına təhlükəsinin olmadığı düşünülərək infrastrukturun lazımi səviyyədə qurulmaması sonradan ciddi fəsadlara səbəb olur. O bildirib ki, bəzi ərazilərdə evlər çay dərələrinin yaxınlığında tikilir, kanalizasiya sistemləri isə normadan artıq yağıntıların yaratdığı su yükü nəzərə alınmadan qurulur.

“Beş, on, yaxud on beş il yağış yağmır, fırtına baş vermir deyə düşünürük ki, bir daha belə hadisə olmayacaq. Buna görə də dərə ağızlarında evlər tikilir, kanalizasiya sistemləri normadan artıq yağışa uyğun hesablanmır. Anormal yağıntı və ya gözləniləndən daha güclü fırtına baş verəndə isə çıxılmaz vəziyyətdə qalırıq. Bunun səbəbi belə məsələlərə kifayət qədər diqqət yetirməməyimizdir”, – deyə ekoloq bildirib.

Q. İbrahimli xatırladıb ki, iki il əvvəl Bakıda yağan güclü yağış nəticəsində iki nəfər həyatını itirib, kanalizasiya sistemləri və yollar ciddi problemlərlə üzləşib. Onun sözlərinə görə, oxşar hadisələrin təkrarlanması infrastrukturun bu cür hava şəraitinə uyğunlaşdırılmasının vacibliyini göstərir.

Ekoloq vurğulayıb ki, hava hadisələrinin nə vaxt və hansı gücdə baş verəcəyini hər zaman dəqiq müəyyənləşdirmək mümkün olmadığından şəhərlər müxtəlif ssenarilərə hazır olmalıdır. O, El Nino kimi iqlim hadisələrinin də hava şəraitinə təsir göstərə bildiyini qeyd edərək, təbii fəlakət risklərinin əvvəlcədən nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.

Onun fikrincə, Yaponiya bu sahədə qabaqcıl ölkələrdən biridir. Belə ki, ölkədə güclü yağış, sel və zəlzələ kimi hadisələrin təsirlərini azaltmaq üçün infrastrukturun və şəhər təsərrüfatının hazırlığına xüsusi diqqət yetirilir.

Q. İbrahimli hesab edir ki, hadisə baş verdikdən sonra görülən tədbirlər kifayət deyil, şəhərlər təhlükə yaranmazdan əvvəl hazır olmalıdır. O, İstanbulda nəqliyyatın hərəkətinə, o cümlədən skuterlərdən istifadəyə məhdudiyyətlərin tətbiq edilməsini hadisədən sonra görülən tədbirlərə nümunə göstərib.

Ekoloq Çinin Şençjen şəhərində müşahidə etdiyi təcrübədən də danışıb. Onun sözlərinə görə, musson yağışları zamanı güclü yağıntılara baxmayaraq, şəhərdə suyun yollarda toplanmasının qarşısını alan infrastruktur mövcuddur.

“Çinin Şençjen şəhərində musson yağışları zamanı olmuşam. Orada çox güclü yağışlar yağır, amma yollarda su qalmır. Çünki asfalt suyu keçirən, süngər asfalt adlandırılan örtükdən hazırlanıb. İstanbulda isə eyni tipli asfaltın, eləcə də suyun rezervuarlara və anbarlara yönləndirilməsi üçün lazımi sistemlərin olmaması problemləri artırır”, – deyə o bildirib.

Ekoloq sonda Bakı Şəhər İcra Hakimiyyətinin İstanbulda baş verən hadisələrdən nəticə çıxarmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə oxşar fəsadların yaşanmaması üçün qabaqlayıcı tədbirlər görülməli, kanalizasiya və drenaj sistemləri gücləndirilməli, şəhər infrastrukturu intensiv yağıntılara uyğunlaşdırılmalıdır.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki