Referans Media qeyd edir ki, Milli Məclisin üzvü, parlamentin Gənclər və İdman komitəsinin üzvü Ülvi Quliyev Musavat.com-a maraqlı müsahibə verib.
Bir müddət öncə 60 illik yubileyini qeyd edən deputat ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Prezidentin sərəncamı ilə Ülvi Quliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Milli Məclisin deputatları arasında tək peşəkar idmançı, özü də karate üzrə yüksək nəticələri olan Ülvi Quliyevlə yubiley, idman, əczaçılıqdan tutmuş, son günlərin aktual mövzularına qədər bir çox məsələlərdən danışdıq.
- Ülvi bəy, yubileyinizi və yüksək səviyyədə təltif olunmağınız münasibətilə təbrik edirəm. Prezident sizin xidmətlərinizi nəzərə alıb, 60 illik yubileyinizdə “Şöhrət” ordeni ilə təltif etdi. Yüksək səviyyədə təltif olunmaq necə hissdir?
- Təşəkkür edirəm. Əlbəttə, çox qürurvericidir, böyük fərəh hissi var. Amma mən hər zaman bunu qeyd edirəm ki, ən əsas məsələ məsuliyyət və etimad hissidir. Cənab Prezidentə təşəkkür məktubumda da bunu xüsusilə qeyd etmişəm. O nöqteyi-nəzərdən də gələcək fəaliyyətimdə, istər idman sahəsində, istər ictimai-siyasi fəaliyyətdə o ali mükafata, cənab Prezidentin təltifinə layiq olmağa çalışacağam. Qeyd edim ki, əvvəlki illərdə də mənim idman sahəsində olan fəaliyyətimə böyük qiymət verilib. Cənab Prezidentin 2008-ci il 5 mart tarixli sərəncamı ilə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülmüşəm. Demək olar ki, idman sahəsində ən yüksək adlardandır. Adətən, o ad daha yaşlı nəslin nümayəndələrinə, idman sahəsində xidməti olanlara verilir. Amma mənə hələ 42 yaşımda, idman sahəsində olan xidmətlərimə görə bu fəxri ad verilib. İndi də ictimai-siyasi həyatda olan xidmətlərimə görə belə bir yüksək adın verilməsi, təbii ki, çox qürurvericidir.
- Bildiyimə görə, parlamentdə belə yüksək idman nəticəsi olan ikinci deputat yoxdur. Xüsusilə də karate üzrə, eləmi?
- Bəli.
- Siz karate idman növü üzrə VIII Dan qara kəmər sahibisiniz, həmçinin bu idman növü üzrə Avropa və Dünya çempionusunuz. Həmçinin Azərbaycan Karate Federasiyasının prezidenti olaraq fəaliyyət göstərirsiniz. İdman nəticələriniz kifayət qədər parlaqdır...Maraqlıdır, idmana gəlişiniz necə oldu, xüsusən də karateyə?
- Bəli, Avropa, Dünya çempionuyam. Qısaca deyim ki, 13 yaşımdan karate idman növü ilə məşğul olmağa başlamışam. SSRİ zamanı, çox ağır bir dövrdə. Onda düzdür, idmana qayğı var idi, amma müstəqillik dövrünün diqqəti, qayğısı tamamilə fərqli idi. Çünki Ümummilli liderimiz Heydər Əliyevin Gənclər və İdman Nazirliyini yaratması, dövlətin bu strukturda gənclər və idman siyasətinə dəstəyi əlavə imkanlar yaratmışdı. 1997-ci ildə cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idmanı, dövlətin prioritet sahəsinə çevirdi və idman tamamilə fərqli bir inkişaf istiqaməti aldı. Mən həmişə qeyd edirəm ki, dövlətin qayğısı, dəstəyi olmadan istənilən bir sahəni inkişaf etdirmək çətindir, nəinki idmanı. İdman çox spesifik sahədir. Böyük investisiya tələb edir, həm maddi, həm mənəvi dəstək istəyir.
- Karateni seçməyinizə stimul verən kim oldu? Yoxsa hind filmlərinə baxıb gəldiniz?
- (Gülərək) Yox, səbəbkar hind filmləri olmadı. O vaxt Brüs Linin çəkildiyi filmlər, döyüş səhnəli filmlər geniş yayılmışdı... Onlara baxırdıq, bizdə həvəs yaranırdı. Həm də ki, gənc yaşda hamı güclü olmaq istəyir, fərqlənmək istəyir. O nöqteyi-nəzərdən, bax, belə bir istiqamət seçdim...
- Amma SSRİ dövründə karate bəyənilməyən idman növü idi…
- Bəli, qadağalar da var idi. 1983-90-cı illərdə tamamilə yasaq oldu. 90-cı ildən sonra artıq zallar açıldı və belə qismət oldu ki, 1991-ci ildən sonra artıq müstəqilliyin bərpa olunması və sonrakı illərdə Nazirliyin yaradılması bu sahəyə marağı artırdı. Artıq o dövrlərdən bir neçə dəfə biz Yaponiyaya yarışlara gedirdik. Orada elə olurdu ki, uzun müddət qalıb ustalıq seminarlarında iştirak edirdik. Dünya şöhrətli, çox tanınmış yapon mütəxəssislərlə görüşürdük, öyrənirdik, dünya standartlarını mənimsəyirdik. Sonradan Avropa mükafatçısı, dünya mükafatçısı, daha sonra Avropa və Dünya Çempionu oldum. Hal-hazırda 8-ci danam. Dünyada ən yüksək ad 10-cu dandı, yəni qara kəmər. Əldə etdiyim nəticə də həddən artıq çox yüksək pillədir. Digər idman növlərindən fərqli olaraq, bu idman fəlsəfə ilə bağlıdır ki, bunun özünün bir fəlsəfi yanaşması var. Yəni ağ kəmərdən başlayırsan…Ağ, narıncı, yaşıl, göy, qəhvəyi kəmər, sonra qara kəmər. Məsələn, qara kəmər 1-ci dan aldıqdan bir il sonra sənin ixtiyarın var minimum 2-ci dana imtahan verəsən. Digər pillələrdə də müəyyən qaydalar var. Bir rütbə kimi... Yaş artdıqca bu dərəcələrə gəlib çatmağın özü də çox çətindir.
- Yarışlarda ağır xəsarət aldığınız vaxt olub?
- Çox olub. Əl -ayağımda bir neçə dəfə sınıqlar olub. (Əllərindəki sınıq yerlərini göstərir-E.P.) Bu hissələrdə sınıqlar, çox ağır zədələr olub. O mənada baxanda çox asan görünür, nəticə əldə edirsən, sənə mükafat verirlər, ad qazanırsan, amma o keçilən yollar çox əziyyətlidir.
- Bəs elə olubmu ki, hansısa idmançıya qəzəblənmisiniz və ondan heyif almaq istəyinə düşmüsünüz?
- Yox, heç vaxt. Bizim bu idman növünün əsas fəlsəfəsi qarşılıqlı hörmətdir. Bu idman növünün fəlsəfəsi odur ki, həm döyüş başlayanda qarşılıqlı baş əyirsən, udub-uduzmağından asılı olmayaraq, sonda yenə də hörmətlə ayrılırsan. Ümumiyyətlə, həyatın fəlsəfəsi budur: məğlub olmaq olur, amma heç bir sahədə məğlubiyyəti qəbul eləmək olmaz. Məğlub olmağın özü bir yaxşı təcrübədir ki, bilirsən, niyə məğlub olursan, nə çatmır? O sahədə artıq çalışmaq, inkişaf eləmək və gəlib planlı şəkildə o məqsədə çatmaq üçün əlavə hədəflərin olur. Yəni məğlubiyyət özü də bir motivasiyadır. Ümumiyyətlə, həyat belədir. Adam var, görürsən bir uğursuzluğa düçar olur, sınır, ruhdan düşür. Amma mən bunu qəbul etmirəm. Məqsədə doğru hər zaman addımlamaq iradəyyə, əzimkarlığa, fədakarlığa bağlıdır. Gərək insan daim öz üzərində fərdi inkişaf eləsin, özünü inkişaf elətdirsin.
- Siz həm də Karate Federasiyasının prezidentisiniz…
- Yetişdirdiyiniz gənclər çoxdurmu?
- Bəli, bizim təxminən 30-40 min arası üzvümüz var. Azərbaycan Karate Federasiyası indi vahid bir federasiyadır. Karatenin növləri çoxdur, əvvəl 18-ə yaxın federasiya olub. İndi 23-cü ildən vahid bir Azərbaycan Karate Federasiyası var. Qəbul elədiyimiz Bədən Tərbiyəsi və İdman haqqında qanunda göstərilib ki, bir idman növündə bir federasiya olmalıdır. O prinsiplə Azərbaycan Karate Federasiyası təkdir, həm də Dünya Karate Federasiyasının üzvüdür. Onun nəzdində müxtəlif karate növləri də inkişaf etdirilir. Əsas məqsədimiz də karate biliklərinin öyrədilməsi ilə yanaşı, həm də o qələbələrlə ölkəni layiqincə təmsil etmək, digər dövlətlərdə atributlarımızın, himnimizin, bayrağımızın ucalarda qərar tutmasına nail olmaqdır. Digər tərəfdən məqsəd odur ki, Azərbaycan gəncliyinin fiziki və mənəvi cəhətdən sağlam inkişaf etməsinə, onların vətənpərvərlik ruhunda yaşamasına nail olaq. Gənclərimizdə yaxşı xüsusiyyətlərin, mənəvi dəyərlərin formalaşmasında idmanın çox böyük rolu var.
- Yəqin ki, sizin idmançılardan da Qarabağ qaziləri və şəhidlər var...
- Bəli, Karate Federasiyasının üzvləri arasında da şəhid və qazilərimiz var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfalar versin. Hazırda bəzi qazilərimiz yenə də idmanı davam etdirirlər, hansının ki, səhhəti, sağlamlığı yol verir.
- İdmanla mütəmadi məşğul olursunuz. 60 yaşda özünüzü neçə yaşda hiss edirsiniz, 25-də?
- (gülür) 25 də olmasa, hər halda 60 yaşdakı kimi hiss eləmirəm. Əslində həmişə deyirəm ki, sağlam şəkildə yaşa dolmaq daha yaxşıdır.
- Ülvi bəy, rəhmətlik atanız Zahid Quliyev dilçi alim olub. Maraqlıdır bir alimin ocağında karate idman növünə necə oldu yaşıl işıq yandırıldı? Valideynlər adətən, istəyirlər ki, övladları onların yolunda davam elətdirsin, yaxud hüquqa qəbul olunmuşdunuz və prokuror, hakim olmağınızı istəyərdi. Üstəlik, karate övladın hər an xəsarət alması deməkdir. Elə isə necə oldu sovet dövründə icazəsiz idman növünə valideynlər icazə verdilər?
- Atam Xarici Dillər Universitetinin professoru olub. Allah bütün ölənlərimizə rəhmət eləsin, qalanlara cansağlığı versin. Anam da rus dili ədəbiyyatı müəllimi olub. Yəni müəllim ailəsində böyümüşəm. İdmana yeni başlayanda valideynlərim sadəcə elə bilirdilər ki, sağlamlıq üçün məşğul oluram. O vaxt karate elə tanınan bir idman növü də deyildi. 1983-cü ildə isə Tibb Universitetinə daxil olmuşdum. O zaman ilk dəfə Respublika çempionu oldum. Respublika çempionu olanda artıq valideynlərim məsələnin ciddiliyini qəbul elədilər. Ondan sonra maraq göstərməyə başladılar. Çünki artıq ortada yüksək nəticələr var idi, Respublika çempionu və sairə. Sonrakı illərdə də valideynlərim hər zaman məni dəstəkləyiblər.
- Maraqlıdır ki, bir müddət aptekdə işləmisiniz, eləmi?
- Bəli. Mən ilk ali təhsilimi o vaxt Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutu adlandırılan Tibb Universitetində almışam, 1983-88-ci illərdə oranın Əczaçılıq fakültəsini bitirmişəm. Sonra isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini oxumuşam. Əczaçılıq sahəsində bəzi yeniliklərə imza atdım. İlk kommersiya aptekini açdım, hər cür dərman kontraktları və sairlə işə başladım. Bizim dövrümüzdə bəzi az tapılan dərmanlar “piştaxta” altından satılırdı. Mən o stereotipi qırdım. Çox böyük “inqilab” eləmişdim o vaxt. Deyirdim niyə dərmanlar bu şəkildə satılmalıdır? İlk apteka açanda, kontraktlar üzrə bütün dərmanlar aptekə gətiriləndə bir çoxları şoka düşürdü. Baxırdılar ki, tapılmayan dərmanlar aptekdə var. Düşünürdülər k, bunlar necə açıq satıla bilər? Ondan sonra o təcrübəni digərləri ilə bölüşdüm. Harada olsam, çalışmışam ki, fərqlənim.
- 5 çağırışdır parlametdəsiniz. Adətən, tənqid hədəfinə daha çox tuş gələn deputatlardandır. Sizinlə bağlı da vaxtaşırı sosial şəbəkələrdə, mediada tənqidi yazılar yayılır. Özünüzün deputat olaraq fəaliyyətinizə qiymətiniz necədir? Tənqidi fikirlərə, yazılara dözümlüsünüz?
- Əslində əvvəllər belə yazıları hardasa qəbul eləmək çətin olurdu. Amma tənqidə açığıq. Çox təəssüf ki, bəzən tənqidlə təhqiri qarışdıranlar da olur. Parlament fəaliyyətim zamanı iki çağırış həm Hüquq siyasəti, dövlət quruculuğu komitəsinin üzvü olmuşam. 2015-ci ildən sonra həm Gənclər və İdman, həm Səhiyyə komitələri yaradıldı. Hər iki komitənin üzvü oldum. Sonra elə qismət oldu ki, Gənclər və İdman Komitəsində sədr müavini, sonra komitənin sədri oldum və deyim ki, bax, o idman sahəsində olan qanunvericiliklərdə də çox fəallıq eləmişəm. Gənclər siyasəti haqqında qanun yeni redaktədə təqdim olunmasında komitə sədri kimi iştirak eləmişəm və qanun layihəsinin təqdimatını eləmişəm. Onu da deyim artıq qanunvericiliyə dəyişiklik üçün zərurət var idi. Çünki dünya sürətli dəyişir, ictimai münasibətlər yenilənir. O nöqteyi-nəzərdən həmin qanunun təqdim olunmasında birbaşa iştirak eləmişəm. Bədən tərbiyəsi və idman haqqında, dopinq əleyhinə mübarizə haqqında qanunun qəbul olunmasında aktiv iştirak etmişəm.
- Seçicilər necə, sizdən razıdırlar?
- Seçicilər üçün ayda ən azı iki dəfə qəbullar təşkil edirik, onları dinləyirik, problemlərinin həllinə çalışırıq, imkan dairəsində. Təmaslarımız çox genişdir. Adət-ənənələrə uyğun olaraq xeyir - şər mərasimlərinə gedirik. Şəhidlərimizlə bağlı günlərdə, digər tədbirlərdə daimi təmaslarımız, ünsiyyətlərimiz olur.
- Telefonunuz seçiciyə açıqdır?
- Telefon demək olar ki, açıqdır…Düzdür, tam hamı üçün açıq eləmək olmur, çünki onda başqa işlə məşğul olmaq mümkün olmaz. Köməkçinin telefonu daim seçki dairəmizdəki vətəndaşların üzünə açıqdır. Son üç çağırışda eyni telefon nömrəsidir və dəyişməyib. Seçki dövründə bütün təbliğat materiallarımızda həmin telefon nömrəsi yazılır və seçicilərdən ora müraciətlər gəlir.
- Ülvi bəy, həmkarlarınız adətən, məmurlardan şikayətlənirlər. Bəs siz necə, nazirlərlə asan əlaqə yarada bilrisiniz? Nazirlər telefonlarını dəyişmirlər ki?
- Açığı, bir o qədər çox telefon ünsiyyətim olmur. Adətən, açıq təmaslar, yaxud yazılı sorğular vasitəsilə ünsiyyətimizi qurulur.
- Son vaxtlar baş verənlərə münasibət bildirməyinizi istərdim, xüsusilə də ölkə daxilində hicab ətrafında gedən müzakirələrə və xaricdən bununla bağlı ölkəmizə basqılara reaksiyanız necədir? Sizcə bəzi qüvvələr burada nə etmək istəyirlər? Dövlət başçısının hakim partiyanın qurultayında səsləndirdiyi sərt xəbərdarlıqlar məsələlərin ciddiliyini daha da artırır.
- Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır, bunu hər kəsin bilməsi lazımdır! Tək bir misal deyim ki, Qarabağda bərpa quruculuğu işlərində o qədər məscidlərin bərpası, bu istiqamətdə görülən işləri Azərbaycan təkbaşına həyata keçirib. Burada söhbət Nazirlər Kabinetinin qərarına uyğun olaraq vahid məktəbli formasından gedir. Məktəb dövlətindir, təhsil icbaridir və dövlətin qərarına, müvafiq qayda - qanunlarına əməl etmək hər kəsin borcudur. Düşünürəm ki, birmənalı şəkildə verilən qərarın icrası təmin olunmalıdır. Cənab Prezidentdən Dünya Azərbaycanlıların 5-ci Qurultayında bildirmişdi ki, biz tək Ermənistan üzərində qələbə qazanmamışıq. Biz onlara himayədarlıq eləyən, çox güclü siyasi, hərbi, maddi dəstək verən dövlətlər üzərində qalib gəlmişik. Onlara verilən bütün dəstəyə rəğmən, Zəfər qazanmışıq. Ona görə bizim bu zəfərimizin, qələbəmizin miqyası həddən artıq genişdir. Bu, çox vacib bir mesaj idi, bunu heç vaxt unutmaq olmaz. Odur ki, daim Azərbaycana qarşı təsirlər olacaq, təzyiq rıçaqlarından istifadə ediləcək, qələbəmizlə barışmayanlar üstümüzə gələcəklər. Baş verən bu ideoloji proseslərin təhlükəsinin fiziki təhlükəsizlikdən də qat-qat üstün olduğunu vurgulamaq istəyirəm. Cənab Prezident seçkilərdən sonra Milli Məclisdəki inauqurasiya zamanı bir söz demişdi. Bildirmişdi biz elə daşları tərpətmişik ki, düşünürsünüz ki, bunu bizə bağışlayacaqlar? Yox, bağışlamayacaqlar və unutmayacaqlar. Həqiqətən, baxın o bəyanatlar və YAP-ın qurultayında verilən ideoloji mesajlar hamısı bir-birini tamamlayır. Yəni bu proseslər gedir, çünki biz nə qədər dövlət adamı olsaq, məlumatlı olsaq, siz jurnalistika sahəsində mən dövlət adamı olaraq, biz o qədər məlumatlı deyilik. Yəni baş verən o gizli görünməyən tərəflərdə nələr baş verir, bu barədə cənab Prezident daha məlumatlıdır. Ona görə də dövləti sevmək, dövlətin yanında olmaq lazımdır. Bir şey anlaşılan deyil. Deyək ki, haqlı və ya haqsız, kiminisə narazılığı ola bilər. Amma bu, maşın yandırmaqla, məktəb qapı-pəncərələrini sındırmaqla deyil, sivil yolla həllini tapmalıdır. Əminəm ki, hər şey qaydasına düşəcək. Çünki dövlət bizim hər birimizindir. Biz dövləti sevməliyik, dövlətə bağlı olmalıyıq, millətimizə, xalqımıza xidmət eləməliyik. Hər zaman şəxsi maraqlarımızdan üstün tutmalıyıq dövlətimizi, çünki o, bizim hamımızındır.
- Türkiyədən Azərbaycanın üstünə gələn bəzi çevrələrə sözünüz nədir?
- Həssas və diqqətli olmalıyıq. Biz “Bir millət, iki dövlət” prinsipinə hər zaman sadiqik. Çalışmalıyıq ki, dövlətlərimiz, xalqlarımız arasında münasibətlər daim yüksək səviyyədə olsun. Azərbaycanı yersiz şəkildə hədəfə alan dairələrə də Türkiyə dövləti və xalqı cavab verməsi məqsədəuyğun olardı.
- Söhbətimizin yekununda sizi bir daha təbrik edirik. Yubileyiniz və təltifiniz həm də Azərbaycanın dövlət müstəqilliyini bərpas etməsinin 35-ci ilinə təsadüf edir…
- Xoş sözlərə görə çox sağ olun. Bəli, olduqca xoşdur. Dövlətimizin qorunub - saxlanılması, gələcək nəsillərə ötürülməsində hər birimiz fəal iştirakçı olmalıyıq. Ümummilli liderimiz Heydər Əliyev bu dövlətin müstəqilliyini qoruyub saxladı, cənab Prezident dövlətimizi daha da inkişaf etdirdi, bizi zəfərə gətirib çıxartdı. Bu, çox vacib məsələdir və gələcək nəsillər üçün belə suveren, ərazi bütövlüyü bərpa olunmuş, güclü iqtisadiyyatı olan bir Azərbaycan var. Azərbaycanı sevmək, onu daim inkişaf elətdirmək lazımdır. Gözəl bir deyim var, deyir ki, siyasətçinin dövlət xadimindən fərqi nədədir? Siyasətçi fəaliyyətini gələcək seçkilər üçün planlayır, amma dövlət xadimi öz fəaliyyətini gələcək nəsillər naminə qurur. Bax, həqiqətən də mən həm Heydər Əliyevlə bağlı bu fikri vurğulamaq istəyərdim, həm də ki, cənab İlham Əliyevlə bağlı. Doğrudan da bu gələcək nəsillər üçün güclü bir Azərbaycan təqdim olunub. Bu dövləti sevib, müstəqilliyin, suverenliyin qoruyub inkişaf etdirmək lazımdır. Kim bacarırsa, vətəndaş olaraq töhfə verməlidir.
