Nazirlər Kabineti 14 mart 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası"nda dəyişiklik edib.
Referans Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetindən əlavə müraciət daxil olmadığı təqdirdə, hesabat ayının son iş gününün sonuna "Azərişıq" ASC-nin xüsusi bank hesabının qalığı müvəkkil bank tərəfindən "Azərenerji" ASC-nin xüsusi bank hesabına köçürüləcək və bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat veriləcək.
İndiyə qədər bu addım Nazirlər Kabineti yanında yaradılmış Komissiyadan müraciət daxil olmadığı təqdirdə atılırdı.
Həmçinin hər ayın 15-dək əvvəlki ay ərzində "Azərişıq" ASC-nin Elektrik və istilik enerjisi, qaz və su təchizatı sahələrində Tənzimləmə Agentliyinə (EMTA) ödəməli olduğu haqq üzrə qalıq borc, eləcə də "Azərişıq" ASC-nin "Azərenerji" ASC-dən aldığı elektrik enerjisinin həcmi və dəyəri barədə tutuşdurma aktları tərtib ediləcək. Həmin aktların bir nüsxəsi Nazirlər Kabinetinə təqdim olunacaq.
