Azərbaycanda YENİ QADAĞALAR gəlir: Müəyyən olunacaq standartlar məlum oldu!

Azərbaycanda qəbiristanlıqlarda dəbdəbəli və müxtəlif formalı məzarüstü abidələrin hazırlanması, eləcə də bütün məzar daşlarının vahid standart əsasında düzəldilməsi məsələsi müzakirə olunur. Bəs bu sahədə qanunvericilik səviyyəsində tənzimləmə aparmaq mümkündürmü?

Referans Media-ya açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu sahəni qanunvericiliklə tənzimləmək mümkün olsa da, cəmiyyətin məsələyə münasibətinin və düşüncə tərzinin dəyişməsi də vacibdir.

Onun sözlərinə görə, Azərbaycanda qəbiristanlıqlarda dəbdəbə və fərqlənmək istəyi özünü göstərir. İnsanlar hətta vəfat etdikdən sonra da digərlərindən fərqlənməyə çalışırlar.

Deputat qeyd edib ki, bəzən insanlar yanındakı qəbrin kiçik olmasını nəzərə alaraq öz yaxınlarının məzarının daha böyük və fərqli olmasını istəyirlər. Bu yanaşma cəmiyyətin düşüncə tərzində formalaşmış məsələlərdən biri olduğuna görə, vəziyyəti asanlıqla tənzimləmək mümkün deyil.

Fazil Mustafa hesab edir ki, belə hallarda daha məcburedici tənzimləmə üsulundan istifadə etmək olar. Onun fikrincə, işğaldan azad olunmuş ərazilərdə müəyyən standartlara uyğun qəbiristanlıqların salınmasını təmin etmək mümkündür.

Deputat Naxçıvanda da vaxtilə bu istiqamətdə addımlar atıldığını və bunun müsbət nəticə verdiyini bildirib:

“İndi qəbiristanlığa daxil olanda mədəni bir yerə gəldiyini görürsən. Burada insanlar yatır, onların adları var. Onların hər biri bir ömür yolu keçmiş şəxsiyyətlərdir, yaxınları üçün əziz insanlardır”.

F. Mustafa vurğulayıb ki, qəbiristanlıqların səliqəli və rahat olması insanların öz doğmalarının məzarlarını ziyarət etməsi baxımından da əhəmiyyətlidir. Onun sözlərinə görə, bəzi qəbiristanlıqlarda qəbirlərin arasında hərəkət etmək çətinləşir, ziyarətçilər müxtəlif maneələri aşmalı olurlar. Elə yerlər var ki, oraya yalnız avtomobillə getmək mümkündür.

Deputat hesab edir ki, qəbiristanlıqlar salınarkən insanların rahat hərəkəti və avtomobillər üçün yolların təşkili də nəzərə alınmalıdır.

Onun fikrincə, belə standartların tətbiqini xüsusilə işğaldan azad olunmuş ərazilərdə və kənd yerlərində həyata keçirmək mümkündür.

Fazil Mustafa Bakıdakı qəbiristanlıqlarla bağlı məsələyə də toxunub. O bildirib ki, paytaxtda mövcud qəbiristanlıqlarda yer problemi var və bu səbəbdən şəhərdən kənarda yeni qəbiristanlıqların salınmasına ehtiyac yaranır.

Deputatın sözlərinə görə, xüsusilə şəhərdən kənardakı boş ərazilərdə yeni qəbiristanlıqların yaradılması və onların əvvəlcədən müəyyən edilmiş standartlara uyğun təşkili məsələsini nəzərdən keçirmək olar.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki