Bulvarda gündə 1000 manat yığılırmış – Məhkəmədə şok ifadələr

Restoran sahibi İlqar Mustafayevin dövründə hər ay 7-8 min manat pul verdiyini dedi – Bulvarın keçmiş rəhbərinin işi üzrə məhkəmə

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti iclasda şahidlər bulvarda toplanan vəsaitlər, əməkhaqlarının nağd ödənilməsi və sahibkarlarla bağlanan müqavilələrlə bağlı diqqətçəkən ifadələr veriblər.

Referans Media  xəbər verir ki, bulvarın dayanacağında nəzarətçi işləmiş Sərdar Səlimov məhkəmədə rəsmi əməkhaqqı almadığını bildirib.

Onun sözlərinə görə, iki il ərzində aylıq 400 manat maaş alıb, işinin sonuna yaxın bu məbləğ 50 manat artırılıb. Pul ona rəhbəri Natiq Hümbətov tərəfindən nağd şəkildə verilib.

Şahid dayanacaqda gündəlik 80-100 manat pul yığıldığını deyib. Lakin istintaqa verdiyi ifadəsində gündəlik yığımın 1000 manatdan çox olduğunu bildirib. Məhkəmədə isə Səlimov istintaqdakı ifadəsini təsdiqləməyib.

Bu ziddiyyət dayanacaqdan əldə olunan gəlirlərin həcmi ilə bağlı suallar doğurur.

Digər şahid Azər Bəkirov bulvardakı kafelərdən birində nəzarətçi işlədiyini, 2020-2024-cü illərdə aylıq 600 manat maaş aldığını söyləyib. Onun sözlərinə görə, əməkhaqqı əlbəəl verilib, rəsmi sənədlərdə hansı məbləğin göstərildiyindən isə xəbərsiz olub. Bəkirov işə düzəlməsində İlqar Mustafayevin rolunu da qeyd edib: qardaşı onun işə götürülməsi üçün Mustafayevdən xahiş edib.

Məhkəmədə səslənən ən diqqətçəkən ifadələrdən birini isə bulvarda restoran işlədən sahibkar Turxan Əlizadə verib.

O bildirib ki, 2021-ci ildən Bulvar İdarəsi ilə müqavilə əsasında fəaliyyət göstərib. Lakin müqavilədə göstərilən məbləğlə faktiki ödənilən pul arasında fərq olub.

“Müqavilə ilə ayrı məbləğ göstərilir, nağd onlara başqa məbləğdə pul verirdim”, – şahid bildirib.

Əlizadənin sözlərinə görə, şirkətinin əməkdaşları ilə birlikdə pulu apararaq Fuad Babayevə çatdırıblar. Sahibkar müqavilədə ödəniş məbləğinin daha az göstərildiyini, yeni obyektlərin fəaliyyətə başlaması ilə bağlı məsələləri isə İlqar Mustafayevin həll etdiyini deyib.

“Biz həmişə onlarla əməkdaşlıq etmişik. Çünki yeni yer açılanda o işi biz götürürdük”, – şahid qeyd edib.

Əlizadə İlqar Mustafayevin rəhbərliyi dövründə hər ay 7-8 min manat ödədiyini də bildirib. O, hazırda da bulvarda restoranlarının fəaliyyət göstərdiyini söyləyib.

Şahid ifadələri bulvar ərazisində kommersiya fəaliyyətindən əldə olunan gəlirlərin uçotu və müqavilələrdə göstərilən məbləğlərlə faktiki ödənişlər arasında fərq məsələsini yenidən gündəmə gətirib. Bununla belə, məhkəmədə səslənən ifadələrin və istintaq materiallarının hüquqi qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir.

Xatırladaq ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqın gəldiyi nəticəyə əsasən, İlqar Mustafayev idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digər şəxslərlə əlbir olaraq rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə bulvar ərazisindəki qeyri-yaşayış sahələrinin icarəsindən, kommersiya obyektlərinin fəaliyyətindən, gəmi gəzintilərindən və digər mənbələrdən əldə olunan 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə təqsirləndirilir.

Bundan başqa, İlqar Mustafayevə 1 milyon 800 min manatdan artıq vergini dövlət büdcəsinə ödəməkdən yayınma, habelə cinayət yolu ilə əldə edildiyi iddia olunan 10 milyon manatdan artıq pul vəsaitini özü və qohumlarının adına əmlak almaqla leqallaşdırma ittihamları irəli sürülüb.

İlqar Mustafayev Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 213.3, 308.2 və 313-cü maddələri ilə ittiham olunur. Fuad Babayev və Rəşad Bədəlova isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Digər təqsirləndirilən şəxslər polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə azadlıqdadırlar.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumi dəyəri 11 milyon manatdan artıq olan əmlak üzərinə həbs qoyulub.

Növbəti məhkəmə prosesi oktyabrın 21-də keçiriləcək./musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki