Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens Bakıya səfər edib. Səfər çərçivəsində Vensin bildirib ki, “ABŞ vitse-prezidentinin İlham Əliyevi həm İsrail, həm də Türkiyə ilə eyni vaxtda sıx münasibətləri olan Trampdan sonra ikinci liderdir”. ABŞ vitse-prezidentinin Azərbaycana səfəri Cənubi Qafqaz və Azərbaycan siyasətinin köklü şəkildə dəyişməsinin ifadəsi kimi qəbul oluna bilər.
Məsələ ilə bağlı Referans Media-ya danışan politoloq Aydın Quliyev qeyd edib ki, indiyə qədər Amerika administrasiyasının son 20-25 il ərzində Cənubi Qafqaz dövlətlərinə ayrı-seçkilik prinsipi ilə yanaşdığını müşahidə etmişik. Konkret desək, Trampa qədər ABŞ administrasiyaları Gürcüstan və Ermənistana göstərdiyi münasibəti, Azərbaycana göstərmirdi. Bu günə qədər ABŞ administrasiyaları Azərbaycana bölgədə ikinci dərəcəli dövlət kimi baxırdılar. Sadəcə Azərbaycanın geosiyasi mövqeyi və ağıllı enerji siyasəti Azərbaycanı ABŞ administrasiyasının əməkdaşlığa məcbur etdiyi əsas amil olub.
Politoloq vurğulayıb ki, bu gün Amerika Azərbaycana bir tərəfdaş kimi dəyər verir və açıq-aydın görünür ki, ABŞ Azərbaycanla bərabərhüquqlu əməkdaşlığın yeni mərhələsini açmaqda maraqlıdır. Bu, müharibədən sonra yaradılmış yeni reallıqlarla və bölgədə Azərbaycanın güclü status qazanması ilə bağlıdır. Amerikanın dəyişən siyasəti bölgə ilə, xüsusilə Azərbaycanla daha sıx inteqrasiyaların olacağından xəbər verir. Enerji, nəqliyyat, ticarət, investisiya, süni intellekt texnologiyaları və müxtəlif birgə layihələrdə ABŞ-ın daha aktiv fəaliyyət göstərəcəyi gözlənilir.
Aydın Quliyev bildirib ki, ABŞ sadəcə siyasi əməkdaşlıqla kifayətlənməyəcək. Siyasi əməkdaşlığın arxasında biznes, iqtisadiyyat, ticarət, investisiya və digər real sektorlar nəzərdə tutulmasa, yalnız siyasi əməkdaşlıq məzmunu olmayan fəaliyyət kimi qalardı. Buna görə də ABŞ bundan sonra Azərbaycanla münasibətlərdə, xüsusilə Vensinin səfərindən sonra, iqtisadi, logistika, investisiya, ticarət, süni intellekt və digər sahələrdə daha ciddi və dərin əməkdaşlığa üstünlük verəcək. Bu, bölgədə ABŞ-ın geobalans üçün nəzərdə tutduğu maraqların həyata keçirilməsində əhəmiyyətli rol oynaya bilər. Burada əsas məqsəd ABŞ üçün bölgədə iqtisadi, siyasi və texnoloji təsirlərini gücləndirmək və Rusiyanın təsirini ən azı siyasi müstəvidə məhdudlaşdırmaqdır.
Politoloq həmçinin Vensinin Azərbaycan prezidentinin İsrail və Türkiyə ilə münasibətləri ilə bağlı fikrinə diqqət çəkib. Onun sözlərinə görə, dünya üzrə ABŞ və Azərbaycandan sonra ikinci bir dövlət tapmaq çətin olar ki, Türkiyə və İsrail arasında normal münasibət saxlaya bilsin. Bu baxımdan Azərbaycan nadir nümunədir. Məsələn, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə normal münasibət saxlaya bilir. Vensinin bu fikri diplomatik mesajdır: İlham Əliyevin həm Türkiyə, həm də İsraillə münasibətlərində müəyyən məsuliyyət daşıdığına işarə edir və ABŞ ilə birgə bu məsuliyyətin dərinləşdiyini göstərir. Bu, Türkiyə-İsrail münasibətlərinin gərginləşməsinin qarşısının alınmasında Azərbaycanın rolunu vurğulayan bir mesajdır.
Gülnaz Abdullazadə
