backend

Azərbaycanın Qəzzaya əsgər göndərməsinə Milli Məclis qərar verəcək

HƏMAS Qəzza zolağının idarəçiliyini Fələstin komitəsinə təhvil verməyə hazırdır.

Referans Media  xəbər verir ki, bunu “Reuters” agentliyinə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Nazir əlavə edib ki, yeni anklav administrasiyası və polis qüvvələri Fələstin hərəkatı tərksilah edilməzdən əvvəl fəaliyyətə başlamalıdır. O, əlavə edib ki, polis qüvvələri “beynəlxalq sabitləşdirmə qüvvələri”(sülhyaratma missiyası) tərəfindən dəstəklənəcək. Hakan Fidan hansı ölkələrin sülhyaratma missiyasında iştirak edəcəyini dəqiqləşdirməyib. Onun sözlərinə görə, əsas problem “hansı ölkələrin, hansı həcmdə və formatda sülhyaratma missiyasına töhfə verəcəyidir”.

Qeyd edək ki, dekabrın 5-də “Axios” nəşri ABŞ prezidenti Donald Trampın dekabrın 25-dək Qəzzada sülh planının ikinci mərhələsinin başlayacağını elan etməyi planlaşdırdığını bildirib.

Azərbaycan Qəzza ilə bağlı yaranmış mürəkkəb geosiyasi vəziyyət fonunda öz mövqeyində ehtiyatlı və balanslı qalır Bu barədə “Reuters” Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planı çərçivəsində Vaşinqton Azərbaycan, İndoneziya, BƏƏ, Misir, Qətər və Türkiyə ilə təxminən 20 min hərbçidən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrində iştirak məsələsini müzakirə edir.

“Biz öz əsgərlərimizi təhlükəyə atmaq istəmirik. Bu, yalnız hərbi əməliyyatlar tam dayandıqdan sonra mümkün ola bilər”, – deyə XİN-dəki mənbə bildirib. Qanunvericiliyə görə, Prezident sülhyaratma missiyasını hər hansı ölkəyə göndərməzdən əvvəl qərarın təsdiqini Milli Məclisə göndərir. Bu qərar Milli Məclisdə təsdiq edildikdən sonra qüvvəyə minir. Eləcə də missiyanın geri çağırılması və ya qalma müddətinin uzadılmasına da Milli Məclisin razılığı mütləqdir.

Qərb və İsrail mənbələri son günlər məlumat yayıb ki, Bakı təhlükəsizlik risklərini nəzərə alaraq bu planın həyata keçirilməsində birbaşa kontingentlə iştirak etməyə tərəddüd edir və hələlik qəti qərar verməyib. Rəsmi Bakı bu məlumatları rəsmi şəkildə nə təsdiq, nə də təkzib edib.

Yada salaq ki, oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail qoşunları anklav ərazisinin 50%-dən çoxuna nəzarəti saxlayaraq, “Sarı xətt” adlanan yerə çəkilib.

Tramp daha əvvəl keçid dövründə Qəzzanın xarici idarəçiliyini öz üzərinə götürəcək “Sülh Şurası”na sədrlik edəcəyini açıqlamışdı. Trampın təşəbbüsünə əsasən, “Sülh Şurası”nda onlarla Qərb və ərəb ölkəsinin liderləri təmsil olunacaq. Şuraya tabe olacaq icra komitəsinə isə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, eləcə də Cared Kuşner daxil ediləcək.

ABŞ-ın planına görə, Qəzzanın gündəlik idarəetməsi 12–15 nəfərlik texnokrat hökumətə həvalə olunacaq. Bu hökumətdə nə HƏMAS, nə də FƏTH nümayəndələri yer almayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki