Azərbaycanın xaricdəki qadın səfirləri – Onlar kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu təyinatla Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən qadın səfrilərinin sayı bir nəfər də artıb. Hazırda Azərbaycanın xarici ölkələrdə 70 səfirliyi fəaliyyət göstərir. Onlardan 3-nə qadın diplomatlar rəhbərlik edir.

Referans Media Azxeber.com-a istinadən Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən qadın səfirləri təqdim edir:

Hazırda Azərbaycanı diplomatiya sahəsində təmsil edən qadın səfirlərdən biri Fransada fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Leyla Abdullayeva Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub.

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində, Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində və Avropa Birliyi yanında nümayəndəliyində diplomatik fəaliyyət göstərib.

XİN-də bundan əvvəl Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. Bu təyinatdan əvvəl isə XİN-in Mətbuat xidmətinin rəhbəri olub. Ailəlidir, iki övladı var.

Digər qadın səfir Macarıstanda fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 29 iyul 2026-cı il tarixli sərəncamı ilə Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Esmira Cəfərova 1979-cu il mayın 24-də anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunudur. Macarıstanın Mərkəzi Avropa Universitetində beynəlxalq münasibətlər və Avropa elmləri üzrə magistr dərəcəsi alıb.

Vyana Universitetində doktorantura pilləsini bitirib və siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Həmçinin Nyu Yorkda yerləşən Kolumbiya Universitetində ziyarətçi elmi işçi kimi fəaliyyət göstərib.

E.Cəfərova diplomatik fəaliyyətə 2001-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində başlayıb. 2016-cı ilə qədər Azərbaycanın Avstriyadakı səfirliyində, ATƏT yanında missiyasında və Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyində çalışıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövrdə təhlükəsizlik məsələlərindən məsul olub, Yaxın Şərq məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib. 2014-2016-cı illərdə Azərbaycan XİN-in Hərbi-siyasi məsələlər idarəsində NATO/SNT şöbəsinin müdiri olub. 2016-2017-ci illərdə ADA Universitetində baş müəllim kimi çalışıb, xarici siyasətin təhlili, xarici siyasət nəzəriyyəsi və beynəlxalq təhlükəsizlik fənlərindən dərs deyib.

2017-2019-cu illərdə Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, nazirin xarici məsələlər üzrə müşaviri vəzifələrində çalışıb.

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunub və 2024-cü ilin iyulunadək bu vəzifədə çalışıb. Bu dövrdə xarici siyasət sahəsində çoxsaylı məqalələr yazıb, nüfuzlu xarici media qurumlarına müsahibələr verib. 44 günlük Vətən müharibəsi dövründə ekspert kimi fəal olub.

Azərbaycanın ən yeni qadın səfiri Nərminə Mustafayevadır.

Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Nərminə Mustafayeva bu təyinata qədər Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb. O, 2020-ci il iyulun 28-də baş konsul təyin edilmişdi. Nərminə Mustafayeva 6 il İstanbulda baş konsul vəzifəsində çalışıb. 27 iyul 2026-cı il tarixində isə geri çağırılıb.

Qeyd edək ki, Nərminə Mustafayeva keçmişdə jurnalist kimi də fəaliyyət göstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki