Strateji mövqedə yerləşən Naxçıvan artıq blokadada olan regiondan Avrasiyanın nəqliyyat şəbəkəsində tranzit, “yaşıl enerji dəhlizi” və birləşdirici coğrafiyaya çevrilir. 2020-ci il Vətən müharibəsinə qədərki dövrdə muxtar respublika həssas bölgə hesab olunurdu, çünki bir tərəfdən blokada, digər tərəfdən enerji kimi həyati əhəmiyyətli resursların təchizatındakı çətinliklər risklər təşkil edirdi. Vətən müharibəsində əldə olunan Zəfər və Ermənistanın imzaladığı kapitulyasiya aktı muxtar respublikanın gələcəyinin də konturlarını müəyyənləşdirdi: Naxçıvan geosiyasi-geoiqtisadi haba çevrilir;
Bu, Prezident İlham Əliyevin strateji dühasının nəticəsidir. Müharibə meydanında işğalçı ölkəni məğlub edən Azərbaycan lideri kapitulyasiya aktına Zəngəzur dəhlizinin açılması tələbini daxil etdi. Bu, heç də asan deyildi.
Birincisi, Ermənistan əsrin əvvəlində zəbt etdiyi Zəngəzur bölgəsindən belə bir dəhlizin keçməsini strateji məğlubiyyət hesab edirdi. Hələ SSRİ dövründə ulu öndər Heydər Əliyev Naxçıvanın blokadasını yaramaq məqsədilə Bakıdan muxtar respublikaya avtomobil yolunun çəkilməsi təklifini irəli sürmüş, lakin Moskvadakı ermənilərin və havadarlarının səyi ilə buna maneələr yaradılmışdı. Prezident İlham Əliyev tarixi planı həyata keçirdi.
İkincisi, Zəngəzur dəhlizi bir əsrdən artıqdır bu coğrafiyada mövcud olan tarixi ədalətsizliyin, həm də türk dünyasında coğrafi parçalanmanın aradan qaldırılması deməkdir.
Üçüncüsü, Zəngəzur dəhlizi bir tərəfdən Avrasiyanın nəqliyyat şəbəkəsində Azərbaycanın mövqelərini gücləndirir, digər tərəfdən, regionumuzda geosiyasi rəqabəti kəskinləşdirir.
Bu layihə təkcə Ermənistan üçün yox, regionda bir sıra dövlətlər, eləcə də bölgəmizdə maraqlı olan qüvvələr üçün də arzuolunmaz idi. Lakin qalib diktə edir, Prezident İlham Əliyev məhz diktə edərək, Ermənistanın üzərinə dəhlizin açılması öhdəliyini qoydu.
Dövlət başçısı Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə bununla bağlı tarixi məqamları yada salıb.
“Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik. O vaxt - noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var. Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi”, - dövlət başçısı vurğulayıb.
Ermənistan bu öhdəliyindən imtina etmək məqsədilə həm regionda, həm regiondan kənarda havadarlarını prosesə cəlb etməyə, bölgəni geosiyasi rəqabətə çevirməyə çalışırdı. Lakin Prezident İlham Əliyevin strateji gedişləri bu oyunun qarşısını aldı və ABŞ-ın bölgəyə maraq göstərməsi ilə Zəngəzur dəhlizinin reallaşması da rəsmiləşdi. Dövlət başçısı müsahibəsində bildirib ki, Bakı Vaşinqton qarşısında da Zəngəzur dəhlizini əsas şərt kimi irəli sürüb: “Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi. Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir. Eyni zamanda, İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün. Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq”.
Azərbaycan Zəngəzur dəhlizinin reallaşması fonunda Naxçıvanın blokadadan çıxması perspektivlərinə hazırlaşır. Bir tərəfdən, muxtar respublikanın dəmir yolları yenidən bərpa edilir, digər tərəfdən, yükdaşıma qabiliyyətinin 15 milyon tona çatdırılması hədəflənir. Bu, strateji nəticələrə hesablanmış addımlardır. Məsələ təkcə Azərbaycanın əsas hissəsindən muxtar respublikaya maneəsiz çıxışın əldə edilməsi yox, həm də Naxçıvanı geotranzitə çevirməkdir. Bununla yanaşı, Naxçıvan dəmir yolunun inşasına xarici investisiyaların cəlb edilməsi istiqamətində də işlər aparılır.
Prezident İlham Əliyev bildirib ki, bir çox beynəlxalq qurum və bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə: “Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər. Biz prinsip etibarilə buna etiraz etmirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur. O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq. Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur. Olsaydı belə bu önəmli layihəyə hər zaman biz vəsait tapardıq. Amma biz hesab edirik ki, bu yolu beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi məhz dediyim kimi, bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilə bilər. Bu məsələ ilə bağlı bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub. Hələ ki, bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq, konseptual nöqteyi-nəzərindən bu mümkündür. Ancaq onu da mən bu gün nəqliyyat nazirinə və Dəmir Yolu İdarəsinin rəisinə dedim, biz əlbəttə ki, buna açığıq, amma vaxt itirmək istəmirik. Çünki cənab Prezident Trampla son söhbət zamanı aydın oldu ki, Ermənistan ərazisində dəmir yolunun tikintisi bu il başlanmalıdır, orada cəmi 42 kilometr yoldur”.
Dövlət başçısı onu da vurğulayıb ki, konsorsium alınmasa da, Azərbaycan öz hesabına bu layihəni başa çatdıracaq.
Burada birdən çox önəmli məqam yer alır.
Birincisi, Naxçıvan dəmir yolunun inşasında beynəlxalq konsorsiumun iştirakı həm muxtar respublikanın təhlükəsizliyini gücləndirir, həm də bölgəyə investisiyaların cəlb edilməsini stimullaşdırır.
İkincisi, Naxçıvan Şərq-Qərb nəqliyyat dəhlizinin, ümumilikdə Orta dəhlizin əsas qapısına çevrilir.
Lakin muxtar respublika təkcə Qərbdən Şərqə, yaxud əksinə uzanan dəhlizdə birləşdirici coğrafiya olmayacaq, eyni zamanda, Fars körfəzinə çıxış planında da vacib qapılardan biri olacaq. Prezident İlham Əliyev müsahibəsində bunun detallarını açıqlayıb.
“Naxçıvan ərazisində yeni texniki-iqtisadi əsaslandırma əsasında, - çünki tamamilə yeni texniki-iqtisadi əsaslandırma işlənilib, - yolun uzunluğu 194 kilometr olacaq. Əvvəllər daha qısa idi. Nə üçün daha uzundur? Çünki əvvəllər döngələr daha qısa idi və o xətti biz əsas götürsək, əgər tam necə var idi elə bərpa etsək, bu, 15 milyon ton yükü qaldıra bilməz. Ona görə yol daha uzun olacaq - 194 kilometr. Biz vaxt itirə bilmərik. Bizim vəsaitimiz də var bu il və gələn il. Ona görə yəqin ki, mənim sözlərim müxtəlif ünvanlara da çatacaq. Əgər kimsə bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməsin və tezliklə bizimlə artıq razılaşmaya gəlsin. Çünki bəzi bürokratik əngəllər, məsələlərin uzadılması, yəni bu bizim, Azərbaycanın üsuli-idarəsi deyil. Biz məsələləri müəyyənləşdiririk, qərar qəbul edirik, dərhal bunun icrasına başlayırıq. Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası bildiyimə görə, ya başlayıb, ya da ki, başlayacaq. Hər halda Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır... Bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi “bypass” etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək”, - dövlət başçısı bildirib.
Bu marşrut üzrə Şərqdən Qərbə, Şimaldan Cənuba doğru yük daşımalarla yanaşı, enerji dəhlizləri də uzanacaq, həm kəmərlərin çəkilməsi, həm də elektrik enerjisinin ötürülməsi planları var. Söhbət Orta dəhlizin perspektivlərindən gedir: Çindən Avropaya və əksinə yük daşımaları həyata keçiriləcək, bununla yanaşı, Zəngəzur dəhlizindən boru kəmərləri və elektrik xətləri çəkiləcək ki, nəticə etibarilə Naxçıvan “yaşıl enerji” keçidinə çevriləcək. Azərbaycan bu istiqamətdə işləyir:
- Naxçıvanda Günəş elektrik stansiyaları inşa olunur;
- Azərbaycanın əsas hissəsindən muxtar respublikaya Ermənistan ərazisindən – Zəngəzur dəhlizi istiqamətində elektrik xətlərinin çəkilməsi planlaşdırılır: Cəbrayılda inşa olunmuş yarımstansiya da Zəngəzur elektrik dəhlizi üçün nəzərdə tutulur, azərbaycanlı mütəxəssislər də Ermənistan ərazisində elektrik dirəklərinin quraşdırılması yerlərinin təhlilini aparıb;
- Naxçıvan Mərkəzi Asiyadan Avropaya qədər uzanan marşrutda elektrik enerjisi dəhlizinə də çevrilir: Azərbaycan, Qazaxıstan və Özbəkistan 2024-cü ildə Xəzərin dibi ilə elektrik kabellərinin çəkilməsini razılaşdırıb ki, muxtar respublika bu dəhlizdə əsas keçidlərdəndir.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan həm elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə olacaq.
Beləliklə, Naxçıvan blokadada olan bölgədən birləşdirici qovşağa çevilir. Bütün bunlar muxtar respublikanın həm təhlükəsizliyinin təmin edilməsində, həm də sosial-iqtisadi inkişafında mühüm rol oynayan amillərdir.
