Bağçalar da bu sistemə keçir

2027-ci ildən məktəblər adambaşına maliyyələşmə mexanizminə keçməyə başlayacaq.


Referans Media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

“Təhsil xərclərinin tərkibində ümumi təhsil üzrə xərclərin azalmasının səbəbi adambaşına maliyyələşmə mexanizminə keçidlə bağlıdır. Biz artıq bir neçə ildir ki, ali təhsildə adambaşına maliyyələşmə mexanizmini uğurla tətbiq edirik. Yəni vəsait ali təhsil müəssisələrinin saxlanma xərclərinə görə deyil, hər bir tələbəyə görə ödənilir. Bu mexanizmin uğurunu nəzərə alaraq hökumət tərəfindən qərar qəbul edilib ki, tədricən, addım-addım ümumi təhsildə də bu mexanizmin tətbiqinə başlanılsın. Ona görə də cari ildə müəyyən sayda məktəbimiz, gələn ildən isə daha geniş miqyasda məktəblərimizin bir qismi adambaşına maliyyələşmə mexanizminə keçirilir. Büdcədən istifadədə adambaşına maliyyələşmə üzrə xərclər təhsil bölməsində deyil, digər adambaşına maliyyələşmə bölməsində əks olunur. Ona görə də heç bir azalma yoxdur",- deyə nazir deyib.

S.Babayev bunun kifayət qədər uğurlu mexanizm olduğunu və bundan sonra da ümumi təhsil sahəsində bu mexanizmi mərhələli şəkildə tətbiq edəcəklərini deyib: " İlkin təhsil pillələrində, eləcə də məktəbəqədər təhsildə adambaşına maliyyələşmə mexanizmindən istifadəni artıracaq və genişləndirəcəyik. Təhsil sahəsinə daimi dəstək hökumətin diqqət mərkəzində olacaq. Tədricən ümumi və məktəbəqədər təhsildə də adambaşına maliyyələşməyə keçəcək və bu mexanizmi genişləndirəcəyik”./NOCOMMENT.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki