Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Qeyd edək ki, Cahangirbəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövrünədək kənddə məktəb, uşaq bağçası, mədəniyyət evi və rabitə şöbəsi fəaliyyət göstərib. Əhali isə əsasən baramaçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 21-də kəndi işğaldan azad edib. Cahangirbəyli kəndinin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub.
Referans Media xəbər verir ki, ümumi sahəsi 179,5 hektar olan Cahangirbəyli kəndində birinci mərhələ üzrə 62,57 hektar ərazidə 242 fərdi evin, məktəb binasının, körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin və çoxfunksiyalı binanın tikintisi həyata keçirilib. Evlər 2, 3, 4, 5 otaqlıdır. Onların hamısı su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollar da asfaltlanıb.
Kənddəki çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi, gözəllik salonu fəaliyyət göstərəcək.
Cahangirbəylidə 80 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Buradakı otaqlarda uşaqların istirahəti, həmçinin onların ilkin bilik və bacarıqlarının üzə çıxarılması üçün zəruri şərait yaradılıb.
Kənddə, inzibati binanın yaxınlığında Bayraq meydanı da inşa edilib. Burada ucaldılmış bayrağın hündürlüyü 10,4 metr təşkil edir. Bayraq meydanının yaxınlığında isə uşaq oyun meydançası, sakinlərin sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyinin artırılması məqsədilə idman zonası və park yaradılıb.
Elm və təhsil naziri Emin Əmrullayev 264 şagird yerlik Cahangirbəyli tam orta məktəb binasında yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 13 sinif otağı, kimya və fizika fənləri üzrə 2 laboratoriya, musiqi, informatika, hərbi hazırlıq, rəsm və qrim otaqları, kitabxana, 160 yerlik akt zalı, qapalı idman zalı, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Məktəbin ərazisində 2 açıq idman meydançası da yaradılıb.
X X X
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
– İlk növbədə, qarşıdan gələn Zəfər bayramı münasibətilə sizi təbrik edirəm. Bu bayram ərəfəsində görüşürük və bu bayram artıq 6 ildir ki, dövlət bayramı kimi qeyd olunur. Altı il bundan əvvəl şanlı Ordumuz düşməni torpaqlarımızdan qovaraq haqq-ədaləti bərpa etdi. Artıq 6 il ərzində biz quruculuq işləri ilə məşğuluq. Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. Uzun illər ağır şəraitdə yaşamış köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi, ilk növbədə, əlbəttə ki, köçkün şəklində, köçkün şəraitində yaşayan insanlar üçün. Amma siz də bilirsiniz ki, hər bir vətənpərvər insan sizin tezliklə doğma diyara qayıtmağınızı arzulayırdı.
Bu gün biz demək olar ki, müntəzəm olaraq yeni gözəl kəndlər, şəhərlər salırıq, sıfırdan qururuq. Çünki mənfur düşmən bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdi, o cümlədən Cahangirbəyli, Soltanlı kəndlərini də tam dağıtmışdı. Bu gün bu iki kəndə təqribən 700-ə yaxın ailə qayıdır. Sizin üçün gözəl evlər tikilib. Əminəm ki, siz bu şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz. Əsas məsələ odur ki, artıq köçkünlük həyatı arxada qalır.
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanda alınıb və bu gün onların əziz xatirəsinə ən böyük hörmət əlaməti bax, Qarabağın, Şərqi Zəngəzurun belə gözəl dirçəldilməsidir.
Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır. Ermənilər 30 il bu torpaqları viran qoymuşdular, bir daşı daş üstə qoyulmamışdır. Biz isə cəmi altı il ərzində 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq, onlar üçün mümkün olan ən gözəl şərait yaratmışıq.
Sizi həm Zəfər Günü münasibətilə, həm də doğma torpaqlarınıza qayıtmağınız münasibətilə təbrik edirəm, sizə cansağlığı arzulayıram.
x x x
Sonra dövlətimizin başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər.
Referans Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Referans Media xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına və birinci xanıma Soltanlı kəndində görülən işlər barədə məlumat verdi.
Soltanlı kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. İşğal dövrünədək əhali əsasən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.
Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində 420 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. Layihə üzrə Soltanlı kəndində ikimərtəbəli inzibati bina, uşaq bağçası, həkim-tibb məntəqəsi, həmçinin çoxfunksiyalı bina tikilib. Kənddə aptek, market, dərzi, gözəllik salonu və digər xidmət mərkəzləri üçün nəzərdə tutulmuş bir və ikimərtəbəli hissələrdən ibarət olmaqla çoxfunksiyalı bina inşa edilib.
Kənddə inşa olunmuş 140 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada metodika, kompüter, oyun, musiqi otaqları, yeməkxana uşaqların ixtiyarına veriləcək.





X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Referans Media xəbər verir ki, “Azərsun Holdinq”in müşahidə şurasının sədri Tahir Gözəl dövlətimizin başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi.
Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisədə qazlı və qazsız sular, soyuq çay, meyvə tərkibli, vitaminli və azkalorili içkilər istehsal olunacaq. Ərazisi 10 hektar olan müəssisənin illik istehsal gücü 150 min tondur. Məhsulların daxili bazarla yanaşı, xarici bazarlara ixracı nəzərdə tutulur. Burada İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılıb. İstehsal prosesi suyun təmizlənməsi, şərbət hazırlanması, qarışdırma, qazlaşdırma, məhsulun plastik butulka və şəffaf qida qablarına doldurulması, qapaqlanması, etiketlənməsi və qablaşdırılması mərhələlərini əhatə edir.
Layihənin ümumi dəyəri 70 milyon manatdır. Maliyyələşmədə özəl vəsaitlə və bank kreditləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dəstəyi ilə 5 milyon manat məbləğində güzəştli kreditdən, həmçinin əlavə 5 milyon manat kredit üzrə zəmanət və faiz subsidiyası mexanizmindən istifadə edilib. Burada 300 nəfər daimi işlə təmin ediləcək.
Qeyd edək ki, müəssisə Şərqi Zəngəzur iqtisadi rayonunda qida sənayesinin inkişafına töhfə verməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində də böyük rol oynayır. Eyni zamanda, bu layihənin reallaşması ölkəmizin ixrac potensialının artırılmasına öz töhfəsini verir.













