image-bagis-ehmedovbackend

Bağış Əhmədova yüksək vəzifə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri vəzifəsinə yeni təyinat olub.

Referans Media “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə mərkəzin icraçı direktoru Vüsal Qasımlı əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə iqtisad elmləri doktoru Bağış Əhmədov təyin edilib.

Qeyd edək ki, B.Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə ekspert şurasının üzvüdür.

O, əmək fəaliyyətinə 1998–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant kimi başlayıb. 2014–2019-cu illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2020–2025-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini vəzifəsində işləyib.

Bağış Əhmədov elmi və pedaqoji fəaliyyətinə 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasında başlayıb və 2014-cü ilədək burada müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2004–2009-cu illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nəzdində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda aparıcı elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində işləyib. 2010–2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi və texnoloji elmlər” kafedrasında dosent vəzifəsində çalışır. O, 40-a yaxın elmi məqalə və tezisin müəllifidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki