Bakıda ev almaq istəyənlər, BU ƏRAZİLƏRİ GÖZARDI ETMƏYİN: Hövsan, Ələt, Sabunçu...

Bakıda mənzil almaq istəyən vətəndaşlar üçün qiymətlə yanaşı, ərazinin gələcək inkişaf perspektivləri də mühüm əhəmiyyət daşıyır. İnfrastruktur layihələri, nəqliyyat əlçatanlığı, yeni iş yerlərinin yaradılması və əraziyə tələbatın artması daşınmaz əmlakın gələcək dəyərinə təsir edən əsas amillər sırasındadır. Bu baxımdan hazırda qiymətlərin nisbətən münasib olduğu ərazilərin düzgün seçilməsi gələcəkdə sərfəli investisiya imkanı yarada bilər.

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, mənzil alarkən ilk növbədə Bakı şəhərinin Baş Planı 2040 layihəsinə diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi ilə qarşıdakı 5-10 il ərzində hansı ərazilərin daha çox inkişaf potensialına malik olacağını nəzərə almaq vacibdir.

Vüqar Oruc qeyd edib ki, investisiya baxımından əsas meyar mənzilin hazırda daha ucuz qiymətə təklif olunması deyil. Əsas diqqət gələcəkdə həmin ərazilərdə mənzilə və digər daşınmaz əmlak növlərinə tələbatın nə dərəcədə artacağına yönəldilməlidir.

Onun sözlərinə görə, ərazinin infrastrukturunun hansı səviyyədə inkişaf edəcəyi, nəqliyyat əlçatanlığının necə təmin olunacağı, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq ətrafda hansı tikililərin inşa ediləcəyi, eləcə də hansı yenidənqurma və bərpa işlərinin aparılacağı əvvəlcədən araşdırılmalıdır.

AQC sədri bildirib ki, 2026-cı ilin daşınmaz əmlak bazarındakı göstəricilərinə nəzər saldıqda şəhərin mərkəzi əraziləri ilə kənar zonaları arasında ciddi qiymət fərqləri müşahidə olunur. Onun sözlərinə görə, Nərimanov və Nəsimi rayonlarında mənzillərin bir kvadratmetrinin qiyməti təxminən 3 000-5 000 manat arasında dəyişir. Nəsimi rayonunun bəzi eksklüziv ərazilərində isə qiymətlər daha yüksək səviyyəyə çatır.

Vüqar Oruc vurğulayıb ki, Suraxanı rayonunun inkişaf edən ərazilərinə, Sabunçu istiqamətinə, Binəqədi rayonunda metro stansiyalarına və əsas nəqliyyat xətlərinə yaxın zonalara, həmçinin Xəzər rayonunda infrastrukturun formalaşdığı yaşayış məntəqələrinə diqqət yetirmək məqsədəuyğundur.

O, həmçinin Hövsan və Ələt istiqamətlərinin inkişaf perspektivlərinin diqqətdən kənarda qalmamalı olduğunu bildirib. Onun fikrincə, bu ərazilərdə infrastrukturun inkişafı və yenidənqurma işləri gələcəkdə daşınmaz əmlak bazarına təsir göstərə bilər. Yenidənqurma işləri aparılan planlı ərazilər də investisiya baxımından nəzərdən keçirilməlidir.

Ekspertin sözlərinə görə, mənzil seçərkən bir neçə əsas amil nəzərə alınmalıdır. Bunlardan birincisi nəqliyyat əlçatanlığıdır. Metro stansiyalarına, avtobus marşrutlarına və magistral yollara yaxınlıq ərazinin cəlbediciliyini artıran mühüm xüsusiyyətlərdəndir.

İkinci mühüm amil ərazidə infrastruktur layihələrinin həyata keçirilməsidir. Yeni yolların, məktəblərin, klinikaların, müxtəlif müəssisələrin və parkların salınması həmin ərazinin inkişafına, yaşayış üçün əlverişliliyinin və daşınmaz əmlaka marağın artmasına şərait yarada bilər.

Vüqar Oruc bildirib ki, tələb və təklif arasındakı balans da qiymətlərin formalaşmasında mühüm rol oynayır. Əgər müəyyən ərazidə daşınmaz əmlaka tələb artırsa, bu, qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Bununla yanaşı, ərazidə ticarət mərkəzlərinin, biznes mərkəzlərinin və digər müəssisələrin yerləşməsi də nəzərə alınmalıdır. Çünki bu obyektlər yeni iş yerlərinin yaranmasına və həmin əraziyə marağın artmasına təsir göstərə bilər.

AQC sədrinin sözlərinə görə, mənzil alarkən hüquqi sənədlərin qaydasında olması və tikilinin keyfiyyəti də əsas meyarlardandır. Bununla yanaşı, alınan mənzilin gələcəkdə nə dərəcədə asan satıla biləcəyi və kirayədən nə qədər gəlir gətirə biləcəyi əvvəlcədən qiymətləndirilməlidir.

Ekspert hesab edir ki, daşınmaz əmlakın investisiya potensialını müəyyənləşdirərkən yalnız alış qiymətinə deyil, gələcək satış imkanlarına və kirayə gəlirliliyinə də diqqət yetirmək lazımdır. Bu amillərin birlikdə təhlili mənzilin gələcək perspektivləri barədə daha düzgün qərar verməyə imkan yaradır.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki