İş tapmaq istəyənlərin DİQQƏTİNƏ: Bu açıqlama sizin üçündür!

Bu gün insanların iş tapmaqda çətinlik çəkməsinin əsas səbəblərindən biri əmək bazarında tələb və təklifin düzgün tənzimlənməməsi, peşə seçimi və işə qəbul prosesindəki problemlərdir. İş təcrübəsi və peşəkar bacarıqlarla yanaşı, bəzi hallarda tanışlıq və qohumluq amili də işə qəbul prosesinə təsir göstərir.

Referans Media-ya açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, əmək bazarının düzgün formalaşdırılması, iş yerlərinin yaradılması və insanların bacarıqlarına uyğun istiqamətləndirilməsi məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, insan ilk növbədə hansı işi görəcəyini və hansı sahədə daha qabiliyyətli olduğunu müəyyənləşdirməli, peşə seçimini düzgün etməlidir. Peşələr düzgün formalaşdırıldıqda və əmək bazarının tələblərinə uyğun istiqamətləndirmə aparıldıqda insanların işlə təmin olunması üçün daha geniş imkanlar yaranır.

Sosioloq qeyd edib ki, bəzi insanlar Azərbaycandan xarici şirkətlərlə onlayn əməkdaşlıq edərək gəlir əldə edə bilirlər. Digərləri isə mövcud iş imkanlarından yararlanmaqda çətinlik çəkirlər. Bu prosesdə müəyyən hallarda yaxınlıq, qohumluq və tanışlıq amilləri də mühüm rol oynayır.

Naib Niftəliyev vurğulayıb ki, peşəkar bacarıqları və potensialı olan şəxslərin əmək bazarında öz imkanlarını reallaşdırması üçün sağlam rəqabət mühiti yaradılmalıdır. Onun fikrincə, işə qəbul zamanı namizədlərin bilik və bacarıqları, peşəkarlığı və fərdi keyfiyyətləri nəzərə alınmalı, seçim prosesi əmək bazarının tələblərinə uyğun aparılmalıdır.

Sosioloqun sözlərinə görə, sağlam rəqabətin formalaşması üçün əmək mühiti və əmək münasibətləri də düzgün qurulmalıdır. Kadr hazırlığı prosesində sosial məsuliyyət nəzərə alınmalı, işə qəbul və kadrların yerləşdirilməsi zamanı mütəxəssislərə onların ixtisas və bacarıqlarına uyğun yanaşılmalıdır.

O bildirib ki, işsizlik probleminin aradan qaldırılması üçün ilk növbədə əmək bazarına dair peşəkar tədqiqatlar aparılmalı, mövcud problemlərin səbəbləri və onların həlli yolları müəyyənləşdirilməlidir. Bununla yanaşı, sənaye, kənd təsərrüfatı və texnologiya sahələrində iş imkanlarının artırılması, kapital qoyuluşunun genişləndirilməsi və elektron informasiya sistemlərinin əmək bazarı ilə düzgün əlaqələndirilməsi vacibdir.

Naib Niftəliyev əlavə edib ki, məşğulluğun artırılması yalnız iş yerlərinin yaradılması ilə məhdudlaşmır. Bunun üçün iqtisadi siyasət və sosial rifahın yüksəldilməsi məsələləri də düzgün planlaşdırılmalıdır. İnsanların işləməsi və fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmalı, eyni zamanda onların peşəkar inkişafına dəstək verilməlidir.

Sosioloqun qənaətinə görə, gələcəkdə işə qəbul prosesində şəxsi əlaqələrdən daha çox peşəkarlığın, işgüzar münasibətlərin və fərdi keyfiyyətlərin ön plana çıxması gözlənilir. O, insanların əmək bazarında daha perspektivli və gəlirli sahələrə yönəldilməsini, peşəkar və idarəçilik bacarıqlarının inkişaf etdirilməsini əsas amillərdən biri hesab edir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki