Payızın əsl üzü indi görünəcək: Havalar kəskin dəyişir - Yağış və soyuq GƏLİR

Oktyabr ayının nisbətən isti hava şəraiti ilə yadda qalmasından sonra gələn həftədən havanın temperaturunun aşağı düşəcəyi və yağışlı günlərin artacağı gözlənilir. Payız mövsümünə xas olan bu dəyişikliklərin təbiətə və kənd təsərrüfatına təsiri maraq doğurur. Mütəxəssislər normal yağıntıların ətraf mühit və əkin sahələri üçün faydalı olduğunu bildirirlər.

Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, oktyabr ayının isti keçməsindən sonra noyabrın yağıntılı başlaması narahatlıq doğurmamalıdır. Onun sözlərinə görə, artıq payız fəslinin ikinci ayına daxil oluruq və havanın tədricən soyuması mövsüm üçün təbii haldır.

Ekoloq qeyd edib ki, havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar qar yağacağı və şaxtaların olacağı gözlənilmir. Bununla belə, dağlıq ərazilərdə, xüsusilə dağətəyi zonaların bəzi hissələrində yağıntılar intensiv olarsa və havanın temperaturu xeyli aşağı düşərsə, qar yağması mümkündür.

Qorxmaz İbrahimlinin sözlərinə görə, payızdan qışa keçid dövründə havanın tədricən soyuması normal prosesdir və bu dəyişikliklərə görə narahat olmağa əsas yoxdur.

O vurğulayıb ki, normal yağıntılar təbiət üçün faydalıdır və əkin sahələrinin vəziyyətinə müsbət təsir göstərə bilər. Ekoloqun fikrincə, hazırda taxıl sahələri şumlanıb, yeni səpin işlərinə başlanılıb. Bu baxımdan yağışların yağması əkin sahələri üçün əlverişli ola bilər.

Ekoloq əlavə edib ki, yağıntılar ekoloji baxımdan da əhəmiyyətlidir. O, insanları təbiətə müsbət yanaşmağa, onu sevməyə və qorumağa çağırıb.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki