Süd məhsulları biznesində yüz minlərlə manatlıq maliyyə qalmaqalı

Qulluq mövqeyindən istifadə edərək yüz minlərlə manat vəsaiti mənimsəməkdə ittiham olunan, süd məhsullarının istehsalı və satışı ilə məşğul olan sahibkar Məmmədov Seymur Fikrət oğluna hökm oxunub.

Referans Media Qaynarinfo-ya istinadən xəbər verir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib. O, 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bununla yanaşı, məhkəmə Seymur Məmmədova Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə irəli sürülən ittihamlar üzrə bəraət verib.

İş materiallarına əsasən, Seymur Məmmədov 2021-ci ildən 2022-ci ilədək süd və süd məhsullarının istehsalı və satışı ilə məşğul olan şirkətin direktoru vəzifəsində çalışıb. Daha sonra həmin müəssisədə satış təmsilçisi kimi fəaliyyət göstərib.

İttihama görə, o, şirkətin digər rəhbəri İbrahim Xəlilovla qabaqcadan əlbir olaraq satılmış məhsullardan əldə edilən pul vəsaitlərinin müəssisənin xəzinəsinə təhvil verilməməsi və aralarında bölüşdürülməsi barədə razılığa gəlib. Məqsədin şirkətə məxsus vəsaitləri mənimsəmək olduğu bildirilib.

İş üzrə müəyyən edilən epizodlardan birinə əsasən, Seymur Məmmədov 2022-ci ildə şirkətin adından pul vəsaitlərini qəbul etmək üçün verilmiş etibarnamədən istifadə edərək satışdan əldə olunan 39 min 966 manat məbləğində vəsaiti götürüb. İttihamda həmin pulun şirkətin xəzinəsinə təhvil verilmədiyi və digər şəxslə bölüşdürüldüyü qeyd olunub.

İkinci epizod üzrə isə Seymur Məmmədovun şirkətin icraçı direktoru olmadığı halda özünü bu səlahiyyətə malik şəxs kimi təqdim etdiyi və başqa bir müəssisə ilə bağlanmış müqavilə çərçivəsində satışdan əldə olunan vəsaitləri qəbul etdiyi iddia olunub. İttihama görə, bu yolla 252 min manat, digər kassa əməliyyatları üzrə isə 196 min 515 manat olmaqla, ümumilikdə 448 min 515 manat vəsait şirkətin xəzinəsinə təhvil verilməyib.

Məhkəmə materiallarında göstərilən epizodlar üzrə mənimsənildiyi iddia olunan məbləğlərin ümumi həcmi yüz minlərlə manat təşkil edir. Bununla belə, təqsirləndirilən şəxsin məhkəmədəki mövqeyi ittihamdan fərqli olub.

Seymur Məmmədov məhkəmədə özünü təqsirli bilməyib. O, süd məhsullarının istehsalı və satışı sahəsində uzun müddət fəaliyyət göstərdiyini, şirkətin yaradılması zamanı biznesinə digər şəxslərin də şərik olduğunu bildirib. Onun sözlərinə görə, müəssisədə maliyyə və xəzinə əməliyyatlarına başqa şəxslər də nəzarət edib, qəbul etdiyi vəsaitləri isə şirkətin xərcləri üçün təhvil verib. Məmmədov ittihamları qəbul etməyərək barəsində bəraət hökmü çıxarılmasını istəyib.

İş üzrə şahid qismində dindirilən şirkətin təsisçilərindən biri isə Seymur Məmmədovun və İbrahim Xəlilovun satışdan əldə edilən vəsaitləri mənimsədiklərini iddia edib. Onun ifadəsinə görə, aparılan yoxlamalar zamanı satış pullarının şirkətin hesablarına daxil olmadığı, maliyyə sənədlərində uyğunsuzluqlar yarandığı müəyyən edilib. O, şirkətə ümumilikdə 1 milyon 850 min manat sərmayə qoyduğunu, sonradan müəssisənin maliyyə vəziyyətinin pisləşdiyini və şirkətin müflis olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki