Türkiyənin Bursa şəhərində keçirilən kütləvi ehsan mərasimində 100-dən çox insan qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Referans Media xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Məlumata görə, şəhər sakinlərinin xatirəsinə həsr olunan ənənəvi “Mövludi-Şərif və Düyü Günü” tədbiri Bursada ikinci dəfə təşkil edilib. Mərasimdə iştirak edən təxminən min nəfərə toyuq və düyüdən hazırlanmış yemək paylanıb.
Tədbir başa çatdıqdan təxminən üç saat sonra iştirakçıların bir qismində ürəkbulanma və qusma əlamətləri müşahidə olunub. Nəticədə 100-dən çox şəxs xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı polis araşdırmaya başlayıb. İlkin ehtimala görə, zəhərlənməyə səbəb qida ola bilər./Globalinfo.az
