Azərbaycanda minimum əməkhaqqının vətəndaşların gündəlik yaşayış xərclərini qarşılamaq üçün nə dərəcədə yetərli olması müzakirə mövzularından biridir. Ərzaq, mənzil, kommunal xidmətlər, nəqliyyat, dərman və digər zəruri xərclərin artması minimum əməkhaqqının real alıcılıq qabiliyyətinin qiymətləndirilməsini zəruri edir. Bu baxımdan əməkhaqqının müəyyənləşdirilməsi zamanı inflyasiya, yaşayış minimumu və əhalinin faktiki istehlak xərclərinin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır.
Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, minimum əməkhaqqının yetərliliyini qiymətləndirərkən yalnız nominal məbləğə deyil, vətəndaşların gündəlik xərclərinin ümumi səviyyəsinə baxmaq lazımdır.
Onun sözlərinə görə, minimum əməkhaqqı insanın sadəcə fiziki mövcudluğunu təmin edən deyil, ən azı əsas ehtiyaclarını ödəməsinə imkan verən gəlir səviyyəsinə yaxın olmalıdır. Xüsusilə ailəsini tək gəlirlə dolandıran vətəndaşlar üçün bu məbləğin yetərliliyi daha ciddi məsələdir.
Akif Nəsirli qeyd edib ki, 2026-cı ildə Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu isə 317 manat müəyyən edilib. Minimum əməkhaqqının yaşayış minimumundan 83 manat yüksək olması ilk baxışdan müsbət göstərici kimi görünsə də, bu fərq vətəndaşların real yaşayış xərclərinin tam qarşılandığını sübut etmir.
İqtisadçının fikrincə, yaşayış minimumu ilə faktiki bazar xərcləri eyni anlayışlar deyil. Xüsusilə kirayə mənzildə yaşayan, ailə üzvlərini dolandıran və dərman xərcləri olan şəxslər üçün 400 manat kifayət etməyə bilər. Buna görə də minimum əməkhaqqının yetərliliyi yalnız qanunla müəyyən edilmiş yaşayış minimumu ilə müqayisə əsasında deyil, real istehlak xərcləri nəzərə alınmaqla qiymətləndirilməlidir.
O bildirib ki, minimum əməkhaqqının artırılması zamanı inflyasiya əsas göstəricilərdən biri olmalıdır. Akif Nəsirlinin sözlərinə görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Əgər əməkhaqqı bu müddətdə eyni səviyyədə qalırsa, vətəndaşların həmin pulla ala biləcəyi mal və xidmətlərin həcmi azalır.
İqtisadçı vurğulayıb ki, minimum əməkhaqqının artımı yalnız nominal rəqəmlərlə deyil, inflyasiya nəzərə alındıqdan sonra real alıcılıq qabiliyyətində yaranan dəyişikliklə ölçülməlidir. Əks halda, əməkhaqqının artırılması kağız üzərində müsbət dəyişiklik yaratsa da, vətəndaşlar gündəlik həyatlarında ciddi yaxşılaşma hiss etməyə bilərlər.
Akif Nəsirli əlavə edib ki, minimum əməkhaqqının müəyyən edilməsində yaşayış minimumu yeganə meyar olmamalıdır. Onun sözlərinə görə, ərzaq, mənzil, kommunal xidmətlər, nəqliyyat və səhiyyə xərclərinin real səviyyəsi, orta əməkhaqqının dinamikası, əmək məhsuldarlığı və ölkə iqtisadiyyatının imkanları birlikdə nəzərə alınmalıdır.
O qeyd edib ki, ərzaq qiymətlərinin ümumi inflyasiyadan daha sürətlə artdığı hallarda aşağı gəlirli ailələr daha çox zərər görür. Çünki bu ailələrin gəlirlərinin böyük hissəsi gündəlik zəruri ehtiyacların qarşılanmasına sərf olunur. Buna görə minimum əməkhaqqının artırılması zamanı əhalinin istehlak səbətinə daxil olan məhsulların qiymət dəyişikliklərinə xüsusi diqqət yetirilməlidir.
İqtisadçının fikrincə, minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması və bu prosesin şəffaf meyarlar əsasında aparılması vacibdir. O bildirib ki, 2026-cı ildə qanunvericiliyə minimum əməkhaqqının məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutan dəyişiklik edilib. Bu, mühüm addım olsa da, əsas məsələ artımın hansı prinsiplər əsasında hesablanmasıdır.
Akif Nəsirli hesab edir ki, minimum əməkhaqqı inflyasiyanın təsirini kompensasiya etməklə yanaşı, iqtisadi imkanlar çərçivəsində real alıcılıq qabiliyyətinin tədricən yüksəlməsinə də şərait yaratmalıdır. Eyni zamanda, artımın kiçik və orta sahibkarlıq subyektlərinə təsiri nəzərə alınmalı, əməkhaqqı xərclərinin yüksəlməsinin qeyri-rəsmi məşğulluğa səbəb olmaması üçün uyğun iqtisadi mexanizmlər tətbiq edilməlidir.
İqtisadçı vurğulayıb ki, minimum əməkhaqqının artırılması sosial siyasətin formal göstəricisinə çevrilməməlidir. Məqsəd yalnız vətəndaşın aldığı pulun məbləğini artırmaq deyil, həmin pulla ala bildiyi mal və xidmətlərin həcmini yüksəltmək olmalıdır.
Onun sözlərinə görə, minimum əməkhaqqının real alıcılıq qabiliyyəti yaxşılaşmırsa, nominal artımın sosial effekti məhdud qalır. Buna görə qərarlar qəbul edilərkən inflyasiya, yaşayış minimumu və real istehlak xərcləri arasında balans yaradılmalı, əhalinin aşağı gəlirli təbəqəsinin gündəlik yaşayış şəraitinin yaxşılaşması əsas meyar kimi götürülməlidir.
Gülnaz Abdullazadə
