Bakıda fəaliyyət göstərən mağazalarda uzun müddətdir ki, Naxçıvan istehsalı olan qaya duzu qıtlığı yaranıb. Bir müddət əvvəl Naxçıvan İqtisadiyyat Nazirliyindən verilən məlumatda məsələnin “Naxçıvan Duz İstehsalı” müəssisəsində yaranan texniki nasazlıqla əlaqəli olduğu bildirilmişdi.
Son günlər cəmiyyətdə Naxçıvan duzunun tapılmaması və bəzi yerlərdə bir kisə duzun 50 manata satılması ilə bağlı ciddi narahatlıqlar yaranıb. Həm Naxçıvan sakinləri, həm də Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar bu süni qiymət artımı və qıtlıqdan narazılıqlarını bildiriblər.
Bəs, Naxçıvan istehsalı olan duz Bakıya nə vaxt gətiriləcək?
“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayev Referans Media-ya açıqlamasında yaranmış vəziyyəti aşağıdakı amillərlə izah edib:
“Hazırda duz mədənində təmir işləri getdiyi üçün istehsal müvəqqəti olaraq dayandırılıb”.
Müəssisə rəhbərliyi bildirir ki, hazırda bazarda yüksək qiymətə təklif olunan duzların onlara heç bir aidiyyatı yoxdur və duz mədəni tərəfindən belə bir qiymət artımı tətbiq edilməyib.
Bəzi alverçilər fürsətdən istifadə edərək İran duzunu bazara Naxçıvan duzu adı altında çıxarırlar. Vətəndaşlara bildirilir ki, bu məhsulların orijinal Naxçıvan duzu ilə heç bir əlaqəsi yoxdur.























