Bakıda ödənişli yollar olacaq: TIXACLARA təsiri isə...

Bakıda ödənişli yol hərəkəti zonalarının yaradılması gündəmə gəlib. Bununla bağlı müvafiq dəyişikliklər “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliklər layihəsində əksini tapıb. Musavat.com xəbər verir ki, qanunun 19-1-ci maddəsinə Bakı şəhərinin inzibati ərazisində ödənişli yol hərəkəti zonalarının müəyyən edilməsi və nəqliyyat vasitələrinin həmin zonalara daxil olması üçün rüsumun məbləğinin səlahiyyətli dövlət orqanı tərəfindən təsdiqlənməsi ilə bağlı müddəanın əlavə olunması təklif edilir. Nəzərdə tutulan rüsum dövlət büdcəsinə köçürüləcək.

Əhmədbəyli–Füzuli–Şuşa yolundan istifadə üçün ödəniş məbləğləri müəyyən  edilib - Oxu.az

Beləliklə, paytaxtda ödənişli zonaların yaradılması üçün hüquqi baza formalaşdırılır. Lakin hələlik hansı küçə və ərazilərin bu sistemə daxil ediləcəyi, eləcə də sürücülər üçün rüsumun nə qədər olacağı açıqlanmayıb.
Qanun layihəsində müntəzəm sərnişin daşımaları ilə bağlı da dəyişikliklər nəzərdə tutulur. Belə ki, məsafəyə əsaslanan sərnişindaşıma xidmətləri göstərən daşıyıcıların dövlət büdcəsi hesabına subsidiyalaşdırılması təklif edilir.

Bəs Bakıda ödənişli zonaların tətbiqi tıxacların azalmasına nə dərəcədə təsir göstərə bilər? Bu mexanizm paytaxtın nəqliyyat xidmətinin keyfiyyətini yaxşılaşdıracaqmı?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Musavat.com-a bildirib ki, hazırda gün ərzində Bakıya təxminən 300 min avtomobil daxil olur. Onun sözlərinə görə, bunun obyektiv səbəbi var: “İctimai nəqliyyat hazırda bu yükü qəbul edə bilmədiyindən insanlar fərdi nəqliyyata yönəlirlər. İctimai nəqliyyat intensiv, komfortlu, dayanıqlı və proqnozlaşdırıla bilən formatda işləyərsə, insanlar daha çox bu nəqliyyat növünə üstünlük verərlər”.

R.Ağamirzəyevin fikrincə, ödənişli zonaların tətbiqi özlüyündə nəqliyyat problemini həll edə bilməz: “İnsanların bir nəqliyyat növündən digərinə keçmək imkanı olmalıdır. Yəni alternativ nəqliyyat vasitələri inkişaf etdirilməlidir ki, insanlar fərdi avtomobildən imtina edərək ictimai nəqliyyata yönələ bilsinlər. Təkcə ödənişli zonanın tətbiqi məsələni həll edə bilməz. Hər hansı məhdudiyyət tətbiq olunursa, onun alternativləri də inkişaf etdirilməlidir”, – deyə ekspert vurğulayıb.

Yol təhlükəsizliyi insan həyatına verilən dəyərin göstəricisidir”-  Nəqliyyat eksperti Rauf Ağamirzəyev<!-- --> | tehsil365.news

Müsahibimiz hesab edir ki, Bakıətrafı ərazilərdən paytaxta daxil olan avtomobillərin sayını azaltmaq üçün ilk növbədə şəhərətrafı dəmir yolu nəqliyyatının imkanları genişləndirilməlidir: “Şəhərətrafı elektrik qatarı şəbəkəsinin sağlamlaşdırılması və qatarların sayının artırılması məsələsini sürətləndirməliyik. Şəhərətrafı ərazilərdən 300 min avtomobil gəlirsə, dəmir yolu inkişaf etdirilərək sürətli və intensiv daşımalar həyata keçirilsə, insanlar avtomobillərini dəmir yolu stansiyalarının yaxınlığında park edib şəhərə qatarla daxil ola bilərlər. Digər istiqamət avtobus nəqliyyatıdır. Təxminən 30 kilometrədək məsafənin müəyyən hissəsində sərnişin daşımalarını avtobuslar həyata keçirə bilər. Avtobus parkı yenilənir, nəqliyyat vasitələrinin sayı artırılır. Ancaq əsas yük relsli nəqliyyat növlərinin üzərinə düşməlidir. Çünki bir qatarın daşıdığı sərnişin sayını daşımaq üçün bir neçə avtobus tələb olunur”.

Ekspertin sözlərinə görə, şəhərətrafı qatarlar faktiki olaraq yerüstü metro prinsipi ilə işləməlidir. Bunun üçün qatarların hərəkət intervalları qısaldılmalı, metro, avtobus və dəmir yolu arasında rahat inteqrasiya təmin edilməlidir.

R.Ağamirzəyev hesab edir ki, ictimai nəqliyyatın inkişafı ilə yanaşı, şəhərətrafı ərazilərdən mərkəzə daxil olan insanlar üçün piyada hərəkət imkanları da yaxşılaşdırılmalıdır. Onun sözlərinə görə, paytaxtın müxtəlif istiqamətlərindən mərkəzə doğru piyada infrastrukturunun yenilənməsinə ehtiyac var: “Şimal istiqamətində Qış parkına qədər olan ərazidə, şərq istiqamətində Koroğlu metrosundan şəhər mərkəzinə doğru Heydər Əliyev və Azadlıq prospektləri boyunca, cənub istiqamətində isə Bibiheybətdən Bayraq meydanına qədər piyada səkiləri abadlaşdırılmalıdır”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki