Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınızı və suyunuzu kəssələr, bu addımı atın!

Çoxmənzilli yaşayış binalarında xidmət haqlarının ödənilməsi ilə bağlı sakinlərlə Mənzil-Tikinti Kooperativləri (MTK) və komendantlar arasında mübahisələr yaşanır. Bəzi hallarda xidmət haqqını ödəməyən sakinlərə elektrik enerjisi və su təchizatının dayandırılacağı ilə bağlı xəbərdarlıq edilir. Bu isə belə addımların qanuniliyini və sakinlərin hüquqlarını gündəmə gətirir.

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, elektrik enerjisi, su və kanalizasiya xidmətləri müvafiq dövlət qurumlarının idarəçiliyindədir və onların tərəfindən təmin olunur. Vətəndaş ödəniş etmədikdə və ya kifayət qədər borcu olduqda bu xidmətlərin dayandırılması barədə qərar yalnız müvafiq qurumlar tərəfindən verilə bilər.

Onun sözlərinə görə, MTK-nın və ya komendantın xidmət haqqını ödəməyən sakinin elektrik enerjisi və su təchizatını dayandırmaq üçün hər hansı səlahiyyəti və hüququ yoxdur. Çünki vətəndaşlardan alınan aylıq ödənişlər MTK tərəfindən göstərilən mühafizə, lift, təmizlik, binanın saxlanması və digər xidmətlərə görə müəyyənləşdirilir. Hər hansı ödəniş gecikməsi baş verərsə, bu, ən pis halda həmin xidmətlərə təsir göstərə bilər.

V.Oruc qeyd edib ki, vətəndaşla MTK arasında müvafiq müqavilənin olub-olmamasına da diqqət yetirilməlidir. Mənzil sahibi ona elan edilmiş hər hansı məbləği şərtsiz ödəməməli, ilk növbədə həmin ödənişin maliyyə əsaslandırılmasını tələb etməlidir.

Onun sözlərinə görə, məsələn, bir kvadratmetr üçün bir manat ödəniş müəyyən edilibsə və vətəndaşın mənzili 100 kvadratmetrdirsə, aylıq 100 manatın il ərzində hansı istiqamətlərə xərclənəcəyi barədə mənzil sahibinin məlumatı olmalıdır.

AQC sədri vurğulayıb ki, Azərbaycanda belə bir yanaşma formalaşıb: komendantların və ya MTK-ların tələb etdiyi məbləğ sakinlər tərəfindən heç bir sual verilmədən ödənilməlidir. Halbuki mənzil sahibi binanın saxlanması və idarə olunması ilə bağlı qanuni ödənişlərdən yayınmamalı olsa da, ödənişin miqdarı və dövriliyi barədə mütləq məlumatlandırılmalıdır.

O bildirib ki, Mənzil Məcəlləsinin 138.5 və 139.1-ci maddələrində MTK-ların və idarəetmə orqanlarının ümumi əmlakın saxlanması və təmiri üçün ödəniş müəyyənləşdirmək hüququ, mülkiyyətçilərin isə həmin xərcləri ödəmək öhdəliyi təsbit olunub. Lakin bu hüquq həmin qurumlara cəza vasitəsi kimi hər hansı kommunal xidmətin dayandırılması səlahiyyəti vermir.

V.Orucun sözlərinə görə, elektrik enerjisi və su təchizatı ilə bağlı qanunvericilik bu məsələnin MTK və ya komendantın səlahiyyətinə aid olmadığını göstərir. Bununla yanaşı, sakinlərin onlardan tələb olunan məbləğin maliyyə əsaslandırılmasını istəmək hüququ var. MTK və ya komendant müəyyən edilmiş ödənişlərin hansı əsaslarla hesablandığını həm dövlət qurumlarına, həm də vətəndaşlara izah etməlidir.

O qeyd edib ki, hər hansı xidmət təqdim edilirsə, onun maliyyə əsaslandırması olmalı, çəkilən xərclər göstərilməli və əlavə mənfəətin miqdarı da əsaslandırılmalıdır.

AQC sədri əlavə edib ki, belə hallarla üzləşən sakinlər məhkəməyə müraciət edə bilərlər. Məhkəməyə müraciət etməzdən əvvəl isə müvafiq aidiyyəti qurumlara, o cümlədən Azərişığın rəhbərliyinə və müvafiq strukturlarına müraciət etmək mümkündür. Onun fikrincə, MTK və ya komendant tərəfindən bu cür addımların atılması qanunsuz və özbaşına xarakter daşıyır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki