Müasir dövrdə ailə münasibətlərində baş verən dəyişikliklər, boşanmaların artması və doğum səviyyəsinin azalması cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Qadınların iqtisadi müstəqilliyinin artması, kişilərlə qadınlar arasında sosial rolların dəyişməsi və ailədaxili məsuliyyətlərin bölüşdürülməsi ənənəvi ailə modelinə yeni yanaşmaları gündəmə gətirir. Digər tərəfdən, maddi problemlər, psixoloji hazırlığın yetərsizliyi və qarşılıqlı gözləntilərin uzlaşmaması ailələrin dağılmasına təsir edən amillər sırasındadır.
Bəs müasir ailələr niyə əvvəlki kimi dayanıqlı deyil? Qadın və kişinin dəyişən sosial rolları boşanmalara necə təsir göstərir? Gənclər niyə ailə qurmağa və övlad sahibi olmağa tələsmirlər?
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən sosioloq Nailə İsmayılova müasir ailə modelində baş verən dəyişiklikləri şərh edib, boşanmaların və doğum səviyyəsinin azalmasının səbəblərindən danışıb.
Ekspertin fikirlərini təqdim edirik:
Sosioloq bildirib ki, müasir cəmiyyətdə baş verən dəyişikliklər ailə institutuna da ciddi təsir göstərir:
“Yaşadığımız müasir dövrün xüsusiyyətlərini özündə əks etdirən dəyişikliklər hər sahədə olduğu kimi, müasir ailə modelində də özünü qabarıq şəkildə göstərir. Ailə institutunun qarşılaşdığı müasir çağırışlar, gender rollarının dəyişməsi, boşanmaların artması və doğum səviyyəsinin azalması artıq təkcə demoqrafik deyil, həm də ciddi sosial-psixoloji məsələ kimi qiymətləndirilməlidir.
Müasir cəmiyyət böyük dəyişikliklər dövrünü yaşayır. Bu dəyişikliklər insanların həyat tərzində, dünyagörüşündə, ailəyə münasibətində, qadın və kişinin sosial rollarına yanaşmasında özünü açıq şəkildə göstərir. Əvvəllər ailə münasibətlərində daha çox ənənəvi bölgü üstünlük təşkil edirdisə, bu gün qadınların təhsil alması, əmək bazarında fəal iştirakı, iqtisadi müstəqilliyinin artması və ictimai həyatda daha geniş təmsil olunması ailədaxili münasibətlərin də yenidən formalaşmasına səbəb olur”.
Nailə İsmayılova gender bərabərliyinin ailə institutuna təhlükə kimi qiymətləndirilməsinin düzgün yanaşma olmadığını vurğulayıb:
“Gender bərabərliyi ailə institutuna qarşı alternativ deyil. Əksinə, düzgün anlaşıldıqda və tətbiq olunduqda ailədə ədalətli münasibətlərin, qarşılıqlı hörmətin və tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Problem bərabər hüquqların mövcudluğunda deyil, dəyişən sosial münasibətlərə uyğunlaşmaqda çətinlik çəkən düşüncə tərzindədir”.
Ekspert müasir ailələrdə qadın və kişilərin üzərinə düşən məsuliyyətlərin düzgün bölüşdürülməməsinin psixoloji gərginlik yaratdığını deyib:
“Bu gün bir çox ailələrdə qadın həm işləməli, həm evin qayğılarını daşımalı, həm də uşaqların tərbiyəsi ilə məşğul olmalıdır. Kişidən isə ənənəvi olaraq ailənin bütün maddi təminatını üzərinə götürməsi gözlənilir. Nəticədə hər iki tərəfin üzərində ciddi psixoloji yük yaranır.
Əgər bu məsuliyyətlər qarşılıqlı razılaşma və ədalətli bölgü əsasında həyata keçirilmirsə, ailədə narazılıq, emosional uzaqlaşma və münaqişələr yaranır. Əslində, gender bərabərliyi ailə münasibətlərində hakimiyyət mübarizəsi deyil, məsuliyyətin və imkanların ədalətli bölüşdürülməsi deməkdir.
Qadının iqtisadi müstəqilliyi kişinin ailədəki rolunu zəiflətməməli, kişinin ailə məsuliyyəti isə qadının fərdi inkişafına mane olmamalıdır. Müasir ailənin əsas ehtiyacı bir-birinə rəqib olan tərəflər deyil, eyni məqsədə doğru birlikdə addımlayan tərəfdaşlardır”.
Sosioloq boşanmaların artmasının arxasında bir sıra sosial və psixoloji səbəblərin dayandığını bildirib:
“Boşanmaların sosial-psixoloji səbəbləri kifayət qədər çoxşaxəlidir. İlk növbədə, ailə qurmağa psixoloji hazırlığın yetərli olmaması, tərəflərin bir-birindən real olmayan gözləntiləri, ünsiyyət problemləri, emosional yetkinliyin çatışmazlığı və münaqişələri sağlam şəkildə həll etmək bacarığının zəifliyi mühüm rol oynayır.
Eyni zamanda maddi çətinliklər, mənzil problemi, işsizlik, gələcəklə bağlı qeyri-müəyyənlik və gündəlik həyatın yaratdığı stress ailədaxili münasibətlərə çox ciddi təsir göstərir.
Müasir dövrün qadını və kişisi ailədə yalnız maddi təminat və ya məişət xidmətləri deyil, həm də emosional yaxınlıq, diqqət, anlayış və mənəvi dəstək axtarır. Əgər bu ehtiyaclar qarşılanmırsa, eyni evdə yaşayan insanlar arasında belə emosional tənhalıq yaranır”.
Nailə İsmayılova qadınların iqtisadi müstəqilliyinin artmasının bəzi nikahların sona çatmasına təsir etdiyini, lakin bunun hər zaman mənfi hal kimi qiymətləndirilməməli olduğunu qeyd edib:
“Əvvəllər iqtisadi asılılıq səbəbindən davam etdirilən bəzi nikahlar bu gün qadınların seçim imkanlarının genişlənməsi ilə fərqli nəticələnir. Əslində, bu, özlüyündə mənfi hal deyil. Heç bir insan yalnız maddi asılılıq, qorxu və ya sosial qınaq səbəbindən zorakı və sağlam olmayan münasibətdə yaşamağa məcbur edilməməlidir.
Ailənin qorunması naminə zorakılığa, alçaldılmaya və hüquq pozuntularına göz yummaq ailə dəyərlərinin müdafiəsi demək deyil. Sağlam ailə insanın psixoloji və fiziki təhlükəsizliyini təmin edən mühit olmalıdır”.
Ekspert doğum səviyyəsinin azalmasının səbəblərinə də toxunub. O bildirib ki, gənclər övlad sahibi olmaq qərarını verərkən ilk növbədə gələcək təminatlarını nəzərə alırlar:
“Doğum səviyyəsinin aşağı düşməsi yalnız demoqrafik göstərici kimi qəbul edilməməlidir. Bu prosesin arxasında sosial, iqtisadi və psixoloji səbəblərin bütöv bir kompleksi dayanır.
Bu gün bir çox gənclər ailə qurmaq və övlad sahibi olmaq qərarını daha uzun müddət düşünürlər. Çünki valideynlik artıq yalnız bioloji və ya ənənəvi sosial məsuliyyət kimi deyil, həm də ciddi iqtisadi, mənəvi və psixoloji öhdəlik kimi dərk olunur.
Gənclər mənzil əldə etmək, sabit iş tapmaq, gəlirlərini təmin etmək, uşağın keyfiyyətli təhsilini və sağlam inkişafını təşkil etmək kimi məsələləri nəzərə alırlar. Gələcəyə inamın zəifləməsi, həyat standartları ilə bağlı narahatlıqlar və valideyn məsuliyyətinin ağırlığı bəzi insanların övlad sahibi olmaq qərarını təxirə salmasına səbəb olur”.
Sosioloq qadınların həm işləmək, həm də ailə qayğılarını təkbaşına daşımaq məcburiyyətində qalmasının doğum səviyyəsinə də mənfi təsir göstərə biləcəyini vurğulayıb:
“Qadın karyera qurmaq, iqtisadi müstəqilliyini qorumaq və eyni zamanda ana olmaq arasında seçim etmək məcburiyyətində qalmamalıdır. Əgər cəmiyyət qadınlardan həm yüksək peşəkar nəticələr, həm də bütün ailə qayğılarını təkbaşına daşımağı gözləyirsə, bu, gələcəkdə valideyn olmaq istəyinə də mənfi təsir göstərə bilər.
Ona görə də doğum səviyyəsinin yüksəldilməsi üçün yalnız çoxuşaqlı ailələrin təbliği kifayət etmir. Gənc ailələrin mənzil təminatı, məşğulluq imkanları, əlçatan uşaq bağçaları, valideyn məzuniyyətinin səmərəli təşkili və uşağa qulluqda hər iki valideynin iştirakını təşviq edən mexanizmlər vacibdir”.
Nailə İsmayılova müasir dövrdə insanların sosial əlaqələrinin zəifləməsi və tənhalıq hissinin artmasının da ailə münasibətlərinə təsirsiz ötüşmədiyini bildirib:
“Rəqəmsal ünsiyyət imkanları genişlənsə də, bu, hər zaman real emosional yaxınlığı əvəz etmir. İnsanlar sosial şəbəkələrdə yüzlərlə əlaqəyə malik ola, lakin gündəlik həyatlarında dərdlərini bölüşəcək, onlara dəstək olacaq bir insanın yoxluğunu hiss edə bilərlər. Bu vəziyyət ailə münasibətlərinə də sirayət edir.
Digər tərəfdən, ailədaxili münaqişələrin, valideynlər arasında davamlı gərginliyin və boşanmaların uşaqların psixoloji inkişafına təsiri də ciddi narahatlıq doğurur. Uşaq üçün ailə yalnız yaşayış məkanı deyil, onun təhlükəsizlik, sevgi, etibar və şəxsiyyət kimi formalaşması mühitidir.
Valideynlər arasında qarşıdurma, emosional soyuqluq və uşağın münaqişələrə cəlb edilməsi onun gələcək münasibətlərinə, özünəinamına və psixoloji sağlamlığına mənfi təsir göstərir. Bu səbəbdən ailə siyasəti yalnız nikahların sayının qorunmasına deyil, ailələrin daxilində münasibətlərin keyfiyyətinə də yönəlməlidir”.
Ekspert ailələrin dağılmasının qarşısını almaq üçün nikahdan əvvəl psixoloji hazırlığın və maarifləndirmənin gücləndirilməsini vacib hesab edir:
“Gənclərə yalnız ailə qurmağın hüquqi tərəfləri deyil, qarşılıqlı məsuliyyət, münaqişələrin həlli, büdcənin idarə olunması, valideynlik və sağlam ünsiyyət bacarıqları da öyrədilməlidir.
Ailələr üçün psixoloji dəstək xidmətləri əlçatan olmalıdır. Ailə münaqişələri dərinləşmədən onların həlli üçün psixoloq və ailə məsləhətçilərinin xidmətlərindən istifadə imkanları genişləndirilməlidir. Bu xidmətlər xüsusilə regionlarda daha əlçatan olmalıdır”.
Nailə İsmayılova gender bərabərliyinin ailədaxili məsuliyyətlərin bölüşdürülməsi ilə birlikdə təbliğ edilməsinin vacibliyini vurğulayıb:
“Uşağın tərbiyəsi, ev işləri, ailənin sosial və iqtisadi qayğıları yalnız bir tərəfin üzərinə qoyulmamalıdır. Atanın övladının həyatında fəal iştirakı, ananın isə özünüreallaşdırma imkanlarının qorunması sağlam ailənin vacib şərtlərindəndir.
Gənc ailələrin sosial və iqtisadi müdafiəsi – mənzil, məşğulluq, uşaq baxımı və sosial təminat məsələlərində real dəstək mexanizmlərinin yaradılması zəruridir. Valideynlik məsuliyyətinin təşviqinə də xüsusi diqqət yetirilməlidir. Atalıq və analıq yalnız bioloji status deyil, uşağın həyatında fəal iştirak, sevgi, qayğı və mənəvi dəstək deməkdir”.
Sosioloq ailə dəyərlərinin qorunmasında medianın və vətəndaş cəmiyyətinin roluna da diqqət çəkib:
“Televiziya proqramları, sosial layihələr, maarifləndirici kampaniyalar və ictimai müzakirələr vasitəsilə sağlam münasibətlər, qarşılıqlı hörmət və məsuliyyət mədəniyyəti təşviq edilməlidir. Bir sözlə, ailəni qorumaq üçün düşüncə tərzimizi dəyişməliyik”.
Sonda Nailə İsmayılova bildirib ki, müasir ailənin möhkəmliyi ənənəvi rolların dəyişməz saxlanılmasından deyil, ailə üzvləri arasında sağlam münasibətlərin qurulmasından asılıdır:
“Müasir gender yanaşmaları ilə ailə institutunun qorunması bir-birinə zidd anlayışlar deyil. Əsas məsələ dəyişən cəmiyyətin reallıqlarını düzgün dərk etmək və ailə münasibətlərini yeni sosial şəraitə uyğunlaşdırmaqdır.
Biz ailəni yalnız nikah statistikası, doğum göstəriciləri və ənənəvi rollar üzərindən qiymətləndirməməliyik. Ailənin əsl gücü onun üzvlərinin bir-birinə göstərdiyi hörmətdə, güvəndə, sevgidə və çətinlikləri birlikdə aşmaq bacarığındadır.
Qadının hüquqlarını qorumaq ailəni zəiflətmir, kişinin ailə məsuliyyətini bölüşməsi onun nüfuzunu azaltmır. Əksinə, hər iki tərəfin özünü dəyərli, təhlükəsiz və məsuliyyətli hiss etdiyi ailələr daha dayanıqlı olur.
Mənim qənaətimcə, bu gün qarşımızda duran əsas vəzifə keçmişin ailə modelini olduğu kimi saxlamaq və ya müasirliyin bütün meyillərini qeyd-şərtsiz qəbul etmək deyil. Əsas vəzifə milli-mənəvi dəyərlərlə müasir hüquq və bərabərlik prinsipləri arasında sağlam tarazlıq yaratmaqdır. Çünki güclü cəmiyyətin təməli sağlam ailədir. Sağlam ailənin təməli isə qorxu, məcburiyyət və asılılıq deyil, sevgi, etimad, qarşılıqlı hörmət və bərabər məsuliyyətdir”.
