2027-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi ölkənin gələn il üçün iqtisadi və sosial prioritetlərini yenidən gündəmə gətirib. Büdcədə sosial müdafiə, müdafiə və investisiya xərclərinin bölgüsü, eləcə də qeyri-neft sektorunun inkişafı və əhalinin real gəlirlərinin artırılması əsas müzakirə mövzularındandır. Büdcə vəsaitlərinin hansı istiqamətlərə yönəldilməsi gələn il ölkənin iqtisadi inkişafına və əhalinin rifahına təsir baxımından mühüm əhəmiyyət daşıyır.
Referans Media-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, 2027-ci il dövlət büdcəsi layihəsi ölkənin mövcud iqtisadi vəziyyəti, sosial ehtiyacları və təhlükəsizlik prioritetləri baxımından ümumilikdə əsaslandırılmış yanaşmaya söykənir.
Onun sözlərinə görə, büdcənin əsas məqsədləri makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın təsirlərinin azaldılması, sosial müdafiənin gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsidir. Lakin büdcənin effektivliyi yalnız ayrılan vəsaitlərin həcmi ilə deyil, onların iqtisadiyyata və əhalinin rifahına verdiyi real töhfə ilə ölçülməlidir.
Ekspert qeyd edib ki, sosial xərclərin yüksək paya malik olması dövlətin əhalinin sosial müdafiəsinə verdiyi əhəmiyyəti göstərir. Müdafiə xərcləri Azərbaycanın mövcud geosiyasi reallıqları və təhlükəsizlik ehtiyacları ilə əsaslandırılır. İnvestisiya xərclərinin infrastrukturun yenilənməsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, nəqliyyat-logistika layihələrinə yönəldilməsi isə uzunmüddətli inkişaf baxımından əhəmiyyətlidir.
G.Hüseynovanın fikrincə, investisiyalar yalnız infrastruktur layihələri ilə məhdudlaşmamalı, yeni istehsal müəssisələrinin yaradılmasına, sahibkarlığın inkişafına və dayanıqlı iş yerlərinin formalaşmasına xidmət etməlidir. Xüsusilə emal sənayesi, kənd təsərrüfatı, turizm, logistika və informasiya texnologiyalarına dəstəyin artırılması qeyri-neft sektorunun inkişafını sürətləndirə bilər.
O bildirib ki, əhalinin real gəlirlərinin artması üçün əməkhaqları, pensiyalar və sosial ödənişlərin inflyasiyanı üstələyən səviyyədə artırılması vacibdir. Çünki nominal gəlirlərin yüksəlməsi hər zaman alıcılıq qabiliyyətinin artması demək deyil.
İqtisadçı ekspert hesab edir ki, 2027-ci il büdcəsinin əsas hədəfi sosial sabitliyi qorumaqla yanaşı, iqtisadiyyatın istehsal və ixrac potensialını gücləndirmək olmalıdır. Dövlət investisiyaları özəl sektorun inkişafını stimullaşdırmalı, büdcə xərcləri yeni iqtisadi dəyər yaratmalıdır.
Onun sözlərinə görə, yalnız bu halda büdcə əhalinin rifahının yüksəlməsinə və qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafına real töhfə verə bilər.
Gülnaz Abdullazadə
