Bir sıra ölkələrdə tütün məmulatlarının istifadəsinin mərhələli şəkildə məhdudlaşdırılması və siqaretsiz cəmiyyətə keçidlə bağlı təşəbbüslər müzakirə olunur. Bu istiqamətdə atılan addımlar ictimai sağlamlıqla yanaşı, iqtisadiyyat, dövlət büdcəsinin gəlirləri və tütün ticarətinə də təsir göstərir. Azərbaycanda da siqaret istehlakının azaldılması və tütün satışına nəzarətin gücləndirilməsi məsələsi aktuallıq daşıyır.
Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda siqaret istehlakının azaldılması ilk növbədə ictimai sağlamlıq və səhiyyə xərclərinin optimallaşdırılması baxımından müsbət nəticələr verə bilər.
Onun sözlərinə görə, tütün istifadəsi yalnız fərdi sağlamlıq problemi deyil, həm də iqtisadi itkilərə səbəb olan amildir. Siqaret çəkən insanların gələcəkdə ürək-damar, tənəffüs və onkoloji xəstəliklərə tutulma riski artır. Bu isə həm dövlətin səhiyyə xərclərinin, həm də ailələrin müalicəyə ayırdığı vəsaitin artmasına gətirib çıxarır. Eyni zamanda əmək qabiliyyətinin itirilməsi, erkən ölüm və iş məhsuldarlığının aşağı düşməsi iqtisadiyyata əlavə zərər vurur.
Ekspert qeyd edib ki, siqaret istehlakının azaldılması uzunmüddətli perspektivdə dövlət üçün iqtisadi baxımdan da faydalı ola bilər. İnsanlar tütünə xərclədikləri vəsaiti ərzaq, təhsil, sağlamlıq və digər istehlak sahələrinə yönəldə bilərlər. Bu, daxili tələbin strukturuna da müsbət təsir göstərə bilər.
A.Nəsirli vurğulayıb ki, tütün istehlakının azaldılması inzibati qadağalarla deyil, daha çox mərhələli və kompleks siyasətlə həyata keçirilməlidir. Maarifləndirmə, tütündən imtina edənlərə dəstək, satış və reklam məhdudiyyətləri, yetkinlik yaşına çatmayanların tütün məhsullarına çıxışının qarşısının alınması bu siyasətin əsas istiqamətləri olmalıdır.
Onun fikrincə, yaxın perspektivdə Azərbaycanda siqaret satışının tamamilə qadağan edilməsi real görünmür. Çünki bunun üçün yalnız səhiyyə və sosial siyasət deyil, həm də iqtisadi, fiskal və hüquqi məsələlər nəzərə alınmalıdır. Daha real variant siqaret istehlakının tədricən azaldılması, satış məntəqələrinə nəzarətin gücləndirilməsi, yaş məhdudiyyətlərinin ciddi tətbiqi və aksiz siyasətinin mərhələli şəkildə sərtləşdirilməsidir.
Ekspert beynəlxalq təcrübəyə də diqqət çəkib. O bildirib ki, bəzi ölkələr gələcək nəsillərin siqaretə başlamasının qarşısını almaq üçün müəyyən tarixdən sonra doğulan şəxslərə tütün satışını qadağan etməyi nəzərdə tutan mexanizmlər tətbiq etməyə çalışıblar. Maldiv adalarında 2025-ci ildən etibarən yeni nəsil üçün belə qadağa qüvvəyə minib. Lakin Yeni Zelandiyada əvvəllər qəbul edilmiş oxşar qanun sonradan ləğv edilib. Bu da belə qərarların davamlılığının siyasi və iqtisadi amillərdən asılı olduğunu göstərir.
A.Nəsirli dövlət büdcəsinin aksiz gəlirləri məsələsinin də xüsusi diqqət tələb etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda tütün məhsulları aksiz vergisinə cəlb olunur və bu məhsulların satışının azalması büdcəyə daxilolmalara təsirsiz ötüşməyəcək.
Ümumdünya Səhiyyə Təşkilatının 2025-ci il hesabatına istinad edən ekspert qeyd edib ki, 2024-cü ildə Azərbaycanda ən çox satılan siqaret markasının pərakəndə satış qiymətinin təxminən 49,9 faizi vergilərin payına düşüb. Bu isə tütün məhsullarının büdcə gəlirləri baxımından əhəmiyyətini göstərir.
Bununla belə, ekspert hesab edir ki, dövlətin iqtisadi marağı yalnız aksiz gəlirlərinin qorunmasından ibarət olmamalıdır. Siqaret istehlakının azalması nəticəsində səhiyyə xərclərinin aşağı düşməsi, əmək qabiliyyətinin qorunması və məhsuldarlığın artması uzunmüddətli perspektivdə büdcə üçün daha böyük iqtisadi fayda yarada bilər. Buna görə də qısamüddətli vergi itkisi ilə uzunmüddətli sosial-iqtisadi qazancı müqayisə etmək lazımdır.
A.Nəsirli əlavə edib ki, siqaret satışına kəskin məhdudiyyətlərin tətbiqi qeyri-leqal bazarın genişlənməsi riskini də yarada bilər. Qanuni satış imkanları birdən-birə məhdudlaşdırılarsa, lakin istehlakçı tələbi qalmaqda davam edərsə, qaçaqmalçılıq və aksiz markası olmayan məhsulların satışı arta bilər. Bu halda dövlət həm vergi gəlirlərini itirər, həm də keyfiyyətinə və təhlükəsizliyinə nəzarət olunmayan məhsulların dövriyyəsi genişlənər. Buna görə də məhdudiyyətlər tətbiq edilərkən sərhəd nəzarəti, aksiz markalarının izlənilməsi və qanunsuz satışa qarşı mübarizə paralel şəkildə gücləndirilməlidir.
Ekspert tütün ticarətində çalışan sahibkarların və satış məntəqələrinin maraqlarının da nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, siqaret satışının mərhələli şəkildə azalması bu sahədə fəaliyyət göstərən biznes subyektlərinin gəlirlərinə təsir edə bilər. Buna görə də belə siyasət sahibkarlıq subyektlərinin alternativ məhsul və xidmətlərə keçidini nəzərdə tutan iqtisadi yanaşma ilə müşayiət olunmalıdır.
A.Nəsirli hesab edir ki, Azərbaycan üçün ən məqsədəuyğun yol siqaret satışını birdən-birə qadağan etmək deyil, tütün istehlakını uzunmüddətli dövlət siyasəti çərçivəsində mərhələli şəkildə azaltmaqdır. Bunun üçün aksizlərin proqnozlaşdırılan qaydada artırılması, maarifləndirmə işlərinin genişləndirilməsi, siqaretdən imtina etmək istəyənlərə tibbi dəstəyin göstərilməsi və xüsusilə gənclərin tütün məhsullarına çıxışının məhdudlaşdırılması vacibdir.
Onun fikrincə, əsas məqsəd büdcənin tütün satışından əldə etdiyi gəliri qorumaq deyil, gələcəkdə cəmiyyətin tütün asılılığından doğan iqtisadi və sosial itkilərini minimuma endirmək olmalıdır.
Gülnaz Abdullazadə
