Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ EDİLDİ: 47 ilin ən sərt qışı gəlir - Azərbaycanı görünməmiş soyuqlar gözləyir?

Bakıda havanın temperaturunun enməsi, küləyin güclənməsi və yağışlı hava şəraitinin müşahidə olunması qarşıdan gələn qış mövsümü ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ölkənin bir sıra bölgələrində də yağıntıların davam etməsi 2026-2027-ci illərin qışının necə keçəcəyi ilə bağlı suallar yaradıb.

Şimal qütbü üzərində qütb burulğanının erkən zəifləməsi, Sakit okeanda isə El Ninonun güclənməsi qarşıdakı aylarda hava şəraitinə mümkün təsirləri ilə diqqət çəkir. Bəzi proqnozlarda noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hava dalğalarının baş verə biləcəyi bildirilir.

Bəs bu proseslər Azərbaycana da təsir göstərəcəkmi? Ölkəmizdə qış sərt keçəcək, yoxsa əvvəlki illərdə olduğu kimi mülayim hava şəraiti üstünlük təşkil edəcək?

Referans Media-ya açıqlamasında meteoroloq Qorxmaz İbrahimli bildirib ki, qışın necə keçəcəyini qiymətləndirərkən Azərbaycanın coğrafi mövqeyi, mövsümi xüsusiyyətləri və hava axınlarının istiqaməti nəzərə alınmalıdır.

*“Payız mövsümünün özünəməxsus xüsusiyyətləri var. Bu dövrdə havanın dəyişməsi, temperaturun aşağı düşməsi və yağıntıların artması təbii prosesdir. Bunu qeyri-adi hadisə kimi qiymətləndirmək düzgün olmaz.*

*Bakı şəhərinin Xəzər dənizinin sahilində yerləşməsi də hava şəraitinə təsir göstərir. Paytaxt şimaldan gələn soyuq hava kütlələrinin təsirinə daha çox məruz qalır. Ölkəmizin coğrafi mövqeyi və relyefi müxtəlif bölgələrdə fərqli hava şəraitinin yaranmasına səbəb olur”.*

Ekspert qlobal iqlim dəyişikliklərinin və El Nino kimi təbiət hadisələrinin hava proseslərinə təsirinə də toxunub:

*“Qlobal istiləşmə və El Nino kimi hadisələr dünya üzrə iqlim proseslərinə təsir göstərir. Lakin bu amillərin konkret bir bölgədə havanın necə keçəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirdiyini söyləmək olmaz. Hava şəraiti müxtəlif amillərin qarşılıqlı təsiri nəticəsində formalaşır”.*

Qorxmaz İbrahimli Azərbaycanın ayrı-ayrı bölgələrində qışın fərqli keçməsinin təbii olduğunu vurğulayıb:

*“Azərbaycanda qış mövsümü adətən mülayim keçir. Dağlıq ərazilərdə qar yağması və qar örtüyünün yaranması normaldır. Xüsusilə Talış dağlarında, Lerik və Astara istiqamətində qarın daha çox yağdığı və qaldığı ərazilər var. Lerik bu baxımdan seçilən bölgələrdəndir. Düzənlik ərazilərdə isə qış, əsasən, daha yumşaq keçir”.*

Beləliklə, qlobal miqyasda müşahidə olunan iqlim prosesləri qarşıdakı qışla bağlı marağı artırsa da, onların Azərbaycanda mütləq sərt qışa səbəb olacağını demək mümkün deyil. Ölkəmizdə qışın gedişatını yaxın dövr üçün meteoroloji müşahidələr və hava proqnozları daha dəqiq göstərəcək.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki