Hər gün aldığımız məhsullara diqqət: Palma yağı ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycana palma yağı idxalının artması bu məhsulun keyfiyyəti və insan sağlamlığına təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu ilin ilk səkkiz ayında ölkəyə 33 min 555 ton palma yağı idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.

Palma yağının qida sənayesində geniş istifadəsi, digər bitki yağlarından fərqi və həddindən artıq istehlakının yarada biləcəyi risklər istehlakçıları düşündürən əsas məsələlərdəndir.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən qida mütəxəssisi Fərid Səfərov palma yağının xüsusiyyətləri, sağlamlığa təsiri və bazarda keyfiyyətli məhsul seçiminin əhəmiyyəti barədə danışıb.

Ekspert bildirib ki, palma yağının idxalının artması istehlakçıların keyfiyyətli məhsula çıxış imkanlarının avtomatik olaraq yaxşılaşması demək deyil:

“Palma yağının idxalının artması bazarda məhsul çeşidinin genişlənməsinə və qida sənayesində istehsal xərclərinin azalmasına şərait yaratsa da, bu, istehlakçıların daha keyfiyyətli məhsul əldə etmək imkanlarının mütləq yaxşılaşması demək deyil. Əsas məsələ bazarda hansı yağın daha çox olması deyil, məhsulun keyfiyyəti, tərkibi və istehlakçıya düzgün təqdim edilməsidir”.

Fərid Səfərov palma yağının digər bitki yağlarından tərkibinə görə fərqləndiyini vurğulayıb:

“Palma yağı digər bitki yağlarından, xüsusilə zeytun, günəbaxan və qarğıdalı yağlarından yağ turşularının tərkibinə görə fərqlənir. Onun tərkibində doymuş yağ turşularının, xüsusilə palmitin turşusunun miqdarı nisbətən yüksəkdir”.

Mütəxəssis palma yağının həddindən artıq istehlakının sağlamlıq üçün müəyyən risklər yarada biləcəyini qeyd edib:

“Bu yağın həddindən artıq və müntəzəm istehlakı qanda LDL, yəni pis xolesterinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Burada əsas məsələ istehlak miqdarı və ümumi qidalanma balansıdır”.

Ekspert palma yağının qida sənayesində geniş yayılmasının səbəblərindən də danışıb. Onun sözlərinə görə, bu məhsulun nisbətən ucuz olması və texnoloji xüsusiyyətləri istehsalçılar üçün əlverişli hesab edilir:

“Palma yağının qida sənayesində geniş istifadəsinin iqtisadi səbəbləri var. Nisbətən ucuz olması, yüksək temperaturda dayanıqlılığı və məhsulların saxlanma müddətini uzatması istehsalçılar üçün onu cəlbedici edir. Xüsusilə şirniyyat, peçenye, vafli, krem, marqarin və müxtəlif yarımfabrikatların istehsalında istifadə olunur”.

Fərid Səfərov hesab edir ki, palma yağı idxalının artması digər keyfiyyətli bitki yağlarının bazardakı mövqeyini zəiflətməməlidir. O, bu istiqamətdə həm istehsalçıların, həm də nəzarət orqanlarının üzərinə mühüm məsuliyyət düşdüyünü bildirib:

“Mən hesab edirəm ki, palma yağının idxalının artması bazarda keyfiyyətli məhsul seçimini məhdudlaşdırmamalıdır. Bunun üçün istehsalçılar məhsulun tərkibini şəffaf göstərməli, nəzarət orqanları isə idxal olunan yağların keyfiyyətini, təhlükəsizliyini və emal prosesində yarana biləcək zərərli birləşmələri ciddi yoxlamalıdır”.

Mütəxəssis istehlakçılara məhsul seçərkən yalnız qiymətə əsaslanmamağı tövsiyə edib:

“İstehlakçılar da yalnız qiymətə deyil, məhsulun etiketinə, yağın növünə və tərkibindəki doymuş yağların miqdarına diqqət yetirməlidirlər”.

Sonda ekspert vurğulayıb ki, bazarda sağlam rəqabətin və effektiv dövlət nəzarətinin təmin edilməsi istehlakçıların keyfiyyətli məhsul seçimini qorumaq baxımından vacibdir:

“Sağlam rəqabət və effektiv dövlət nəzarəti olarsa, palma yağının bazarda payının artması digər keyfiyyətli bitki yağlarının seçim imkanlarını aradan qaldırmaz. Əsas məqsəd ucuz məhsulun çoxalması deyil, istehlakçının təhlükəsiz, keyfiyyətli və tərkibi barədə məlumatlı olduğu məhsula çıxışının təmin edilməsidir”.

Sima Babayeva

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki