Bakıda torpaq almaq istəyənlərə PİS XƏBƏR: Mərdəkan, Buzovna, Badamdar… Bu ərazilərdə torpaq tapmaq müşkülə çevrilir

Torpaq sahələri məhdud resurs olduğundan onlara tələbat və qiymətlər artmaqda davam edir. Xüsusilə Bakının mərkəzinə yaxın ərazilərdə, eləcə də Mərdəkan, Buzovna və Bilgəh kimi prestijli bağ massivlərində fərdi ev tikintisi üçün torpaq tapmaq getdikcə çətinləşir. Son illərdə tikinti qaydalarına nəzarətin güclənməsi və təyinatı uyğun olmayan torpaqlarda tikintiyə məhdudiyyətlərin artırılması da bu sahədə qiymət artımına təsir göstərir.

Bəs Bakıda torpaq sahələrinin qiyməti niyə sürətlə artır? Hansı ərazilərdə torpaq tapmaq çətinləşib və qarşıdakı dövrdə qiymətlər daha da bahalaşa bilərmi?

Referans Media-ya açıqlama verən əmlak eksperti Elnur Azadovbildirib ki, torpaq tükənən aktiv olduğundan ona tələbatın yüksək

olduğu ərazilərdə qiymət artımı daha sürətli baş verir.

Ekspertin sözlərinə görə, xüsusilə inkişaf edən və torpaq təklifinin azaldığı ərazilərdə qiymətlər daha intensiv artır:

“Torpaq sahələri tükənən aktivdir. Bu səbəbdən torpağın qiyməti daimi artmaqda davam edir. Hansı ərazidə tələbat yüksəkdirsə, inkişaf gedirsə və zaman keçdikcə təkliflərin həcmi azalırsa, həmin ərazidə torpaq daha aktiv satılır və qiymət artımı daha yüksək sürətlə baş verir”.

Elnur Əsədov qeyd edib ki, Azərbaycanda torpağa tələbat həmişə olub və gələcəkdə də olacaq. Xüsusilə fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinə maraq yüksəkdir.

Ekspert bildirib ki, əvvəllər fərdi ev tikintisinə nəzarət mexanizmlərinin zəif olması nəticəsində vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda da yaşayış evləri inşa ediblər. Bu hal xüsusilə Bakıətrafı ərazilərdə geniş yayılıb:

“Keçmişdə fərdi evlərin tikintisinə nəzarət mexanizmi zəif olduğuna görə vətəndaşlar müxtəlif ərazilərdə, hətta qanunvericiliyə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikirdilər. Belə evlərin sayı xüsusilə Bakı ətrafında – Abşeron, Sumqayıt və Xırdalan ərazilərində çoxdur. Təəssüf ki, tələbatın yüksək olması və nəzarət mexanizmlərinin yetərincə güclü olmaması nəticəsində çoxsaylı qanunsuz fərdi yaşayış evləri inşa edilib”.

Onun sözlərinə görə, son illərdə qanunvericilikdə dəyişikliklər edilib və tikintiyə nəzarət gücləndirilib. Təyinatı fərdi yaşayış evlərinin tikintisinə uyğun olmayan torpaqlarda kommunikasiya xətlərinin çəkilməsinə də məhdudiyyətlər tətbiq olunub. Ekspert bu amilin yaşayış üçün uyğun torpaqların qiymətinə təsir etdiyini vurğulayıb:

“2022-ci ilin payızından etibarən təyinatı uyğun olmayan, yəni yaşayış məntəqəsi və fərdi ev tikintisi üçün nəzərdə tutulmayan torpaqlara kommunikasiya xətləri çəkilmir. Bu da öz növbəsində təyinatı uyğun olan torpaqların qiymətinin daha sürətlə artmasına səbəb olub”.

Elnur Əsədovun sözlərinə görə, hazırda Bakının mərkəzinə yaxın ərazilərdə kiçik torpaq sahələri tapmaq olduqca çətindir. Xüsusilə Badamdar, Şıxov və şəhərin mərkəzi hissəsində fərdi evlərin yerləşdiyi ayrı-ayrı yaşayış məntəqələrində torpaq təklifi məhdudlaşıb:

“Misal üçün, Bakı şəhərinin mərkəzinə yaxın ərazilərdə kiçik torpaq sahələrinin tapılması hazırda olduqca çətinləşib. Birinci yerdə Badamdar qəsəbəsi, ikinci yerdə Şıxov ərazisi gəlir. Bundan başqa, şəhərin mərkəzi hissəsində fərdi evlərin faktiki mövcud olduğu ayrı-ayrı ərazilərdə də torpaq sahələri çox azdır”.

Ekspert bildirib ki, torpaq sahələrinə yüksək tələbat xüsusilə prestijli bağ massivlərində müşahidə olunur. Mərdəkan, Buzovna və Bilgəh kimi ərazilərdə torpaq ehtiyatlarının azalması qiymətlərin yüksək səviyyəyə çatmasına səbəb olub:

“Ən yüksək tələbat bağ massivləri, xüsusilə prestijli bağ evlərinin yerləşdiyi ərazilərdədir. Birinci yerdə Mərdəkan, Buzovna və Bilgəh kimi ərazilər gəlir. Həmin ərazilərdə hələ də torpaq sahələri var, lakin onların sayı ciddi şəkildə məhdudlaşıb. Qiymətlər də olduqca yüksəkdir”.

Elnur Əsədov mənzil və fərdi yaşayış evlərinin qiymətindəki artımın torpaq bazarına da təsir etdiyini bildirib. Onun sözlərinə görə, 2021-ci ildən indiyədək daşınmaz əmlak bazarında ciddi bahalaşma qeydə alınıb:

“Ölkədə mənzil və fərdi evlərin qiymətləri 2021-ci ildən etibarən aktiv şəkildə artmaqdadır. Həmin dövrlə indiki dövrü müqayisə etsək, qiymətlərdə 85 faizə qədər artım müşahidə olunur. Mənzil və fərdi evlərə tələbatın yüksək olması torpaq sahələrinin qiymətinə də mütənasib təsir göstərir”.

Ekspertin qənaətinə görə, torpaq fondunun məhdud olması və bazarda təklifin azalması qarşıdakı dövrdə də qiymət artımını şərtləndirəcək. Xüsusilə yaşayış tikintisi üçün təyinatı uyğun olan torpaq sahələrinin daha da bahalaşacağı gözlənilir.

Beləliklə, Bakıda torpaq almaq istəyənləri qarşıdakı dövrdə daha yüksək qiymətlər gözləyə bilər. Xüsusilə mərkəzə yaxın ərazilərdə və prestijli bağ massivlərində torpaq sahələrinin azalması bu bazarda rəqabəti daha da gücləndirə bilər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki