Bakının qaranlıq yolları sürücüləri təhlükəyə atır – Ekspertdən SOS

Bakıda velosiped infrastrukturunun genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Paytaxtın 9 kəsişməsində 28 yeni velosiped svetofor bölməsi quraşdırılıb. Bununla da şəhərdə velosipedçilər üçün nəzərdə tutulan svetofor bölmələrinin sayı 160-a çatıb. Bu addım velosipedlə hərəkətin təhlükəsizliyinin artırılması və alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi baxımından əhəmiyyətlidir. Lakin Bakıda velosipedçilərin təhlükəsiz hərəkəti üçün təkcə xüsusi svetoforların quraşdırılması kifayət edirmi?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, belə svetoforların quraşdırılması şəhərdə velosiped infrastrukturunun inkişafı baxımından müsbət addımdır: “Lakin təhlükəsiz hərəkətin təmin olunması üçün təkcə svetoforların quraşdırılması kifayət etmir. Velosiped zolaqları vahid və fasiləsiz şəbəkə yaratmalı, velosipedçilər şəhərin bir nöqtəsindən digərinə təhlükəsiz şəkildə hərəkət edə bilməlidirlər”.

Ekspert qeyd edib ki, sürücülərin velosipedçilərə münasibəti də dəyişməlidir: “Sürücülər bilməlidirlər ki, yolda onların hüquqları olduğu kimi, velosipedçilərin də hüquqları var və onlar yol hərəkətinin tamhüquqlu iştirakçılarıdır. Bu baxımdan, sürücülər velosiped zolaqlarının zəbt edilməsinə, dönmə zamanı diqqətsizliyə və velosipedçilərlə, eləcə də elektrikli samokat istifadəçiləri ilə toqquşma riskinə xüsusi diqqət yetirməlidirlər. Beləliklə, infrastrukturun qurulması ilə yanaşı, nəzarətin gücləndirilməsi və sürücülərin yol mədəniyyətinin artırılması da vacibdir.

Yol hərəkəti iştirakçılarının bir-birinə münasibəti təkcə şəxsi davranışdan deyil, həm də yol infrastrukturunun vəziyyətindən asılıdır. Burada söhbət yalnız yol nişanlanmasından getmir, yolların işıqlandırılması da mühüm əhəmiyyət daşıyır. Qaranlıq yollarda sürücülər arasında vizual kontaktın yaranması çətinləşir, onlar bir-birini vaxtında görməkdə çətinlik çəkirlər. Şəhərin bir sıra ərazilərində yollar çox qaranlıqdır, bəzi yerlərdə isə işıqlandırma olsa da, zəifdir və müasir avtomobil yollarına qoyulan tələblərə cavab vermir”.

“İşıqlandırma məsələsi uzun illərdir ki, şəhərimizdə problem olaraq qalır. Halbuki Bakı şəhərində yolların işıqlandırılması ilə bağlı dövlət proqramında bu işə hansı qurumun cavabdeh olduğu konkret göstərilib. Artıq 2026–2027-ci illərdə işıqlandırma ilə bağlı problemlərin həll edilməsi nəzərdə tutulur. Təəssüf ki, bununla bağlı hər hansı xüsusi layihələrin hazırlandığının şahidi deyilik”, – deyə ekspert bildirib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki