Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı müzakirələr ölkənin daxili siyasi həyatında yeni və gərgin mərhələnin başlanmasına səbəb ola bilər. Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə gündəmə gələn proses yalnız hüquqi dəyişiklik deyil, həm də revanşist qüvvələrin siyasi gələcəyinə təsir edəcək mühüm addım kimi qiymətləndirilir. Eyni zamanda, Rusiyanın və İranın bu prosesə mümkün təsiri ilə bağlı suallar yaranır.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, konstitusiya dəyişikliyi Ermənistanda revanşist qüvvələrin mövqelərinə ciddi zərbə vura bilər:
“Ermənistanda daxili siyasi proseslərin yeni mərhələsi başlayır. Böyük ehtimalla, bu mərhələ müəyyən gərginliklə müşayiət olunacaq. Çünki konstitusiyanın dəyişdirilməsi təkcə dövlətin əsas sənədinə düzəliş edilməsi demək deyil. Bu, həm də Ermənistanın siyasi səhnəsindən silinmək istəməyən köhnə revanşist qüvvələrin mövcudluğu ilə bağlı məsələdir.
Ermənistanın hazırkı konstitusiyası revanşist və Azərbaycana qarşı müharibə ritorikası ilə çıxış edən qüvvələrin siyasi mövqeləri baxımından mühüm sənəd hesab olunur. Onlar da anlayırlar ki, konstitusiyanın dəyişdirilməsi revanşist qüvvələrin Ermənistan siyasətindəki mövqelərinə ciddi zərbə vura bilər. Hətta bu qüvvələrin siyasi səhnədən tamamilə silinməsi ehtimalını da istisna etmək olmaz.
Ona görə də bu yeni mərhələ Paşinyan üçün asan keçməyəcək. Bununla belə, Paşinyanın indiyədək konstitusiya məsələsi ilə bağlı çoxsaylı çətinliklərdən keçməsi deməyə əsas verir ki, o, bu mərhələni də adlamağa çalışacaq”.
Ekspertin sözlərinə görə, Paşinyanı konstitusiya dəyişikliyi prosesində yalnız daxili siyasi qüvvələr deyil, xarici təsirlər də çətin vəziyyətə sala bilər:
“Paşinyan üçün konstitusiya dəyişikliyi ilə bağlı çətinliklər xaricdən də qaynaqlanacaq. Ən azı Kreml hakimiyyətində və İranda müəyyən dairələr bu prosesdə Paşinyanın mövqelərinin mümkün qədər zəiflədilməsində maraqlıdırlar.
Onlar referendumun keçirilməsinin pozulmasından tutmuş, yeni konstitusiyanın məzmununa təsir göstərmək cəhdlərinə qədər müxtəlif siyasi vasitələrdən istifadə etməyə çalışa bilərlər. Ermənistanda daxili siyasi vəziyyətin kəskinləşməsində həm İranın, həm də Rusiyanın müəyyən dairələrinin maraqlı olduğunu düşünürəm”.
Aydın Quliyev qeyd edib ki, Moskva və Tehran Ermənistanla Azərbaycan arasında sülh sazişinin mövcud şərtlər daxilində imzalanmasını arzulamır:
“Yeni konstitusiyanın qəbulunun regionda Azərbaycanla sülh sazişinin imzalanması ərəfəsinə təsadüf etdiyini nəzərə almaq lazımdır. Açıq danışaq, nə İran, nə də Rusiya bugünkü şərtlərlə Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasını istəyir.
Bu səbəbdən Ermənistan daxilindəki revanşist qüvvələr, eləcə də İranda və Rusiyada müəyyən dairələr bu mərhələdə Paşinyana qarşı ciddi şəkildə aktivləşəcəklər. Bununla da Ermənistanda daxili siyasi mübarizənin daha da kəskinləşməsi mümkündür. Hadisələrin sonrakı inkişafını isə zaman göstərəcək”.
Beləliklə, qarşıdakı dövrdə Ermənistanın konstitusiya dəyişikliyi prosesi yalnız ölkədaxili siyasi mübarizənin deyil, həm də regiondakı geosiyasi maraqların toqquşduğu əsas məsələlərdən birinə çevrilə bilər.
