Azərbaycanda 2027-ci il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılacaq. Eyni zamanda, qeyri-neft-qaz və qeyri-dövlət sektorunda çalışanlara tətbiq edilən vergi güzəştlərinin müddəti uzadılmayıb. Dəyişikliklərin əməkhaqlarından tutulan vergi məbləğinə, vətəndaşların xalis gəlirlərinə və sahibkarların maliyyə xərclərinə təsir edəcəyi gözlənilir. Bəs bu qərar əhalinin alıcılıq qabiliyyətinə və əmək bazarına necə təsir göstərəcək?
Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, gəlir vergisi dərəcələrinin artırılması və qeyri-neft-qaz, qeyri-dövlət sektorunda çalışanlara tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılmaması ilk növbədə muzdla çalışan vətəndaşların əlinə çatan xalis gəlirlərin azalmasına səbəb olacaq.
Onun sözlərinə görə, əməkhaqqının müəyyən hissəsi vergi şəklində tutulduqda işçinin faktiki əldə etdiyi gəlir azalır. Bu isə xüsusilə orta və aşağı əməkhaqqı alan şəxslərin ailə büdcəsinə daha ciddi təsir göstərə bilər. Nəticədə onların gündəlik istehlak xərclərini qarşılamaq, yığım etmək və əlavə xidmətlərdən istifadə etmək imkanları məhdudlaşa bilər. İnflyasiyanın da davam etdiyi şəraitdə xalis əməkhaqqının azalması əhalinin real alıcılıq qabiliyyətinə əlavə təzyiq yaradır.
İqtisadçı qeyd edib ki, vergi yükünün artması yalnız işçilərin problemi kimi qiymətləndirilməməlidir. İlk baxışdan əlavə maliyyə yükü birbaşa əməkhaqqından vergi tutulması hesabına işçilərin üzərinə düşür. Lakin orta və uzunmüddətli perspektivdə bu dəyişiklik işəgötürənlərin əməkhaqqı siyasətinə də təsir edə bilər.
Belə ki, işçi əvvəlki xalis gəlirini qorumaq istəyəcək, işəgötürən isə əməkhaqqını artırmaq üçün əlavə xərc çəkmək istəməyə bilər. Bu halda müəssisələr maaş artımlarını məhdudlaşdıra, yeni işçilərin qəbulunu təxirə sala və ya əməkhaqqı fonduna qənaət etməyə çalışa bilərlər.
Akif Nəsirlinin sözlərinə görə, digər tərəfdən, sahibkarlar ixtisaslı işçiləri itirməmək üçün onların xalis gəlirlərini qorumağa çalışsalar, vergi dəyişikliklərinin yaratdığı fərqi kompensasiya etmək məcburiyyətində qala bilərlər. Bu isə biznesin əmək xərclərini artıracaq. Xüsusilə mənfəət marjası aşağı olan kiçik və orta sahibkarlıq subyektləri üçün belə əlavə yük daha həssas məsələdir. Bəzi müəssisələr bu xərcləri məhsul və xidmətlərin qiymətinə daxil etməyə də cəhd göstərə bilərlər.
O bildirib ki, məsələnin digər tərəfi vergi güzəştlərinin tətbiq edilməsində dövlətin məqsədidir. Belə güzəştlər qeyri-neft sektorunda məşğulluğu stimullaşdırmaq, əməkhaqlarının rəsmiləşdirilməsini təşviq etmək və sahibkarlığın inkişafına dəstək vermək baxımından əhəmiyyət daşıyır. Güzəştlərin aradan qaldırılması dövlət büdcəsinin vergi daxilolmalarını artıra bilər. Lakin bunun qarşılığında əməkhaqlarının rəsmiləşdirilməsinə marağın azalması və qeyri-rəsmi ödənişlərin artması kimi risklər də yarana bilər.
İqtisadçı vurğulayıb ki, bu dəyişikliklərə yalnız büdcə gəlirlərinin artırılması prizmasından yanaşmaq düzgün olmazdı. Vergi daxilolmalarının artması ilə əhalinin alıcılıq qabiliyyətinin, sahibkarların investisiya imkanlarının və əmək bazarında rəsmiləşmənin qorunması arasında balans tapılmalıdır. Əks halda, dövlət büdcəsinin əlavə gəlir əldə etməsi fonunda həm işçilərin istehlak imkanları, həm də biznesin inkişaf potensialı müəyyən dərəcədə zəifləyə bilər.
Gülnaz Abdullazadə
