Övladınız bu kitablarla dərs oxuyur: Dərsliklərdəki səhvlər niyə aradan qalxmır?

Ümumtəhsil müəssisələri üçün hazırlanan dərsliklərdəki səhvlər daim aktual məsələlərdən biridir. İctimaiyyət tərəfindən aşkarlanan məzmun və elmi səhvlər dərsliklərin hazırlanması və yoxlanılması prosesinin nə dərəcədə effektiv olması ilə bağlı suallar yaradır. Bəs dərsliklər ictimaiyyətə təqdim olunana qədər hansı yoxlama mərhələlərindən keçir?

Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, dərsliklərin hazırlanması zamanı texniki, elmi və məzmun səhvləri ola bilər. Bu səhvlərin aradan qaldırılması üçün bir neçə mütəxəssis tərəfindən yoxlamalar həyata keçirilir.

Onun sözlərinə görə, dərsliklər Elm və Təhsil Nazirliyi tərəfindən müntəzəm olaraq ictimai müzakirələrə çıxarılır. İctimai müzakirələr zamanı əldə olunan rəylər dərsliklərin hazırlanmasına ciddi töhfə verir. Dərsliklər ictimaiyyətə təqdim olunana qədər müvafiq redaktə və yoxlama prosesindən keçir. Lakin buna baxmayaraq, bəzi xətalar və elmi səhvlər nəzərdən qaça bilir.

Ekspert qeyd edib ki, bu səhvlərin aradan qaldırılması üçün ictimai müzakirələr mütləq vacibdir. Yalnız müəllif heyəti tərəfindən yoxlama aparıldığı zaman ictimaiyyətin maraqları nəzərə alınmadığı halda dərsliklərdə daha çox səhvlərin olduğu müşahidə edilir. Bu baxımdan ictimaiyyətin müəyyən etdiyi səhvlər və müzakirələr prosesdə mühüm əhəmiyyət daşıyır.

Elçin Əfəndi hesab edir ki, dərsliklərin pilot layihə kimi təqdim edilməsi, müəyyən xətaların aşkarlanaraq aradan qaldırılması və yalnız bundan sonra kütləvi nəşrə başlanılması vacibdir.

O bildirib ki, hazırda Elm və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə işlər görülür, ictimaiyyətin rəyləri qəbul edilir və müzakirələr aparılır. Son günlər bir neçə fənn üzrə ictimai müzakirələrə başlanılıb. Bu müzakirələrdə həmin fənlər üzrə çalışan müəllimlər, repetitorlar və digər ictimaiyyət nümayəndələri iştirak edirlər.

Müzakirələr zamanı dərsliklərdəki informasiyaların əlçatanlığı, məzmunun şagirdlər tərəfindən daha asan qavranılması və digər məsələlər gündəmə gətirilir. Bütün bu rəylər nəzərə alınaraq dərsliklər nəşrə göndərilməzdən əvvəl müvafiq redaktə və düzəlişlər edilir.

Gülnaz Abdullazadə


Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki