Bakının mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə ödənişli yollardan istifadə məsələsi gündəmə gəlib. Bir sıra ölkələrdə tətbiq olunan bu mexanizmin Azərbaycanda da reallaşdırılması şəhər nəqliyyatında yeni dəyişikliklərə səbəb ola bilər. Lakin ödənişli yolların tətbiqi nə dərəcədə effektiv olacaq? Bu mexanizm tıxacları həqiqətən azaldacaqmı və sürücülərin hüquqları necə qorunacaq?
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, Bakıda ödənişli yolların tətbiqi ciddi elmi araşdırmalara əsaslanmalıdır. Onun sözlərinə görə, alternativ marşrutlar yaradılmadan hər hansı ərazidə ödənişli hərəkətin tətbiqi vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxara bilər.
Ekspert məsələnin bir neçə istiqamətdən qiymətləndirilməli olduğunu vurğulayıb.
“Ödənişli yolların alternativi mütləq olmalıdır”
Fərhad Eyyubov bildirib ki, ödənişli yolların tətbiqi nəqliyyat infrastrukturunun inkişafının göstəricilərindən biri hesab oluna bilər. Lakin bunun əsas şərti alternativ yolların mövcudluğudur:
“Böyük magistral yollarda, məsələn, Quba istiqamətində, gələcəkdə isə Lənkəran istiqamətində ödənişli yolların olması nəzərdə tutulur. Belə yolların mövcudluğu nəqliyyat sahəsində inkişafı göstərir. Amma ödənişli yollarla paralel olaraq alternativ, ödənişsiz yollar da olmalıdır. Kim ödənişli yoldan istifadə etmək istəyirsə, həmin marşrutu seçməli, istəməyənlər isə alternativ yoldan hərəkət etməlidir”.
Ekspertin sözlərinə görə, şəhər mərkəzində də bu mexanizmin tətbiqi nəzərdə tutulursa, ilk növbədə onun hansı əraziləri əhatə edəcəyi və sürücülər üçün hansı alternativlərin yaradılacağı müəyyənləşdirilməlidir.
“Tıxaclarla mübarizənin bir neçə üsulu var”
Nəqliyyat eksperti qeyd edib ki, Bakı şəhərində tıxacların azaldılması üçün müxtəlif üsullardan istifadə olunur. Bunlara memarlıq-layihələndirmə, operativ təşkilati və inzibati məhdudlaşdırma metodları daxildir:
“Birinci üsul memarlıq-layihələndirmə metodudur. Buraya yolların genişləndirilməsi, müxtəlif səviyyəli yol qovşaqlarının və yeni yol infrastrukturunun yaradılması daxildir. Lakin Bakı şəhərində, xüsusilə mərkəzi hissədə bu işlərin həyata keçirilməsi kifayət qədər çətindir.
İkinci üsul operativ təşkilati metoddur. Buraya svetoforların iş rejiminin dəyişdirilməsi, hərəkət istiqamətlərinin tənzimlənməsi, birtərəfli və reversiv hərəkətin təşkili daxildir. Bu istiqamətdə də müəyyən işlər görülüb.
Üçüncü üsul isə inzibati məhdudlaşdırmadır. Məsələn, gündüz saatlarında yük avtomobillərinin Bakı şəhərinə girişinə qoyulan qadağa bu metodun nümunəsidir”.
“Ödənişli yollar lazımsız nəqliyyat axınını azalda bilər”
Fərhad Eyyubov hesab edir ki, şəhərin müəyyən hissələrində ödənişli giriş mexanizminin tətbiqi həmin ərazilərə daxil olan nəqliyyat vasitələrinin sayını azaltmağa xidmət edə bilər:
“Şəhərin mərkəzində, xüsusilə tıxacların yarandığı və nəqliyyat sıxlığının yüksək olduğu ərazilərdə ödənişli giriş mexanizmi nəzərdə tutula bilər. Məqsəd həmin ərazilərə zərurət olmadan daxil olan nəqliyyat vasitələrinin sayını azaltmaqdır. İnsan üçün həmin əraziyə getmək vacibdirsə, ödənişli olsa belə, ora daxil olacaq. Amma orada yaşayanlar və işləyənlər üçün bu məsələ ayrıca qaydada həll edilməlidir”.
Ekspert əlavə edib ki, ödənişli zonaların seçilməsi zamanı ərazinin nəqliyyat infrastrukturu və mövcud marşrutlar diqqətlə araşdırılmalıdır.
“Alternativ yol yoxdursa, ödəniş tətbiq etmək hüquq pozuntusudur”
Ekspertin fikrincə, ödənişli yolların tətbiqində ən vacib məsələlərdən biri sürücülərin alternativ marşrutlarla təmin edilməsidir:
“Elə ərazilər var ki, A nöqtəsindən B nöqtəsinə getmək üçün yalnız bir yoldan istifadə etmək mümkündür. Əgər həmin yol ödənişli edilirsə və alternativ marşrut yoxdursa, bu, insanların hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Ona görə də ödənişli yolun tətbiq olunduğu ərazilərdə mütləq alternativ hərəkət imkanları yaradılmalıdır. İnsan ödəniş etmək istəmirsə, başqa yolla həmin ünvana çata bilməlidir”.
“Ödəniş radar sisteminə bənzər mexanizmlə həyata keçirilə bilər”
Fərhad Eyyubov bildirib ki, ödənişlərin toplanması üçün müasir rəqəmsal texnologiyalardan istifadə etmək mümkündür. Onun sözlərinə görə, bu proses radar sisteminə bənzər xüsusi cihazlar vasitəsilə təşkil edilə bilər:
“Radar sistemində olduğu kimi, nəqliyyat vasitəsi müəyyən ərazidən keçərkən xüsusi cihazlar tərəfindən qeydə alınır. Ödənişli yollarda da buna bənzər rəqəmsal sistem tətbiq edilə bilər. Həmin ərazidən keçən avtomobillər müəyyənləşdirilər və sürücülərə sonradan ödəniş barədə məlumat göndərilər. Amma bunun üçün sürücü əvvəlcədən həmin yolun ödənişli olduğunu bilməlidir. Girişdə müvafiq nişanlar və məlumatlandırma sistemi olmalıdır”.
“Bu məsələni birbaşa tətbiq etmək böyük problemlər yarada bilər”
Ekspert Bakıda ödənişli yolların tətbiqinin kifayət qədər mürəkkəb proses olduğunu düşünür. O hesab edir ki, mexanizmin digər ölkələrdə uğurlu nəticə verməsi onun Azərbaycanda da eyni effekti yaradacağı anlamına gəlmir:
“Bakı şəhərində belə yolların tətbiqini mən nisbətən çətin məsələ hesab edirəm. Çünki indiyə qədər bu təcrübə şəhərin nəqliyyat sistemində geniş şəkildə olmayıb. Bu mexanizmin necə təşkil ediləcəyi, hansı ərazilərdə tətbiq olunacağı və nəticəsinin necə olacağı əvvəlcədən araşdırılmalıdır. Sadəcə ödənişli yollar yaratmaqla başqa ölkələrdəki kimi nəticə əldə olunacağına zəmanət yoxdur”.
“Əvvəlcə eksperiment aparılmalı, sonra qərar verilməlidir”
Fərhad Eyyubov hesab edir ki, Bakıda ödənişli yolların tətbiqindən əvvəl müstəqil və elmi araşdırmalar aparılmalı, nəqliyyat axınları ölçülməli və mexanizmin effektivliyi sınaqdan keçirilməlidir.
“Bu məsələni yalnız Milli Məclisin qərarı ilə və ya necə gəldi tətbiq etməklə həll etmək mümkün deyil. Mən həmişə demişəm ki, Bakı şəhərində nəqliyyat problemlərinin araşdırılması üçün xüsusi mərkəz yaradılmalıdır. Orada bütün məsələlər elmi cəhətdən öyrənilməli, nəqliyyat intensivliyi ölçülməli, rəqəmsal məlumatlar təhlil olunmalı və bundan sonra konkret təkliflər hazırlanmalıdır.
İlk növbədə bir-iki küçədə və ya yolda eksperiment aparmaq lazımdır. Sonra monitorinqlər keçirilməli, nəticələr qiymətləndirilməlidir. Əgər bu mexanizmin tıxacların azalmasına müsbət təsiri təsdiqlənərsə, digər ərazilərdə də tətbiqi nəzərdən keçirilə bilər”.
Ekspertin fikrincə, Bakı şəhərində ödənişli yolların tətbiqi tıxaclarla mübarizədə müəyyən rol oynaya bilər. Lakin alternativ marşrutlar, elmi əsaslandırma və sınaq mərhələsi olmadan bu mexanizmin tətbiqi gözlənilən nəticəni verməyə, əksinə, əlavə nəqliyyat problemləri yaratmağa səbəb ola bilər. Buna görə də əsas məqsəd sadəcə ödənişli yollar yaratmaq deyil, şəhərin nəqliyyat sistemində real və davamlı rahatlıq təmin etmək olmalıdır.
Sima Babayeva
