Ermənistandan süni intellekt ala bilərik – Özümüzə NƏ gəlib...

Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alaraq qarşılığında bu ölkələrə süni intellekt texnologiyaları sata bilər. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını tənqid edənlər məsələyə strateji baxımdan yanaşmalıdırlar. Baş nazirin sözlərinə görə, Ermənistanın əsas məqsədi enerji təchizatı mənbələrini şaxələndirmək və mümkün qədər çox ölkə ilə qarşılıqlı iqtisadi əlaqələr qurmaqdır.

Xatırladaq ki, Ermənistan 2026-cı ildə AI infrastrukturu üçün 25 milyon dollar dəyərində yüksək hesablama resurslarının alınmasına dair proqram elan edib. Bu resurslar universitetlərə, tədqiqatçılara və startaplara AI modelləri hazırlamaq üçün ayrılır.

Bəs Azərbaycanda süni intellekt yoxdur? Əslində, bizdə də var, sadəcə, Ermənistanın hazırda etdiyi kimi böyük AI hesablama infrastrukturu qurmaq və ona investisiya yatırmaq məsələsi fərqlidir. Azərbaycana Ermənistanın AI-sını almaq yox, onlardan daha güclü öz AI infrastrukturunu qurmaq daha məqsədəuyğundur.

Assosiasiya sədri: Yeni güzəştlər İKT sektorunda canlanma yaradacaq

Referans Media-ın məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Musavat.com-a bildirib ki, süni intellekt texnologiyaları sadəcə adi bir kommersiya məhsulu deyil, birbaşa milli təhlükəsizlik, məlumat suverenliyi və strateji infrastruktur məsələsidir:

“Dövlət idarəçiliyi, maliyyə, rabitə və enerji kimi kritik sahələrdə kənar bir ölkənin yaratdığı süni intellekt alqoritmlərindən və ya hesablama infrastrukturundan istifadə etmək ciddi kibertəhlükəsizlik boşluqları və məlumat sızması riskləri yaradır. Üstəlik, qlobal bazarda dünyanın aparıcı texnologiya nəhənglərinin ən müasir süni intellekt modellərinə və bulud resurslarına birbaşa çıxış imkanı mövcud olduğu halda, məhdud imkanlara malik regional oyunçudan texnologiya almaq nə iqtisadi, nə də texniki baxımdan məqsədəuyğundur. Ermənistanın 25 milyon dollar dəyərində hesablama resursları əldə etməsi yerli startap və akademik mühit üçün müəyyən təkan yarada bilsə də, qlobal süni intellekt yarışında bu rəqəm böyük texnoloji üstünlük qazanmaq üçün kifayət qədər kiçik məbləğdir. Azərbaycanda da süni intellekt istiqamətində ardıcıl işlər aparılır, 2025–2028-ci illəri əhatə edən milli Süni İntellekt Strategiyası çərçivəsində həm elektron hökumət xidmətlərində, həm də özəl sektorda müxtəlif həllər tətbiq olunur. Lakin fərq ondadır ki, hazır modellərdən istifadə etməklə yanaşı, həmin modelləri öyrədən və emal edən yüksək performanslı hesablama mərkəzlərinin ölkə daxilində qurulması texnoloji müstəqillik üçün həlledici amildir”.

E.Abbasovun fikrincə, müasir süni intellekt data mərkəzlərinin fəaliyyəti üçün ən vacib və ən böyük xərc tələb edən resurs məhz fasiləsiz və ucuz elektrik enerjisidir:
“Bu baxımdan elektrik enerjisi ixracatçısı olan Azərbaycanın öz enerji potensialını başqa ölkənin hesablama mərkəzlərini bəsləməyə yönəltməkdənsə, həmin enerji və maliyyə resursları hesabına ölkə daxilində daha güclü milli süni intellekt infrastrukturu qurması strateji cəhətdən qat-qat səmərəlidir. Azərbaycanın qlobal texnologiya şirkətləri ilə birbaşa əməkdaşlıq edərək öz data mərkəzlərini genişləndirməsi və yerli insan kapitalını inkişaf etdirməsi onu regionda texnologiya alan deyil, texnologiya və rəqəmsal xidmətlər ixrac edən aparıcı mərkəzə çevirə bilər”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki