Son günlər bazarlarda mövsümi meyvələrin qiymətlərində müşahidə olunan kəskin artım istehlakçılar arasında narazılığı artırıb. Qiymətlərin qısa müddətdə bu qədər yüksəlməsi müxtəlif müzakirələrə səbəb olub və artımın səbəbləri ilə bağlı fərqli fikirlər səsləndirilir.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, bazarlarda mövsümi meyvələrin qiymətlərində müşahidə olunan artım bir neçə əsas amilin eyni vaxtda təsiri ilə formalaşıb. Onun sözlərinə görə, qiymətlərin kəskin yüksəlməsi cəmiyyətdə haqlı narazılıq doğurur və mövcud vəziyyətin yalnız hava şəraiti ilə izah edilməsi reallığı tam əks etdirmir.
İqtisadçı qeyd edib ki, kənd təsərrüfatı deyildikdə ilk növbədə hava şəraiti yada düşür. Bu il müşahidə olunan qeyri-sabit hava – yaz aylarında baş verən gecikmiş şaxtalar, intensiv yağıntılar və bəzi bölgələrdə quraqlıq halları meyvəçilik təsərrüfatlarında məhsuldarlığın azalmasına səbəb olub. Nəticədə bazara çıxarılan məhsulun həcmi azalıb və bu da qiymətlərin yüksəlməsinə təkan verib.
Bununla belə, Asif İbrahimov vurğulayıb ki, qiymət artımı məhsul itkisi ilə müqayisədə daha sürətli və daha yüksəkdir. Bu isə bazarda digər amillərin, o cümlədən süni qiymət artımı ehtimallarının mövcudluğunu istisna etmir.
Onun fikrincə, məhsulun yekun qiymətinin formalaşmasında istehsal xərclərinin – yanacaq, gübrə və logistika xərclərinin artması da rol oynayır. Lakin bu amil bir çox hallarda pərakəndə satış qiymətlərindəki artımı tam əsaslandırmır. Xüsusilə vasitəçilərin çoxluğu və tədarük zəncirində şəffaflığın aşağı olması qiymətlərin qeyri-mütənasib şəkildə yüksəlməsinə gətirib çıxarır.
İqtisadçı əlavə edib ki, bazarda rəqabət mühitinin yetərincə effektiv olmaması və nəzarət mexanizmlərinin zəifliyi də qiymətlərin süni şəkildə şişirdilməsi riskini artırır. Mövsümün əvvəlində məhsulun məhdudluğu bəhanə edilərək qiymətlərin yüksək saxlanılması halları da istisna olunmur.
Asif İbrahimovun sözlərinə görə, bu vəziyyət fonunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bazarın tənzimlənməsi, fermerlərin dəstəklənməsi və qiymət sabitliyinin təmin olunması istiqamətində yetərli və operativ tədbirlərin görülməməsi ilə bağlı suallar yaranır. O, erkən xəbərdarlıq mexanizmlərinin zəifliyini, məhsul itkilərinin qarşısının alınması üçün preventiv tədbirlərin məhdudluğunu və bazar nəzarətində passivliyi əsas problemlər kimi qiymətləndirib.
İqtisadçı həmçinin aqrar sığorta mexanizmlərinin işləkliyi məsələsinin də açıq qaldığını vurğulayıb.
Gözləntilərə gəlincə, o bildirib ki, yaxın aylarda yerli məhsulun bazara daha çox daxil olması qiymətlərin müəyyən qədər sabitləşməsinə səbəb ola bilər. Lakin bazar mexanizmlərində şəffaflıq və rəqabət artırılmadığı, eləcə də institusional müdaxilə gücləndirilmədiyi təqdirdə, ucuzlaşmanın gözlənilən səviyyədə olmaması ehtimalı yüksəkdir.
İqtisadçı sonda qeyd edib ki, mövsümi meyvələrin bahalaşması yalnız təbii amillərlə deyil, eyni zamanda bazar strukturundakı problemlər, nəzarət boşluqları və institusional passivliklə də bağlıdır. Onun fikrincə, mövcud vəziyyət daha sistemli yanaşma, effektiv dövlət siyasəti və şəffaf bazar mexanizmlərinin formalaşdırılmasını zəruri edir.
Gülnaz Abdullazadə























