Bəhreyn hakimiyyəti İranın fəaliyyətini dəstəklədiyinə və xarici təşkilatlarla əməkdaşlıq etdiyinə görə 69 nəfəri, o cümlədən onların ailə üzvlərini vətəndaşlıqdan məhrum edib.
Bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, qərar Bəhreynin vətəndaşlıq haqqında qanununun 10/3-cü maddəsinə əsasən qəbul olunub. Həmin maddə “krallığın maraqlarına zərər vuran və ya ona sədaqət borcuna zidd hərəkətlər edən şəxslərin vətəndaşlıqdan məhrum edilməsi”ni nəzərdə tutur.
“İranın düşmən xarakterli fəaliyyətlərinə dəstək verən və ya xarici qurumların xeyrinə casusluq fəaliyyəti ilə məşğul olan şəxslərin Bəhreyn vətəndaşlığından çıxarılması barədə qərar qəbul edilib”, – deyə bəyanatda vurğulanır.
DİN həmçinin qeyd edib ki, vətəndaşlıqdan məhrum edilən şəxslər mənşəcə Bəhreyn vətəndaşları olmayıblar. Qeyd olunur ki, səlahiyyətli qurumlar vətəndaşlıq verilməsi ilə bağlı qərarların yenidən nəzərdən keçirilməsi istiqamətində işi davam etdirəcək.
Xatırladaq ki, ABŞ və İsrailin Tehrana qarşı hərbi əməliyyatları başlayandan sonra İran ərazisindən Bəhreynə yüzlərlə raket və PUA buraxılıb. Onların əksəriyyəti zərərsizləşdirilsə də, bəzi hücumlar nəticəsində krallığın infrastrukturuna ziyan dəyib.//globalinfo.az























