Sürix Universitetində aparılan yeni araşdırma göstərib ki, beynin müəyyən nahiyələrinə verilən zəif elektrik stimulyasiyası insanların daha az eqoist davranmasına təsir göstərə bilər.
Referans Media xəbər verir ki, tədqiqatda 44 könüllüdən özləri ilə anonim bir şəxs arasında pul bölgüsü etmələri istənilib. Təcrübə zamanı beynin frontal (ön) və parietal (arxa) nahiyələrinə eyni anda elektrik axını tətbiq olunub. Nəticədə iştirakçıların daha çox pul paylaşdığı müşahidə edilib. Tədqiqat rəhbərlərindən professor Kristian Ruff bildirib ki, təsir böyük olmasa da statistik baxımdan sabit və əhəmiyyətlidir.
Alimlər hesab edirlər ki, bu üsul insan davranışının mexanizmlərini daha yaxşı anlamağa və sosial davranış pozuntularının müalicəsinə kömək edə bilər. Təsirin qısamüddətli olduğu vurğulansa da, müntəzəm tətbiqin daha davamlı nəticə verə biləcəyi qeyd olunur.
Araşdırma həmçinin göstərib ki, empati və qərarvermə ilə bağlı beyin bölgələri arasındakı əlaqəni stimullaşdırmaqla insanların öz maraqları ilə başqalarının maraqları arasında daha balanslı seçim etməsinə təsir etmək mümkündür.
