FİFA-nın keçmiş prezidenti Yozef Blatter futbol azarkeşlərini 2026-cı il Dünya Kuboku üçün ABŞ-yə səyahət etməkdən çəkinməyə çağırıb.
Referans Media xəbər verir ki, o, bu barədə “RMC Sport” televiziya kanalına verdiyi müsahibədə danışıb.
“Azarkeşlərə yalnız bir məsləhətim var: ABŞ-dən uzaq durun. Turniri televiziyada izləmək daha yaxşıdır”, – deyə Blatter bildirib. Onun sözlərinə görə, ABŞ-yə gələn azarkeşlər hakimiyyət orqanları ilə davranışlarında ən kiçik səhvə yol versələr belə, dərhal ölkədən deportasiya edilə bilərlər. “Əgər şanslı olsalar”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2026-cı il futbol üzrə Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Daha əvvəl “The Economist” nəşri bəzi Avropa ölkələrinin Qrenlandiya ilə bağlı yaranmış mübahisələr fonunda turniri boykot etmə ehtimalını müzakirə etdiyini yazmışdı.
