Boz kardinalın sonu – Ramiz Mehdiyev ifşa olundubackend

Boz kardinalın sonu – Ramiz Mehdiyev ifşa olundu

  Nəhayət qoca xain ifşa olundu. “Boz kardinal” ləqəbli Ramiz Mehdiyev bir sutkanın içində boz siçana döndü. Onun illərdi bəslədiyi əlaltılarının isə səsləri çıxmır. Elə bil qurbağa gölünə daş atıblar. Yəqin ilan kimi qabıq dəyişib yeni sahib axtarışına çıxacaqlar. Buna adət ediblər. Amma bu dəfə yəqin alınmaz. Bu dəfə Qoca Mazelli Ramizin bütün kartları açılacaq. İllərdi Azərbaycanda ideoloji sahəni, medianı əlində saxlayan, kadr siyasətini aparan Ramiz Ənvəroviçin sonu başqalarının da sonunu gətirəcək. Hələki Ramiz Mehdiyev susur. Ailə üzvləri də susurlar. Bakı Dövlət Universitetində işləyən qızı, Fövqəladə Hallar Nazirliyinə düzəltdiyi oğlu zənglərə cavab vermək istəmirlər. Vəzifələrə düzdüklərinin də nitqləri elə bil quruyub. Maliyyələşdirdiyi saytlar, qəzetlərin aqibəti görəsən necə olacaq? Bu qoca məxluqun casus şəbəkəsi xərçəng kimi bütün ölkəni götürmüşdü. Prezident Aparatının rəhbəri işlədiyi vaxtdan Milli Məclis deputatlarının bir çoxunu, nazirləri, icra başçılarını əlində saxlayırdı. İndi də həmin sabiqlərdən bir neçəsinin- Əbülfəs Qarayevin, Ziya Məmmədovun, Eldar Mahmudovun Ramiz müəllimlə “çay içmək” üçün tez-tez Novxanıya getdikləri üzə çıxıb. Nəyin planını cızır bunlar? Nəyə ümid edirlər? Dəfələrlə təxribatlar oldu, amma hamısı puç oldu. Bu dövlətin təməli möhkəm qoyulub. Ramiz ki bunu yaxşı bilir. Yoxsa rəhbəri olduğu 5-ci kolonu daha qüdrətli hesab edir? Bu şərəfsiz illərdi hakimiyyəti içindən yeyib. Korrupsiyaya, xəyanətə görə müxtəlif illərdə həbs olunan icra başçılarını, nazirlik əməkdaşlarını yada salın. Hamısı bunun yetirmələri idi. Belə çıxır ki, hər şey planlı gedirmiş. 5-ci kolon daxildə və xaricdə gərginlik yaratmaqla xalqı iqtidara qarşı qaldırmaq istəyirmiş. Məhz Ramiz Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra biz erməni işğalçıları torpaqlarımızdan qovduq. Çünki içimizdəki düşməndə artıq səlahiyyət yox idi.

Ahıllığına hörmət qoyub bunu vəzifədən hörmətlə Milli Elmlər Akademiyasına yola saldılar. Orada da öz xislətini biruzə verdi. Yenə əməllərini davam etdirdi. Nədənsə elə həmin vaxtlardan xaricdəki azərbaycanlı blogerlərin dövlətimizə qarşı fəaliyyəti daha da artdı, təhqirlər baş alıb getdi. Ancaq Ramiz Mehdiyev, Əli Həsənov vəzifədə olanda da, vəzifədən gedəndən sonra da nə həmin blogerlər, nə də Əli Kərimlinin müxalif qanadının ağzından bir dəfə də olsun onların adı çəkilməyib. Görəsən niyə?

İndi mənə maraqlı gələn odur ki, Ramiz Mehdiyevin, Əli Həsənovun bəslədikləri “media kapitanları” nə deyəcəklər? Görəsən istintaq bəzi media orqanlarının, jurnalistlərin Ramiz Mehdiyevin şəbəkəsi ilə əlaqəsini araşdıracaqmı? 30 ilə yaxın onlar Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün göstərişlərini yerinə yetirib özlərinə güzəran qurublar. Ev-eşik, mülklər,maşınlar alıb, redaksiyaları üçün şərait qurublar. İndi də həmin qələm əhli media sahəsindədi. Kim zəmanət verə bilər ki, onlar Ramiz Ənvəroviçin tapşırıqlarını yerinə yetirmirlər? İndi izləri silməyə çalışırlar. Amma necə deyərlər, cidanı çuvalda gizlədə bilməzlər.  

SİMA BABAYEVA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki