Braziliyada qeyri-adi dələduzluq hadisəsi ictimaiyyətin diqqətini cəlb edib. Özünü ailədaxili zorakılıq və istismar qurbanı olan 12 yaşlı qız kimi təqdim edən 37 yaşlı qadının xeyirxah bir ailəni 14 ay ərzində aldatdığı üzə çıxıb.
Referans Media xəbər verir ki, Hadisə ölkənin Joinville şəhərində qeydə alınıb. Məlumata görə, qadın “Gabriele” adı ilə kilsəyə müraciət edərək ailəsindən qaçdığını və təhlükə altında olduğunu bildirib. Onun hekayəsinə inanan kilsə üzvləri əvvəlcə maddi yardım göstərib, daha sonra isə qalması üçün ona bir ailə tapıblar.
Qadın zamanla ailənin etimadını qazanaraq onların yanında yaşamağa başlayıb. O, 12 yaşında olduğunu iddia etsə də, yetkin görünüşünü müxtəlif bəhanələrlə izah etməyə çalışıb.
Bildirilir ki, o, autizmli olduğunu, uşaqlıq dövründə məcburi hormonal müalicələr aldığı üçün fiziki inkişafının yaşıdlarından fərqli olduğunu söyləyib. Hətta uşaq obrazını qorumaq üçün evdə əmzik və biberondan istifadə edib, səsini incəldərək danışıb.
Hadisə ailə üzvlərindən birinin qadının davranışlarından şübhələnərək polisə məlumat verməsindən sonra üzə çıxıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı qadın saxlanılıb və sorğu zamanı əsl yaşını etiraf edib.
Araşdırma zamanı məlum olub ki, qadın daha əvvəl Braziliyanın müxtəlif bölgələrində oxşar üsullardan istifadə edərək insanları və müxtəlif qurumları aldadıb. Onun ən azı beş ştatda eyni ssenari ilə fəaliyyət göstərdiyi bildirilir.
Faktla bağlı istintaq davam edir.
