Zəncəfil təkcə xalq təbabətində istifadə olunan vasitə deyil, onun baş ağrılarına təsiri elmi araşdırmalarla da müəyyən dərəcədə təsdiqlənib.
Referans Media xəbər verir ki, bu bitki bəzi ağrıkəsicilərlə eyni bioloji mexanizmlərə təsir göstərə bilir.
Baş ağrısı və ya miqren zamanı orqanizmdə iltihab yaradan kimyəvi maddələr ifraz olunur və bu da ağrı hissini artırır. Zəncəfilin tərkibində olan gingerol kimi bioaktiv maddələr isə bu iltihabı azaltmağa kömək edir və ağrı siqnallarının qarşısını qismən ala bilir.
Bundan əlavə, zəncəfil həzm sisteminə də müsbət təsir göstərir. Belə ki, miqren halları çox vaxt ürəkbulanma və həzm prosesinin zəifləməsi ilə müşayiət olunur. Zəncəfil mədəni sakitləşdirir və həzm hərəkətlərini yaxşılaşdırır. Bu səbəbdən xüsusilə miqren zamanı daha faydalı hesab olunur.
Aparılan bəzi tədqiqatlar göstərir ki, miqrenin ilkin mərhələsində qəbul edilən zəncəfil tozu ağrının intensivliyini azalda bilər. Hətta yüngül və orta dərəcəli hallarda təsiri bəzi dərmanlarla müqayisə edilə bilər. Lakin mütəxəssislər vurğulayır ki, zəncəfil ağır miqren hallarında tibbi müalicəni əvəz etmir. O, daha çox erkən mərhələdə və müntəzəm istifadə edildikdə effekt verir.
Nəticə olaraq qeyd olunur ki, bəzi sadə və təbii maddələr düzgün istifadə olunduqda dərmanların təsir etdiyi bioloji sistemlərə oxşar şəkildə təsir göstərə bilər./Sfera.az























